Naxçıvan özünün yetirdiyi görkəmli şəxsiyyətləri ilə hər zaman tanınmış, şöhrət qazanmışdır. Bu şöhrətin qazanılmasında təkcə burada məşhur şəxsiyyətlərin, elinə, yurduna-yuvasına bağlı insanların doğulması deyil, həm də dünyanın bir çox yerinə yayılmış naxçıvanlıların öz ağlı-kamalı, əməyi sayəsində şöhrətlənməsi, beləliklə də öz doğma torpaqlarını da şöhrətləndirməsi olmuşdur.
Sevindirici haldır ki, qoca Şərqin qapısında doğulan yaradıcı insanlar hansı sahədə çalışmasından asılı olmayaraq bir-birinə dayaq durmuş, qahmar çıxmış, bir-birini təbliğ və tərənnüm etmişlər. Bu mənada Naxçıvanın yetirdiyi ziyalılardan biri də bu il anadan olmasının 110 illiyi tamam olacaq şair-dramaturq Müzəffər Nəsirlidir. Onun yaradıcılığına nəzər salanda bir çox maraqlı məqamlarla rastlaşırsan.
Şairin şeir və poemalarında Naxçıvanın müharibə və əmək qəhrəmanlarının bədii obrazı daha çox gözə çarpır. M.Nəsirlinin ədəbi fəaliyyətini bütöv halda nəzərdən keçirəndə bir məqam xüsusilə diqqətimizi çəkdi. Belə ki, şair ayrı-ayrı naxçıvanlıları öz əsərlərində qələmə alaraq tərənnüm etmiş, onların vəsfini dilə gətirmişdir. Belə ki, ta qədim dövrlərdən başlayaraq Möminə Xatın, Əcəmi Əbubəkr oğlu, Cəlil, Cavid, Heyran xanım, Qönçəbəyim, bunlardan əlavə müxtəlif sahələrdə qəhrəmanlıqları ilə adlarından söz etdirən partizan Əfruz, Zivər xanım, Cəvahir və Sona Abdullayeva bacıları və digərləri Müzəffər Nəsirlinin qələmindən çıxan bədii ifadələrlə poetikləşmişdir.
Şairin yaradıcılığında xüsusilə iki həmyerlimiz haqqında bir-birindən fərqli iki əsər yazılmışdır. Onlardan biri ikinci dünya müharibəsi zamanı sovet ordusunda xidmət keçmiş Ordubadın igid oğlu Əkbər Ağayev, digəri isə Şərurun əməkçi qəhrəman qızı Bahar Talıbovadır. Əkbər Ağayevdən fərqli olaraq Bahar Talıbovanın bədii obrazı ədəbi cəhətdən daha poetik dillə qələmə alınmışdır.
Bahar xanım haqqında yazılan əsərlərdən biri “Arpaçayın sahilində” poeması, digəri isə “Bir qəhrəman yaşayır” adlı şeirdir. Əvvəlcədən qeyd edim ki, hər iki əsər Müzəffər Nəsirlinin müxtəlif kitablarında nəşr olunub. Poema 1974-cü ildə Azərbaycan Dövlət Nəşriyyatında çap olunmuş “İki ürək” kitabında yer alıbsa, “Bir qəhrəman yaşayır” şeiri 1978-ci ildə Yazıçı nəşriyyatında işıq üzü görmüş “Qaynar bulaq” kitabında oxuculara təqdim olunub.
Hər iki əsərin ortaq cəhəti yuxarıda da vurğuladığımız kimi Bahar xanım Talıbovaya həsr olunmasıdır. Əvvəlcə “Bir qəhrəman yaşayır” şeirinə nəzər salmaq istərdik. “Sosialist Əməyi Qəhrəmanı Bahar Talıbovaya” epiqrafı ilə təqdim olunan şeir yeddi hecalıdır və 44 misradan ibarətdir. Şeirdə əvvəlcə qəhrəmanın kimliyi, haralı olduğu, zahiri təsviri öz əksini tapıb:
Bir qəhrəman yaşayır
Qədim Şərur düzündə,
Həyat eşqi gülümsəyir,
Onun nurlu üzündə.
Saçlarına düşsə də
Bəyaz naxışlar onun,
Qəlbində coşub-daşır
Neçə arzular onun.
Bundan sonra isə şair elin qəhrəman qızının vətənə olan sevgisindən bəhs edir, bu sevginin öz yurduna sədaqətlə, yorulmadan xidmət göstərməsinə gətirib çıxardığını göstərir, çalışdığı sahədə öncüllərdən biri olduğu vurğulanır. Maraqlıdır ki, bu zaman M.Nəsirli həm də poetik gedişlər edərək öz qəhrəmanının obrazını oxucuya sevdirə bilir:
Nəfəsində torpağın
Hərarəti, ətri var.
Öz halal zəhmətilə
Ömür sürür bəxtiyar.
Tarla onun əzəldən
Olubdur iş otağı,
Sübhün sərin mehiylə
Sığallanır yanağı.
Şeirin növbəti misralarında tarlalar bar verdikcə fərəhlənən, öyünən, əməlindən ürəyi iftixarla döyünən əməksevər bir elin Şərq qızının sevinci ifadə olunur. Torpağa bağlı, arzuları sonsuz olan Bahar xanım ellər anası kimi təqdim edilərək onun qüdrəti ilə hər tərəfin gözəlləşdiyini də görmək mümkündür:
Təbiət təslim olur
Qüdrətimə hər zaman.
Çiçəklənir düzənlər,
Qəlbimin alovundan.
Şeirdən də göründüyü kimi Müzəffər Nəsirli öz məşhurluğu ilə nəinki Azərbaycanda, bütün sovet diyarında şöhrət qazanmış Naxçıvanın qəhrəman qızının xarakterini bədii şəkildə oxucuya təqdim edə bilmişdir.
Şairin “Arpaçayın sahilində” poemasında isə “SSRİ Ali Sovetinin deputatı, Sosialist Əməyi Qəhrəmanı Bahar Talıbovaya həsr olunur” epiqrafı yer alıb. Bu poemanın poetikasına nəzər saldıqda görürük ki, digər nümunədə olduğu kimi burada da ritmik, axıcı üslub kimi yeddi və səkkiz hecalı misralara üstünlük verilmişdir. 350 misradan çox olan poemanın proloqunda – girişində Arpaçayın dəli-dolu vaxtlarından, gözəlləri sularında axıtmasından bəhs olunur. Bu zaman “Sara və Xançoban” əfsanəsi misraların alt qatında öz əksini tapır. Bundan sonra isə şair Bahar xanımın yeniyetməlik illərinə qayıdır. Davanın qurtarmasından sonra atası Məhərrəm kişinin vəfatı, anası Xədicə xanımın üç uşaqla tək-tənha qalması və ümid kimi qızı Bahara üz tutması, onu əməyə həvəsləndirməsi, beləliklə də Baharın tarlalardakı ilk günləri təsvir olunur:
Bahar alıb kətməni
Məskən etdi tarlanı.
Elə bil ki, qayadan
Uçdu dağlar tərlanı.
O, sildikcə üzündən
İnci tək axan təri,
Düşdü onun yadına
Anasının sözləri:
– Sən zəhməti sev, qızım,
Bizə nemət verir o.
İnsanların qoluna
Hünər, qüvvət verir o.
Poemanın növbəti misralarında Aralıq kəndindəki bir binada kənd zəhmətkeşlərinin müzakirəsi, aqronomun bu il pambıq planını yerinə yetirə bilməmə qorxusunu dilə gətirməsi bu zaman Baharın ayağa qalxaraq öz təklifini bildirməsi, aqronomun bu təklifə istehzalı etinasızlığı və Baharın ötkəmliyi göstərilir:
– Zəhmət çəksək dərilər! –
Deyə Bahar dilləndi.
Elə bil ki, salona
Bir qığılcım ələndi.
Beləliklə gənc manqa başçısının təklifiylə zəmilərə yenidən toxum əkilir, yığım zamanı bol məhsul götürülür. Bu uğurlu fəaliyyətdən sonra Baharın şan-şöhrəti get-gedə hər yana yayılır. Hətta onu Moskvaya nümayəndə seçirlər. Moskvaya səfəri, buradakı görüşləri, təssüratlarını qayıdanda tarladakı qızlara danışan Bahar əməyə daha möhkəm bağlanır:
Bizim Şərur düzünə,
Qədəm basdı son bahar.
Ağ qızıl tarlasında
Coşdu əmək nəğməsi.
Yayıldı gen çöllərə
Yenə Baharın səsi, –
Verdi ana vətənə
İlkin zəfər sorağı,
Möhkəm tutdu əlində
O keçici bayrağı.
Əməyinin nəticəsi olaraq tarlalardan bol məhsul götürən, bunun sayəsində də əmək qəhrəmanı adı alması poemanın sonrakı sətirlərində öz əksini tapıb. Şair poemanın sonunda yenə Bahar Talıbovanın gülər üzlü çöhrəsini, zəhmətkeş vətən qızı portretini bu misralarla dilə gətirir:
Bahar, indi sənin adın,
Neçə-neçə ürəkdədir.
Bu misilsiz şücaətin
Zirvələr tək yüksəkdədir.
Sən sadə bir kəndli qızı
Bu torpağın övladısan,
Onu doğma ana kimi
Sevdiyinçün ucalmısan.
Poemanı oxuduqca Bahar Talıbovanın timsalında Azərbaycan övladlarının, Naxçıvan qızlarının orbrazı ilə qürur duyur, fərəhlənirsən. Bu gün Naxçıvanda bir çox sahələrdə uğur qazanan qadınların səsinin-sorağının yüksək yerlərdən gəlməsinin bir səbəbi də Bahar Talıbova kimi mərd, qorxmaz, zəhmətdən çəkinməyən el analarının açdığı yolla irəliləmələridir.
Poemanın sonunda şairin dediyi bu fikirlərlə də razılaşmalı olursan:
Neçə dastan yazılsa da
Şöhrətinə azdır, Bahar!
Axı sənin qəlbindəki
Arzuların yazdır, Bahar!
Doğrudan da bu cür vətən qızlarının şərəfinə bir çox əsərlər yazılmalı, mahnılar bəstələnməlidir. Bahar Talıbova haqqında hələ dövrünün məşhur siyasi xadimi, şair, yazıçı-dramaturq Şıxəli Qurbanov “Bahar” adlı nəğmə yazmış, həmin nəğmə xalq artisti, bəstəkar Süleyman Ələsgərov tərəfindən bəstələnmiş, dillərdə dollaşmışdır. Bundan əlavə bir çox şair və yazıçılar – xalq yazıçısı Hüseyn İbrahimov, Elman Həbib, Asim Yadigar, Ələddin Eyvazov və başqaları öz hekayə, şeir və poemalarında Bahar Talıbovanın bədii obrazını tərənnüm etmişlər. Lakin bu günlərdə 110 illik yubileyini qeyd etdiyimiz Müzəffər Nəsirlinin bu sahədə ilk olaraq qələmə sarıldığını da vurğulamaq lazımdır. Müzəffər Nəsirlinin şeir və poemasının adlarının açılımı da çox şeydən xəbər verir: “Arpaçayın sahilində” “Bir qəhrəman yaşayır”. Bu gün isə Arpaçayın sahilində bir qəhərəman uyuyur. Şərur torpağında əbədi uyusa da Bahar Talıbova onu tanıyanların qəlbində daim yaşayır.
Hər iki Naxçıvan övladına, həm şair-dramaturq Müzəffər Nəsirliyə, həm də Sosialist Əməyi Qəhrəmanı Bahar Talıbovaya Allahdan rəhmət diləyirik. Gənc nəsil bu cür həmyerlilərimizi unutmamalı, onların həyat və fəaliyyətini, yaradıcılığını, ömür yolunu öyrənməli və örnək götürməlidir.
Elxan YURDOĞLU,
şair-publisist