20 aprel 2021-ci il tarixdə Cəlil Məmmədquluzadənin Ev Muzeyində görkəmli yazıçı, ictimai xadim Cəlil Məmmədquluzadənin şah əsəri sayılan “Molla Nəsrəddin” jurnalının yaranmasının 115-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə muzeyin direktoru Aytən Ələkbərova açaraq bildirmişdir ki, bu gün Mirzə Cəlil yaradıcılığının zirvəsi “Molla Nəsrəddin” jurnalının 115-ci ildönümü tamam olur. Azərbaycanda və onun hüdudlarından kənarda geniş yayılaraq milli oyanışa, yeniləşmə hərəkatına yol açan və azadlıq ideyalarının inkişafına qüvvətli təsir göstərən “Molla Nəsrəddin” jurnalı məhz Cəlil Məmmədquluzadə dühasının məhsuludur. 1906-cı il 20 apreldə tarixində “Sizi deyib gəlmişəm ey mənim müsəlman qardaşlarım” çağırışı ilə mübarizə meydanına qatılan jurnalın nəşri Azərbaycan ictimai fikir ədəbiyyatı və mətbuatı tarixində yeni dövrün - “Molla Nəsrəddin” dövrünün əsasını qoyur. Molla Nəsrəddin jurnalı türkün ana dilində, sadə danışıq tərzində, xalqın anlayacağı, başa düşəcəyi şəkildə yazılırdı. Qaniçən bəylər, xanlar, mülkədarlar, mövhumatçı ruhanilər jurnalın kəskin satira hədəfinə çevrilirdi. Jurnal öz fəaliyyətini fasilələrlə 25 il davam etdirmiş, bu müddət ərzində 748 nömrəsi çapdan çıxmışdır. “Molla Nəsrəddin” jurnalının ədəbi məktəb mərhələsinə çatdırılması bu jurnalın yaradıcısı Cəlil Məmmədquluzadənin təşkilatçılıq bacarığının və xüsusi ədəbi məharətinin nəticəsində mümkün olmuşdur.
Tədbirdə AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Orucova, Naxçıvan Universitetinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Əli Həşimov çıxış etmişlər.
Bildirilmişdir ki, mübarizə amalını “xalqın xoşbəxtliyi yoluna” həsr edən bu jurnal ilk nömrəsindən başlamış son nömrəsinə qədər 25 il ərzində “vətən, millət, dil ” ideasına xidmət göstərmişdir. “Molla Nəsrəddin ” jurnalı “Dünyada sözdən böyük yadigar yoxdur” deyən böyük ustad Cəlil Məmmədquluzadənin və onun yoldaşları olan mollanəsrəddinçi ədiblərin məhəbbətlə sevdikləri Azərbaycan xalqına və onun gələcəyinə miras qoyduqları ən böyük yadigar oldu.
“Molla Nəsrəddin” jurnalı, onun yaranmasını şərtləndirən tarixi şərait, jurnalın əsas müəllifləri haqqında yüzlərlə kiçik elmi və publisistik məqalələr, irihəcmli tədqiqatlar, kitablar yazılmış, mollanəsrəddinşünaslıq elmi formalaşmışdır. “Molla Nəsrəddin” jurnalında yazılanlar bu gün də öz aktuallığını itirməmişdir.
Tədbirin sonunda “Molla Nəsrəddin -115” başlıqlı sərgiyə baxış olmuşdur. Sərgi haqqında muzeyin baş fond mühafizi-elmi işçisi K.Allahverdiyeva geniş məlumat vermişdir.