Naxçıvan Dövlət UniversitetiBeynəlxalq münasibətlər və hüquq fakültəsində “Alternativ tibb metodunun tətbiqi məsələləri” mövzusunda respublika elmi konfransı keçirilib. Univеrsitеtin rektoru Elbrus İsayev ənənəvi tibb əsasında dayanan alternativ müalicə metodlarının qədim tarixə malik olduğunu bildirib. Universitetin xəstəxanasında da hazırda bu üsulla müalicə metodlarının tətbiq edildiyi diqqətə çatdırılıb.
“Xroniki qeyri-infeksion xəstəliklərin inteqrativ təbabətlə müalicəsi” adlı çıxışında Azərbaycan Tibb Universitetinin professoru, tibb elmləri doktoru Fikriyyə İbrahimli qeyd edib ki, inteqrativ təbabət insan orqanizminin bütöv bir sistem olduğunuvə bütün proseslərlə əlaqəli olduğunu deyir. Bildirilib ki, dünyanın 38 ölkəsində tətbiq olunan bu müalicə üsulu diaqnoz və simptomları deyil, bütövlükdə insanı müalicə edir.
“Covid 19: Azərbaycanın antiviral bitkiləri” adlı çıxışında - AMEA Botanika İnstitutunun Etnobotanika laboratoriyasının müdiri, biologiya üzrəelmlər doktoru, professor Səyyarə İbadullayeva ölkəmizin zəngin bitki örtüyünə malik olduğunu bildirib. Müasir dövrdə 1500-ə qədər dərman bitkisinin olduğunu diqqətəçatdıran professor vurğulayıb ki, bu dərman bitkilərinin 60 növü isə antiviral xüsusiyyətə malikdir.
AMEA Genetik Ehtiyatlar İnstitutu, biologiya üzrə fəlsəfə doktoru, dosent Sədrəddin Qurbanov “Kəskin respirator virus infeksiyalarının fitoterapiyası” adlı çıxışında bildirib ki,yoluxucu virus xəstəliklərinin böyük bir qrupunu özündə birləşdirən kəskin respirator virus infeksiyaları zamanı, əsasən tənəffüs sistemi üzvlərinin selikli qişaları zədələnir. Vurğulanıb ki, kəskin respirator virus infeksiyaları yer üzərində ən çox yayılan və epidemiyaya meylli xəstəliklərdəndir. Bu gün dünyada pandemiya kimi yayılan koronavirus infeksiyası da respirator virus infeksiyalarının bir növüdür.
“Hirudoterapiya və onun effektivliyi” adlı çıxışında universitetin “Ümumi təbabət və kliniki fənlər” kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Elmar Rzayev vurğulayıb ki, tibbi zəlilər ilə icra olunan müalicə üsulu hirudoterapiya adlanır. Diqqətə çatdırılıb ki, bəzi xəstəliklər zamanı hətta ənənəvi təbabətdən daha yaxşı nəticə verən bu üsulla ürək-damar, uroloji, ginekoloji, dəri, mədə-bağırsaq sistemi və. s xəstəlikləri müalicə etmək mümkündür. Həkim onu da diqqətə çatdırıb ki, hal-hazırda universitet xəstəxanasında zəli ilə müalicə kabinəsi fəaliyyətə başlayıb və artıq 35 nəfər bu üsulla müalicə olunub.
Konfrans “Fitoterapiya ilə müalicə metodları”, “Ümumi təbabət” adlı iki bölmədə davam edib.
Səadət Əliyeva NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri