Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il martın 2-də imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınmasına başlanılıb.
Sərəncama uyğun olaraq 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986-2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycanın Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları 2021-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılır. Bununla yanaşı, 2020-ci il oktyabrın 30-dək “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları da 2021-ci il aprelin 1-dən 30-dək ehtiyata buraxılır.
Silahlı Qüvvələrimizin şəxsi heyətlə komplektləşdirilməsi məqsədilə müəyyən edilmiş qrafik əsasında Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən bu gün ilk çağırışçılar xidmət yerlərinə yola salınıblar.
Yola salınmazdan əvvəl çağırışçılara 44 günlük şanlı zəfər tariximiz və o tarixi yazan qəhrəmanlarımızın hərbi xidmət yolu nümunə göstərildi. Gənc əsgərlərə hərbi xidmət dövründə nizam-intizamlı və ayıq-sayıq olmaq, hərbi texnikanın sirlərinə mükəmməl yiyələnmək, əcdadlarının keçdiyi şərəfli yolu inamla davam etdirmək tövsiyə olundu.
Xatırladaq ki, gənc əsgərlər müvafiq qoşun növlərinin hərbi hissələrinə – təlim mərkəzlərinə göndərilərək 3 ay müddətində orada təlimlər keçəcək, hərbin sirlərini öyrənəcək və sonra xidmətlərini təyin olunduqları yerlərdə davam etdirəcəklər.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən çağırışçıların müəyyən edilmiş qrafik əsasında xidmət yerlərinə göndərilməsi və nəzərdə tutulmuş xidmət müddətini keçərək ehtiyata buraxılmış müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyatda olan hərbi vəzifəlilərin qeydiyyatına alınması prosesi aprelin 30-dək davam edəcəkdir.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi