Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən icra olunan “Elit məşq” layihəsi çərçivəsində “Dalğa Arena”da növbəti təlim-məşq toplanışı keçirilib.
Layihənin müxtəlif məntəqələrində (bölgələr üzrə) fəaliyyət göstərən məşqçilərin qatıldığı toplanış 5-12 aprel tarixlərini əhatə edib. Muxtar respublikamızdakı məntəqədən “C” kateqoriyalı məşqçi Bəhruz İsayev daxil olmaqla paytaxt və bölgələrdən, ümumilikdə, 12 məşqçi toplanışa cəlb olunub. Layihənin rəhbəri – aşağı yaş qrupları üzrə milli komandaların koordinatoru Miloş Velebitin tərtib etdiyi proqram əsasında məşqçilər üçün yeni istiqamətlər müəyyən olunub, məşq planlarına uyğun tapşırıqlar verilib. Toplanışda serbiyalı mütəxəssislə bərabər köməkçisi Qoran Lyubinkoviç və layihənin koordinatoru İlham Əzizzadə iştirak ediblər.
Qeyd edək ki, “Elit məşq”in əsas məqsədi paytaxt və bölgələrdən istedadlı futbolçuları seçərək ustalıq səviyyələrini artırmaq, onları müxtəlif yaş qrupları üzrə milli komandalar üçün yetişdirməkdən ibarətdir. Plana uyğun olaraq layihənin məşqçiləri üçün il ərzində 2 dəfə təlim-məşq toplanışları təşkil edilir.
Ceyhun MƏMMƏDOV