23 Dekabr 2024, Bazar ertəsi

2020-ci il dünyanın yaddaşında qlobal problemlərlə dolu, Azərbaycan xalqı üçün isə daim fəxr və qürurla xatırlanacaq bir il kimi qaldı. 30 illik bir dövrdə torpaqlarımızın həsrəti ilə yaşayır, qəlbimizdə daim nisgil, qəm daşıyırdıq. Düşmənin vəhşicəsinə çalıb-çapıb, talan etdiyi torpaqlarımıza yalnız şəkillərdən baxır, haqqında yazılardan oxuyur, bir gün həmin yerlərə getmək, görmək və qovuşmaq arzusu ilə yaşayırdıq. Nəhayət ki, o gün gəldi. 44 gün davam edən şanlı Vətən müharibəsində qazandığımız tarixi Qələbə nəticəsində arzumuza çatdıq. Bu Qələbə elə-belə əldə edilmədi. Müharibədə 3000-ə yaxın hərbi qulluqçumuz qəhrəmanlıq və şücaətlə döyüşərək “şəhidlik” adlı ali məqama yüksəlməklə bu böyük Zəfəri bəxş etdi bizlərə...

Vətən müharibəsində düşmənə qarşı şərəf və ləyaqətlə vuruşan qəhrəman, qorxmaz igidlərimizdən biri də Elməddin Meydanovdur. Şəhidin qardaşı İsmayıl Meydanovla həmsöhbət oluruq. Ona qardaşı haqqında danışmaq çətin olsa da, bizə ətraflı məlumat verir. Deyir ki, Elməddin 11 sentyabr 1989-cu ildə Şərur rayonunun Vərməziyar kəndində anadan olmuşdu. 7-ci sinfə qədər Türkiyənin İqdır şəhərində “Qurtuluş” adlı ibtidai məktəbdə oxumuşdu. Burada təhsil aldığı illərdə türk yoldaşlarına deyirmiş ki, gələcəkdə mən komutan (komandir) olacağam. Bu məktəbdən ailəmizə həmişə təşəkkür və təqdir sənədi gəlirdi. Qardaşım çox savadlı idi. Müəllimləri deyirdi ki, başqa bir sahəni seçsin, savadı buna imkan verir, onun isə uşaqlıqdan bir arzusu var idi. Hərbçi olub Vətənin keşiyində dayanmaq. Belə də oldu. İmtahan verərək Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyə qəbul olundu. 2007-ci ildə həmin liseyi əlaçı kursant kimi qırmızı diplomla bitirdi, təhsil illərində əldə etdiyi nailiyyətlərə görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən də mükafatlandırıldı. Ali təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində davam etdirdi. Buranı bitirdikdən sonra Cəlilabad şəhərinin Göytəpə qəsəbəsində yerləşən “N” hərbi hissədə hərbçi, daha sonra isə zastava rəisi, baş zabit kimi fəaliyyət göstərirdi. Qardaşım Xüsusi Təyinatlı Qüvvələrin tərkibində kapitan rütbəsi ilə torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, – deyir müsahibim. Füzuli, Zəngilan rayonları istiqamətlərində gedən döyüşlərdə əsgərləri ilə çiyin-çiyinə igidlik və rəşadətlə döyüşüb, bir sıra kəndlərin, yüksəkliklərin azad edilməsində, düşmənin canlı qüvvəsinin, texnikalarının məhv edilməsində və ələ keçirilməsində şücaət göstərib. Qardaşım ağır döyüşlərdə amansız düşmənlə son damla qanınadək mübarizə apararaq şəhid olub, şəhadətə yüksəldiyi zirvəyə onun soyadını veriblər. İndi həmin zirvə “Meydanov zirvəsi” adlanır. O biri qardaşım Saleh də Naxçıvan şəhərindən Xüsusi Təyinatlı bölmənin tərkibində döyüşə yollanmışdı. Döyüşlərdə, düşmənin canlı qüvvəsinin məhv edilməsində mərdliklə iştirak edib, sağ çiynindən qəlpə yarası alıb, hazırda Naxçıvandadır.

Qardaşı Elməddinin vətənpərvərliyindən ağızdolusu danışan İsmayıl müəllim deyir: – Anamla sonuncu dəfə danışanda dedi ki, ağlama, ana, başını həmişə dik tut, sənin iki oğlun burada, hər bir Vətən övladının illərdir, arzusunda olduğu torpaqlarımızın işğaldan azad edilməsi uğrunda vuruşur. Həmişə deyərdi ki, şəhid olmaq istəklə olmur, şəhidlik məqamına yüksəlməyə gərək can atasan, hər kəs şəhid ola bilməz. Qardaşımla heç bir dəfə də incikliyimiz olmadı, ona hər zəng etdiyimdə qoymazdı telefon ikinci dəfə çalsın. Yerini soruşardıq, səsim gəlirsə, bəsdir, – deyərdi. Şəhid olduğu gün, sanki ürəyimə dammışdı, zəng etdim, zəng çatmadı. Günortadan sonra bir də zəng etdim, bu dəfə telefonu çalırdı, sevindim. Sən demə, həmin vaxt cənazəsini dağlıq ərazidən aşağı endirmişlər. 32 yaşında şəhidlik zirvəsinə yüksəldi mənim igid, cəsur, qorxmaz qardaşım. Ölümündən sonra onu tanıyan hər kəs, əsgərləri, döyüş yoldaşları zəng edirlər, qardaşım haqqında ancaq xoş sözlər deyirlər. Qulluq etdiyi hərbi hissədə ondan yuxarı vəzifələrdə çalışanlar da var idi. Onlar da bildirirlər ki, bir çox vacib məsələlərdə ondan məsləhət alar, yaxşı keyfiyyətləri mənimsəyərdik. Onu da deyirlər ki, hər kəs savaşa sevinə-sevinə getməz, onun sevincini gözlərindən oxumaq olurdu, əsgərlərinə də ruh, qüvvət verirdi. O, həmişə anama deyərdi ki, torpaqlarımızı düşmən tapdağından azad etmək Əli ilə Yusifə (oğulları) qalmayacaq, onlar böyüyənədək torpaqlarımızı biz azad edəcəyik. Çox vətənpərvər idi, ailəmizdə onun yeri bir başqa idi. Qardaşım gücdə də, qüvvətdə də, savadda da üstün idi. Bəli, şəhidlik hamıya qismət olmur. Qardaşımın Vətən, torpaq sevgisi, vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaltdı. Qardaşımla qürur duyuruq, fəxr edirik. O, müqəddəs amal uğrunda şəhid olmaqla əbədiyyət qazanan insanlardandır.
Döyüş yoldaşı, baş leytenant Əli Həsənzadənin dediklərindən: – Mən Elməddini özümə böyük qardaş bilirdim. O, insana yalnız doğru yol göstərən, çətinlikdən çıxaran dost idi. Əsgərləri də həm komandir, həm də böyük qardaş kimi onun xətrini o qədər çox istəyirdilər ki, əmrini dərhal yerinə yetirirdilər. Mən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Akademiyasının II kursunda oxuyanda o, Cəlilabad rayonunda “Göytəpə” Sərhəd Dəstəsinin sərhəd zastavasında rəis müavini idi. Orada bir aylıq praktikada ikən tanış olmuşduq. Qardaşım istər mülki, istərsə də hərbi həyatda böyüklə-böyük, kiçiklə-kiçik kimi rəftar edən, köməyə ehtiyacı olana əl tutan, bir kimsənin qəlbinə dəyməyən, yüksək insani xüsusiyyətlərə malik sülhpərvər insan idi. Elməddini tanıyanlar onu “Mebo” ləqəbi ilə çağırırdılar. Şanlı Vətən müharibəsində onunla birgə döyüşlərdə iştirak edib, eyni bir vaxtda döyüş tapşırıqlarını yerinə yetirmişik. O, sözün əsl mənasında, sərkərdə idi. Gənc olmasına baxmayaraq, təcrübəli və savadlı idi. O, sərrast atış qabilliyyəti, döyüş bacarığı ilə son damla qanına qədər düşmənlə mübarizə apardı. Sonuncu döyüşümüzdə vuruşduq, şəhidimiz, yaralılarımız oldu, mən də sol dizimdən qəlpə yarası aldım. Qardaşım həmin gün, oktyabrın 27-də saat 1935-də qollarımda şəhid oldu, son sözünü deyə bilmədi. Onun şəhid olduğu zirvəyə sonra “Meydanov zirvəsi” adı verildi. Allah bütün şəhidlərimizə, dostum, qardaşım Elməddin Meydanova da rəhmət eləsin, onun valideynləri qarşısında baş əyirəm, qazilərimizə də Allahdan şəfa diləyirəm. Elməddin qardaşım vətənpərvər insan, qardaş, dost kimi, bu Vətənin igid oğlu kimi daim xatırlanacaq, onu unutmayacağıq.
Prezident cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilən kapitan Elməddin Meydanov, eləcə də torpaqlarımızın azadlığı uğrunda canlarından keçən digər şəhidlərimiz daim qəlbimizdə, tariximizdə yaşayacaq, qürurla xatırlanacaqlar.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR