“Ermənilər belə qənaətdədirlər ki, 1915-ci il aprelin 24-də Osmanlı dövləti ərazisində soyqırımına məruz qalıblar. Əslində tarixi faktlar bunun əksini söyləyir. Birinci Dünya müharibəsi illərində Türkiyə ərazisində yaşayan ermənilər yaşadığı ölkəyə xəyanət edərək, böyük dövlətlərin təhriki ilə türklərə qarşı soyqırımlar törədiblər. Osmanlı dövləti isə buna cavab olaraq erməniləri mərkəzi əyalətlərindən ölkənin ətraflarına köçürüblər”.
Bu fikirləri açıqlamasında AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib. Böyük dövlətlərin əlində alət olan ermənilərin Türkiyəni parçalamaq, şərq əyalətlərində Ermənistan dövləti yaratmaq üçün (o illərdə hələ Ermənistan dövləti yaradılmamışdı) saxta soyqırımı iddiasına başladıqlarını bildirən akademik qeyd edib ki, əgər ermənilər soyqırımına məruz qalmışlarsa, onda toplu məzarlıqlar olmalı idi. Olmayan soyqırımın məzarlıqları da olmayacaq. Bunu ermənilər də çox yaxşı bilirlər.
“Türkiyə Cümhuriyyəti dəfələrlə Ermənistan dövlətinə, bir sıra böyük dövlətlərə arxivlərini açmaq, bunları tədqiqatçıların ixtiyarına vermək üçün müraciət ediblər, lakin buna heç bir cavab verilməyib. Əgər arxivlər açılarsa, ermənilərin türklərə qarşı törətdikləri soyqırımlar üzə çıxa bilər”,-deyən Bölmə sədri qeyd edib ki, ABŞ kimi bir sıra dövlətlər ikili siyasətin yaradıcılarıdır. Onlar tarixi siyasətlə qarışdırırlar. Prezident C.Bayden erməni lobbisinin təsiri altında fəaliyyət göstərir. O, hələ prezident olmamışdan qabaq da ermənilərin təsiri ilə bir sıra sənədlərin hazırlanmasının iştirakçısı olubdur. Azərbaycana qarşı 907 nömrəli sənədin müəlliflərindən biri də indiki prezident C.Baydendir. Lakin C.Bayden unudur ki, ABŞ dünyanın bir sıra ərazilərində milyonlarla insanı soyqırımına məruz qoyublar. ABŞ-ın özündə qara irqə qarşı hansı siyasət həyata keçiriblər. C. Baydenin “ermənilərin soyqırımına məruz qalması”nı işlətməsi onun tərcümeyi-halında qara ləkədir və 300 milyonluq türk dünyası onu həmişə lənətləyəcəkdir. ABŞ prezidentinin tarixi faktı düzgün qiymətləndirə bilməməsi onun siyasi yetkinliyini şübhə altına alır. Bu isə dövlət başçısına yaraşmır.