23 Dekabr 2024, Bazar ertəsi

Məktəbli vaxtlarımda müəllimimiz uşaqlıq illərinin yadımızda qalan xatirələri haqqında inşa yazmağı tapşırdıqda həmişə kəndimizi xatırlayırdım – qayğısız illərimin keçdiyi Vayxır kəndini. Muxtar respublikamızın xəritəsində kiçik bir nöqtə qədər olsa da, mənim üçün çox böyük bir dünya idi kəndimiz!

Əvvəlcə onu deyim ki, Vayxır kəndinin tarixi çox qədimdir. Yaxınlığında Govurqala adlı qədim bir müdafiə istehkamı da var. Kəndin ərazisində çıxan eyniadlı mineral bulaq da ölkə səviyyəsində çox məşhurdur. “Badamlı”, “Sirab”la yanaşı, “Vayxır” suyunun da adı tez-tez çəkilir.

Vayxır Babək rayonunda, Naxçıvançayın kənarında alçaq təpəliyin üzərində yerləşir. Naxçıvan-Batabat yolunun sol tərəfindəki təpələr üzərindəki bu kəndin mənzərəsi ilin bütün fəsillərində yoldan keçənləri özünə cəlb edir. Uşaqlığımın ən xoş günləri həmin təpələrdə üzərlik yığmaqla, qoyun-quzu otarmaqla, qaçdı-tutdu oynamaqla keçib. Babamla nənəm burada yaşayırdı. Həyətin aşağısında hər bir kənd evində olduğu kimi, təndirəsərimiz var idi. Ruzi-bərəkət rəmzidir təndirəsər. Dan yeri söküləndə nənəm təndirəsərə gedər, təndiri alışdırar, yerə palaz salar, palazın üzərinə sərdiyi süfrədə axşamdan yoğurduğu xəmirdən kiçik tikələr kəsib kündələr edərdi.
Təndirəsərin çiy palçıqdan-möhrədən hörülmüş divarında kiçik bir pəncərə var idi. Elə ki bu pəncərədən tüstü çölə yayıldı, qohum-qonşu təndir başında cəm olardı. Hamı oturandan sonra süfrənin kənarları diz üzərinə çəkilər, duvaqlar düzülər, kündələri hamarlayan oxlovlar iməçilərin – yardıma gələn qadınların əllərində sürətlə duvağın üzərində şaqqıltı salaraq hərəkət edər, getdikcə böyüyən lavaşlar duvağa yayılardı.
Oynamaqdan acan uşaq üçün təndirdən çıxan isti lavaşın, bir də inək pendirinin yerini heç bir yemək verə bilməzdi. Anaların, nənələrin, qonşu qadınların zəhməti, əziyyəti ilə başa gələn bu işlər oyun kimi bizim üçün çox maraqlı idi. Təndirəsərin yaxınlığında hey qaçır, oynayır, hərdən də yaxınlaşıb: “Ay nənə, bizə də xəmir ver”, – deyib əlimizi uzadardıq. Həmin istəyimizin cavabı barmaqlarımıza vurulan oxlov, bir də “Ay bala, az şitənin, aman günüdür, gəlib təndirə düşərsiz”, – olurdu.

Ən maraqlısı isə təndirəsərə toplanan qadınların söhbətləri olurdu. Kənddə, şəhərdə, rayonda, hətta bəzən, ölkədə baş verən hadisələrdən danışardılar. Kim nə təzə xəbər bilirdi, hamısını buradakılarla bölüşərdi. (Sonradan başa düşdüm ki, camaatın zarafatla “Təndirəsər” qəzeti nə yazır?” ifadəsi də elə buradakı çox vaxt mənbəyi və əsası olmayan, necə deyərlər, feyk xəbərlərə işarə idi). Çörək bişiriləndən sonra təndir başında işləyənlər üçün mütləq nahar süfrəsi açılardı. Süfrəyə təndir külündə bişən kartof, soğan və nehrə yağı düzülərdi. Bu məqam biz uşaqların ən çox xoşladığı an idi. Oyuna tez ara verib süfrədə biz də yerimizi tutar, nənəmizin süfrədəki nemətlərlə içərisini doldurduğu “Çoban dürməyi”ndən yeyər, təndir közündən salınmış samovardan kəmşirin çayımızı içib təzədən həyətə qaçardıq.
Bu, çoxdan olub... Həmin zamanlarda Vayxır kəndinin vəziyyəti çox çətin idi. İçməli su olmadığından xeyli uzaqdan – artezian quyularından, kanallardan su gətirir, su daşlarına töküb təmizləyir, sonra istifadə edirdik. Qışda palçıqlı yollar isə kənd camaatını lap təngə gətirirdi. Bəzən yollar buz bağladığından insanlar üçün evdən çölə çıxmaq müşkülə çevrilirdi. Bir sözlə, kəndin sosial-iqtisadi vəziyyəti heç də ürəkaçan deyildi.

Amma Vayxırın baharı başqa bir aləm olurdu. Yenicə açılan çiçəklərdən, otlardan yayılan ətir, sanki insanın ruhunu oxşayır, sürünü otarmağa aparan çobanın hərdən çaldığı tütəkdən yayılan xoş melodiya qoyun-quzuların səsini batırırdı. Yazın gəlişi ilə təbiətlə birlikdə bütün kənd, sanki daldığı qış yuxusundan oyanardı. Çiynində dırmıq, bel, toxa olan insanlar əkin sahələrinə çıxar, göy ota acgözlüklə cuman və hər təpədə mələşən qoyun-quzunun səsi bir-birinə qarışırdı.
Xalqımızın illərdir, qoruyub saxladığı, yaz qabağı xüsusi qeyd edilən Xıdır Nəbi bayramı, Novruz adət-ənənələri hər evdə xüsusi təntənə ilə keçirilirdi. Bu mərasimlərdə gün batan kimi əlimizə papaq alıb bütün kəndi dolanıb “xıdırpayı”, “bayrampayı” yığar, yumurta toqquşdurar, xoruz döyüşdürər, tonqal qalayardıq. Bayramı, beləcə, yola verib əylənərdik.
Payız vaxtı hər səhər işığının həniri bir qədər azalan Günəşlə bərabər, yuxudan durub bağçamızın seyrinə çıxardım. Küləyin həzin musiqisi altında, sanki rəqs edə-edə yerə düşən saralmış yarpaqları izləyəndə bir səs kəndin sükutunu pozardı. Sanki bir topa xəzan üzərinə dolu yağardı. “Sağ tərəfdəki budağı elə vur ki, hamısı tökülsün. Ehtiyatlı ol, tingi qırarsan!” – bu söhbətin arxasında artıq bağlarda cəviz-badam mövsümünün başladığı xəbəri dayanardı. Payız fəslinin gəlişi ilə kənd camaatı yenidən hərəkətə gələr, qış üçün tədarük işlərinə başlayardı.
Ailəmizin ağbirçəyi, Vayxırın uzunömürlü sakinlərindən olan 95 yaşlı Sonabəyim nənə burada doğulub böyüyüb, bu yaşına qədər də kənddən kənara çıxmayıb. O deyir ki, Vayxır kəndi əvvəllər indiki yerdən bir qədər uzaqda, Şiş dağının ətəklərində idi. Sonralar kənd camaatı köçərək Naxçıvançayın kənarında məskunlaşıb. Sonabəyim nənə həm də kəndin, o cümlədən Naxçıvanın mahir xalçaçılarından sayılır. İndiyə qədər yüzdən çox xalça, kilim, cecim, palaz toxuyub. Onlardan indiyə qədər yalnız bir neçəsi qalıb. Xalçalarını min bir əziyyətlə ərsəyə gətirən nənəmiz deyir ki, istifadə etdiyimiz rəngləri almaq çox çətin idi. Bəzən bir rəngi almaq üçün həftələr lazım olardı. Rəngləri soğan, cəviz qabıqlarından, çaytikanı bitkisinin kökündən, cəviz ağacının yarpaqlarından alardılar.
Müstəqillik illərində muxtar respublikamızda sürətli sosial-iqtisadi inkişaf hesabına kəndlərimizin siması tanınmaz dərəcədə dəyişib. Hər bir yaşayış məntəqəsində istifadəyə verilən xidmət mərkəzləri ərzaq və digər məhsullara olan tələbatı tam şəkildə ödəyir. Uşaqlıq illərimin yaddaşında palçıqlı küçələri, buzlu yolları ilə qalan kəndimiz indi müasirliyə qovuşub. Bir zamanlar iki avtomobilin yanaşı gedə bilmədiyi köhnə körpü artıq bir neçə ildir ki, yenisi ilə əvəz edilib. Hər il yaz, payız aylarında əkin sahələrinə, evlərə, yollara ziyan vuran dağıdıcı sellərin qarşısını almaq üçün böyük kanallar çəkilib, bəndlər yaradılıb.
Kəndimizdə açılan çörək sexi, təqribən, iki min nəfərə yaxın olan kənd sakinlərinin çörəyə olan tələbatını tam şəkildə ödəyir. Analarımızın yuxusuna haram qataraq gecədən xəmir yoğurub, gözlərinə acı tüstü dola-dola təndir qalamaq qayğısı artıq kiminə görə şirin, kiminə görə əziyyətli xatirə kimi keçmişdə qalıb. Qışın soyuğunda, yayın istisində gözlədiyimiz marşrut növbələri artıq hər saatbaşı hərəkət edən intensiv avtobuslarla əvəz olunub. 10 il bundan əvvəl kənddə yalnız bir-iki evdə telefon var idisə, indi bütün evlərə telefon çəkilib və kənddə internet resurslarından istifadə olunur. Zirzəmidə nənəmin neftlə işləyən “maşınkasında” yemək bişirməsi artıq uzaq keçmişdə qalıb. Kəndimiz neçə illərdir ki, qaz və işıq xətləri ilə təchiz olunub. Məni sevindirən isə odur ki, bu quruculuq və abadlaşdırma işləri yalnız kəndimiz Vayxırda deyil, muxtar respublikanın bütün yerlərində özünü göstərir.

 Məcid RƏŞADƏTOĞLU

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR