22 Dekabr 2024, Bazar

Naxçıvan Müəllimlər İnstitutunda keçirilən tədbiri giriş sözü ilə institutun rektoru Azad Novruzov açaraq bildirmişdir ki, müasir təlim texnologiyaları içərisində STEAM dərs modeli geniş yayılmışdır. Bu metod elmi-texniki biliklərin gündəlik həyata necə tətbiq olunmasının “layihə əsaslı” öyrətmə modelidir. Dərs modeli elm, texnologiya, mühəndislik, riyaziyyat və incəsənət kimi elm sahələrinin birgə tətbiqini nəzərdə tutan bir modeldir. STEAM dərs modelinin tətbiqi üçün digər fəal təlim texnologiyalarından fərqli olaraq yaradıcı mühitin təmin edilməsi, maddi və texniki avadanlıqların varlığı mühüm şərtdir. Muxtar respublikada təhsilə göstərilən məqsədyönlü dövlət qayğısı nəticəsində bu tip kabinə və laboratoriyaların sayı muxtar respublikada gündən-günə artır. İnstitutda STEAM kabinəsinin yaradılması müəllim hazırlığını həyata keçirən ali məktəb üçün çox əhəmiyyətlidir. Bu kabinənin imkanlarından bu günün tələbələri olan gələcək müəllimlər, həm də diplomdan sonrakı ixtisasartırma və təkmilləşdirmə kursuna cəlb olunan müəllimlər istifadə edə biləcəklər.

Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikasında dövlət qayğısı nəticəsində 2020-2021-ci tədris ilindən muxtar respublikada STEAM layihəsinin tətbiqinə başlanılıb. Ötən müddət ərzində 15 məktəb və məktəbdənkənar tərbiyə müəssisələrində STEAM kabinələri, Heydər Əliyev adına tam orta məktəbdə isə STEAM Tədris Mərkəzi yaradılıb. Hazırda isə əlavə olaraq 38 məktəbdə STEAM kabinələrinin yaradılmasına başlanılıb.
Vurğulanıb ki, STEAM-ın tətbiqi təkcə kabinələrin yaradılması və tədris materiallarının çap olunması ilə yekunlaşmayıb, bu sahədə kadrların hazırlanması istiqamətində də tədbirlər həyata keçirilib. Bu günə qədər 80 müəllimə Naxçıvan Muxtar Respublikası 150 müəllimə isə Azərbaycan Respublikası Təhsil nazirlikləri tərəfindən STEAM təlimləri keçirilib.
Təhsil naziri qeyd edib ki, bu gün Naxçıvan Müəllimlər İnstitutunda STEAM kabinəsinin yaradılması pedaqoji profilli ixtisaslarda təhsil alan tələbələrin məktəblərdə tətbiq olunan STEAM təlim metoduna əvvəlcədən yiyələnmələrinə mühüm töhfələr verəcəkdir.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən Naxçıvan Müəllimlər İnstitutuna STEAM dərslərinin tədrisi üçün metodik vəsaitlər, dərslik və proqramlar hədiyyə edilib.
Ali riyaziyyat və informatika kafedrasının müəllimi Fidan Əzizova çıxış edərək STEAM dərs modeli, onun mahiyyəti və gələcək perspektivlərindən danışıb.
Sonra STEAM kabinəsinin təqdimatı olub.


Naxçıvan Müəllimlər İnstitutu
mətbuat və ictimaiyyətlə əlaqələr xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR