Son illər ölkə həyatının bütün sahələrində olduğu kimi, sosial və iqtisadi sahələrdə də müəyyənləşdirilən prinsiplər uğurla reallaşdırılmış, qısa müddətdə çox mühüm iqtisadi islahatlar aparılmış və beynəlxalq standartlara uyğun yeni sosial müdafiə modeli təşəkkül tapmışdır.
Muxtar respublikada da sosial-iqtisadi siyasət uğurla həyata keçirilir. Bütün sahələrdə davam etdirilən islahatlar sosial müdafiə sisteminin də inkişafına töhfələr verməkdədir. Pensiyaların maliyyələşdirilməsi və vaxtından əvvəl ödənilməsi, bu sahədə tətbiq olunan mütərəqqi üsullar pensiyaçılara daha yüksək səviyyədə xidmət göstərilməsi üçün imkanlar yaratmışdır.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu da əmək pensiyalarının maliyyələşdirilməsi və pensiyaçılara çatdırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirir. Fond hər ay olduğu kimi, aprel ayında da əhaliyə əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırmışdır. Pensiyaçılar pensiyalarını plastik bank kartları vasitəsilə bankomatlardan və kənd yerlərində yaşayan pensiyaçılar isə istəkləri nəzərə alınaraq poçt bölmələrindən də ala bilərlər. Bundan başqa, əhaliyə məcburi dövlət sosial sığortahaqları hesabına ödənilən müavinətlərin də maliyyələşdirilməsi üçün müvafiq işlər görülür.
Məlumat üçün bildirək ki, qanunvericiliyə uyğun olaraq sığortaolunanların pensiya təminatlarında məcburi dövlət sosial sığortahaqqı şəklində toplanan pensiya kapitalı nəzərə alınır. Ödənilən məcburi dövlət sosial sığortası vətəndaşların bu gününün və gələcəyinin təminatıdır. Eyni zamanda məcburi dövlət sosial sığortahaqqı üzrə vəsaitin fondun xəzinə hesabına vaxtında daxil olması əmək pensiyaları və məcburi dövlət sosial sığortası üzrə ödəmələrin də vaxtlı-vaxtında maliyyələşdirilməsinə şərait yaradır.
Fond bundan sonra da əhalinin sosial rifahının və həyat səviyyəsinin yüksəldilməsi üçün müəyyən edilən tədbirlərin icra olunması sahəsində öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacaqdır.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun
mətbuat xidməti