22 Dekabr 2024, Bazar

Şərur rayonu muxtar respublikamızın ən böyük bölgələrindən biridir. Ulu Tanrı bu yurd yerindən öz səxavətini əsirgəməyib. Torpaqları münbit, sakinləri zəhmətsevərdirlər. Torpağa halal qazanc mənbəyi kimi baxırlar. Çəkdikləri zəhmət də hədər getmir, torpaq bu zəhmətin qarşılığını birə-beş ödəyir. İndi torpağın sahibi olan hər bir şərurlu daha yaxşı yaşayır. Əkir, becərir, həm özünü yaşadır, həm də daxili bazara töhfəsini verir... Belə inkişaf rayonda hər sahədə özünü göstərir. Məsələn, genişhəcmli quruculuq tədbirləri rayonun ayrılmaz həyat ritminə çevrilib. Bölgənin elə bir yaşayış məntəqəsi yoxdur ki, quruculuq prosesi ağuşunda görkəmini dəyişməsin, orada sosial təyinatlı tədbirlər həyata keçirilməsin. Elə 2021-ci ilin ilk rübünün göstəriciləri də bunu təsdiq edir. Bu müddətdə rayonda yeni təhsil, səhiyyə, mədəniyyət obyektləri inşa olunub, yollar çəkilib, körpülər salınıb, su, elektrik təsərrüfatı yaxşılaşdırılıb. Bütün idarə, müəssisə və təşkilatlarda ahəngdar iş rejimi insanların yurd yerinə bağlılığını, işə məsuliyyət hissini, qurub-yaratmaq əzmini xeyli artırıb.

Kiçik bir statistikaya nəzər salaq. Təhsil sahəsi üzrə quruculuq tədbirləri çərçivəsində Şəhriyar kəndində 224 şagird yerlik tam orta və uşaq musiqi məktəbləri binalarının yenidən qurulması başa çatdırılıb, Çərçiboğan və Dərvişlər kəndlərində məktəb binalarının yenidən qurulmasına, Çərçiboğan kəndində isə uşaq musiqi məktəbi binasının tikintisinə start verilib.

Milli dəyərlərimizin təbliği, onun daha da zənginləşdirilərək gələcək nəsillərə ötürülməsi istiqamətində məqsədyönlü tədbirlərin keçirilməsi bu dövrdə də diqqətdə saxlanılıb. Rayon Mədəniyyət Sarayının və Saat Meydanının, Bayraq Meydanının tikintisi davam etdirilib, Şərur Rayon Mərkəzi Kitabxanası və Uşaq Kitabxanası binasının yenidən qurulmasına başlanılıb.
Bir vaxtlar saatlarla işıq üzünə həsrət qaldığımız muxtar respublika bu gün o çətinliklərdən birdəfəlik qurtarıb, enerji ixracı üçün də burada imkanlar yaradılıb. Rayonda bu istiqamətdə həyata keçirilən tədbirlər davam etdirilir. Bunun ifadəsidir ki, rayonun Maxta kəndində 35/10 kilovoltluq transformator yarımstansiyasının, Şərur şəhərində yüksəkgərginlikli elektrik xətti üçün tunelin tikintisi başa çatdırılıb, Muğanlı kəndində 35/10 kilovoltluq transformator yarımstansiyasının tikintisi, rayon mərkəzində smartkarttipli elektrik sayğaclarının quraşdırılması davam etdirilib, yanacaqdoldurma stansiyasının yenidən qurulması yekunlaşdırılıb.

“Mədəniyyət yoldan başlanır”, – deyimindəki həqiqəti bütün çalarları ilə bu bölgənin timsalında da görmək mümkündür. Hər il bu istiqamətdə həyata keçirilən tədbirlərin həcmi artır. Bunun bariz ifadəsidir ki, bu gün rayonun ən ucqar yaşayış məntəqəsinə rahatlıqla və qısa vaxt ərzində getmək mümkündür. Rayonda müasir yol-nəqliyyat sisteminin qurulması və səmərəli idarə olunması istiqamətində görülən işlərə cari ilin yanvar-mart aylarında da ciddi önəm verilməsinin ifadəsidir ki, Şəhriyar kəndində avtomobil yolu yenidən qurulub. Xanlıqlar-Şərur şəhəri-Yengicə-Şəhriyar-Kürçülü-Kərimbəyli-Dəmirçi, Xanlıqlar-Aşağı Daşarx-Yuxarı Daşarx kənd avtomobil, Şərur şəhərinə giriş və daxili avtomobil yollarının, Şərur şəhərində yeraltı piyada keçidinin yenidən qurulması davam etdirilib. Çərçiboğan kəndində isə avtomobil yolunun yenidən qurulmasına başlanılıb.
Bu gün Şərur şəhərindən rayonun bütün yaşayış məntəqələrinə, digər rayonlarımıza, paytaxt şəhərimiz Naxçıvana marşrutlar işləyir. Marşrutlardan istifadə edənlərə xidmətin səviyyəsini yüksəltmək üçün yeni avtovağzal binasının tikintisinə başlanılması şərurluların böyük sevincinə səbəb olub.
Bölgədə yenidən qurulan obyektlər sırasında Elektrik Təmas Şəbəkəsi, Dövriyyə Deposu inzibati binaları və təmir sexi də var.
Ümumilikdə isə birinci rüb ərzində rayonda 15 müxtəlif təyinatlı obyekt tikilib, yenidən qurulub və ya əsaslı təmir olunub, 35 müxtəlif təyinatlı obyektin, 1 yaşayış binasının tikintisi, 1 yaşayış binasının Şərur şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binasının ­yenidən qurulması davam etdirilib. 1 kənd mərkəzi tikilərək istifadəyə verilib, 2 kənd mərkəzinin inşasına başlanılıb.

Bütün bunlar isə insan amilinə, onun layiq olduğu səviyyədə yaşamasına göstərilən qayğının təzahürüdür. Bu isə əhalinin həyat səviyyəsini xeyli yaxşılaşdırıb, şərurluların fərdi yaşayış evlərinin tikintisinə də müsbət təsir göstərib, bəhs olunan dövrdə rayonda əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 6 min 991 kvadratmetr yaşayış sahəsi istifadəyə verilib.
Bir neçə ildir ki, muxtar respublikada davam etdirilən əhalinin təmiz və keyfiyyətli içməli su ilə təmin olunması, kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində Şərurda da xeyli iş görülüb. Bu dövrdə Sərxanlı kəndində içməli su şəbəkəsinin tikintisi davam etdirilib.
Qeyd edək ki, rayonda iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün 2021-ci ilin birinci rübündə bütün maliyyə mənbələrindən əsas kapitala 7 milyon 228 min 100 manat vəsait yönəldilib. Tikinti-quraşdırma işlərində istifadə olunmuş vəsaitin dəyəri 6 milyon 959 min 600 manat təşkil edib.
Şərurun iqtisadi həyatının əsasını kənd təsərrüfatı təşkil edir. Rayonda bu sahədə qazanılan uğurlar ildən-ilə artmaqdadır. Kənd təsərrüfatı ilə məşğul olan istehsalçılara yardım və kreditlərin verilməsi bu sahənin inkişafına zəmin yaradıb. Belə məqsədyönlü tədbirlərin müvəffəqiyyətlə həyata keçirilməsi üçün kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum və gübrə ilə təminatı yaxşılaşdırılıb.

Tarixən Şərur rayonu daxili bazarı keyfiyyətli meyvə və tərəvəz məhsulları ilə təmin edən bölgələrimizdən biri kimi tanınıb.
Belə məhsullara olan tələbatın yerli istehsal hesabına ödənilməsi, ixracyönümlü və ekoloji təmiz meyvə-tərəvəz məhsulları istehsalı sahələrinin yaradılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 12 mart tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq olunması bölgədə bu sahələrə marağı xeyli artırıb. Hər il tərəvəz əkini sahələri genişləndirilir, yeni meyvə bağları salınır. Bölgədə əkinçilik üçün münbit şərait və daim artan dövlət qayğısı hər il yeni uğurlar qazanılmasına imkan verir. Bunun ifadəsidir ki, rayonda 1 aprel 2021-ci il tarixə 803 hektar sahədə yazlıq bitkilər əkilib. Əkin sahəsinin 54 hektarını dənli və dənli-paxlalılar (qarğıdalısız), 107 hektarını dən üçün qarğıdalı, 178 hektarını kartof, 158 hektarını tərəvəz, 6 hektarını ərzaq üçün bostan bitkiləri, 300 hektarını cari ilin çoxillik otları təşkil edir.
Əhalini təzə və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək də diqqətdə saxlanılan məsələlərdən birinə çevrilib. Bu məqsədlə ötən dövrdə bir soyuducu anbarın və bir istixana kompleksinin yaradılması davam etdirilib, məhsul istehsalçılarının müasir kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatına ciddi önəm verilib. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 923 min 260 manat dəyərində 74 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası lizinq yolu ilə güzəştli şərtlərlə rayonda fəaliyyət göstərən sahibkarlara satılıb.
Kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlığın inkişafı istiqamətində 2 heyvandarlıq təsərrüfatının yaradılması və 1 heyvandarlıq təsərrüfatının genişləndirilməsi başa çatdırılıb, 2 heyvandarlıq təsərrüfatının yaradılması davam etdirilib.
Bu dövrdə rayonda diri çəkidə 1491,4 ton ət, 4659 ton süd, 7502,2 min ədəd yumurta istehsal edilib. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalının 3,4 faiz, süd istehsalının 1,3 faiz, yumurta istehsalının 1,2 faiz artması deməkdir.

İqtisadi cəhətdən xeyli sərfəli olan arıçılığın inkişafı üçün rayonda geniş imkanlar mövcuddur. Odur ki, rayonda bu sahəyə maraq getdikcə artır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq birinci rüb ərzində bu sahədə də müvafiq tədbirlərin görülməsi diqqətdə saxlanılıb, bir arıçılıq təsərrüfatı yaradılıb.
Aqrar sahədə görülən işlərin nəticələri ürəkaçan olub. Belə ki, 8 milyon 282 min 900 manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib.
2021-ci ilin birinci rübündə sənaye məhsulunun həcmi 20 milyon 504 min 600 manata, pərakəndə əmtəə dövriyyəsi 71 milyon 967 min manata, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 10 milyon 21 min 400 manata çatıb.
İlin birinci rübündə əhaliyə göstərilən informasiya və rabitə xidmətlərinin səviyyəsinin yüksəldilməsi diqqətdə saxlanılıb, məqsədyönlü tədbirlər həyata keçirilib. Bu dövrdə göstərilən xidmətlərin həcmi 1 milyon 988 min 100 manat olub.
Qısaca olaraq onu da qeyd edək ki, rayonda heç bir sahəyə qayğı unudulmayıb, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, yeni iş yerlərinin yaradılması bəhrələrini verib.
Görülən işlərə Şərur sakinlərinin münasibəti necədir? Bu suala cavab tapmaq üçün onlardan bir neçəsi ilə həmsöhbət olduq. Təqaüdçü müəllim Fəxrəddin Kərimov dedi:
– Yurdumuzun torpağı münbit, suyu bol, havası saf, adamları sadə, mehriban və qədirbiləndirlər. Bu gün Şərurda elə bir insan tapmaq mümkün deyil ki, ürəyində ulu öndər Heydər Əliyevə sonsuz məhəbbət yaşatmasın. Çünki bu gün qazandığımız bütün uğurlara görə ulu öndərə borcluyuq. Torpaq islahatlarına ilk dəfə olaraq Naxçıvanda başlanılması, bu böyük iqtisadi layihənin uğurla başa çatdırılması hər bir zəhmət adamını öz torpağının həqiqi sahibinə çevirdi. Ümummilli liderimizin müəyyənləşdirdiyi iqtisadi siyasətin bu gün muxtar respublikamızda dönmədən həyata keçirilməsi, ulu öndərin ideyalarına sədaqət Şərur rayonunu da gözəlliklər diyarına çevirib, insanların yaşayış səviyyəsi xeyli yüksəlib. Cari ilə də rayon uğurla başlayıb. İlin ilk rübünün nəticələri də belə deməyə əsas verir. 2021-ci ili yüksək nəticələrlə başa vurmaq üçün şərurlular bütün imkanlarını səfərbər ediblər. Məqsəd isə bölgənin, muxtar respublikanın, nəticə etibarilə, ölkənin iqtisadiyyatının daha da gücləndirilməsinə töhfə verməkdir.
Aşağı Yaycı kənd tam orta məktəbinin direktoru, tarix üzrə fəlsəfə doktoru, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Yeganə Məmmədovanın ürək sözləri:
– Həyatda uğur qazanmaq üçün rastlaşdığın çətinlikləri dəf etməyi bacarmalısan. Şərurlular da çətinliyə dözməyi bacaran insanlardır. Buna baxmayaraq, ötən əsrin 90-cı illərinin əvvəllərində onların da bəzilərində ruh düşkünlüyü sezilirdi. Belələrini qınamaq da olmurdu. Niyə? Məktəb binaları yararsız vəziyyətdə idi, təhsil ocaqları uyğunlaşdırılmış binalarda yerləşdirilmişdi. Səhiyyə xidməti unudulmuşdu, müasir informasiya texnologiyalarından istifadə barədə söhbət etməyə dəyməzdi. Elektrik enerjisi, yanacağın olmaması isə ən böyük dərdlərimizdən idi. Xidmət sahələrinin fəaliyyətini yox səviyyəsində saymaq olardı. Bu gün muxtar respublikamızın digər bölgələrində olduğu kimi, Şərur rayonunun da problemləri öz həllini tapıb. Bütün bunlar dövlətimizin öz vətəndaşlarına böyük qayğısının ifadəsidir. Belə qayğı isə insanları yaşadıqları torpağa daha sıx tellərlə bağlayır, onların qurub-yaratmaq əzmini daha da gücləndirir.
Rüb ərzində qazanılmış uğurlara sevinən şərurluların söhbətlərindən bir əsas məqamı oxuculara çatdırmaq yerinə düşər: görülən işlərə minnətdarlıq hissləri. Böyük səmimiyyətlə ifadə olunan belə hisslər təbiidir. Çünki insanlar uzun illər həsrətində olduğu gün-güzərana qovuşduğunu görür və dərindən dərk edirlər ki, bütün bunlar onlar üçündür.

Görülən işləri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ölkəmizdə bərqərar olunmuş sabitlik və sürətli sosial-iqtisadi inkişafla əlaqələndirərək belə xarakterizə edir: “Bu gün ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi islahatlar bütün sahələrin inkişafına səbəb olmuşdur. Bu istiqamətdə həyata keçirilən tədbirlər muxtar respublikada da uğurla davam etdirilir... Əhalinin rahatlığı üçün lazımi şərait yaradılır, insanlar hərtərəfli qayğı ilə əhatə olunur, yeni sosial obyektlər tikilərək istifadəyə verilir, fərdi təsərrüfatların genişləndirilməsi üçün lazımi dövlət dəstəyi göstərilir. Bütün bunların həyata keçirilməsi ölkəmizdə Heydər Əliyev siyasi xəttinin davam etdirilməsinin nəticəsində mümkün olmuşdur”.

 Muxtar MƏMMƏDOV
Elman MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR