22 Dekabr 2024, Bazar

Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmiş və bununla da, idman sahəsində yüksəlişin bünövrəsi qoyulmuşdur. Sonrakı dövrdə isə cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda idmanın bütün sahələrinin inkişafı, idmançıların yüksək səviyyədə qayğı ilə əhatə olunması, idman komplekslərinin müasir tələblərə cavab verəcək səviyyədə qurulması, ən əsası isə Olimpiya oyunlarında idmançılarımızın iştirakı üçün xeyli işlər görülmüşdür. Gərgin zəhmətin nəticəsidir ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınaraq böyük nüfuz qazanıb. Prezident cənab İlham Əliyevin dediyi kimi: “Hər bir idman qələbəsi, xüsusilə mötəbər beynəlxalq yarışlarda qazanılmış qələbə ölkəmizdə milli qüruru, milli ruhu yüksəldir. Ona görə idmanın hər bir ölkənin həyatında çox önəmli rolu var”.

Naxçıvanda da bədən tərbiyəsi və idmanın inkişafı daim diqqətdə saxlanılır, keçirilən beynəlxalq və ölkə səviyyəli yarışlarda muxtar respublika idmançılarının iştirakına şərait yaradılır. Onu da qeyd etmək lazımdır ki, müasir infrastrukturun yaradılması və idman obyektlərinin sayının ildən-ilə artması muxtar respublikanı regionun idman mərkəzlərindən birinə çevirmişdir. Son illərdə Naxçıvanın bir çox ölkə və beynəlxalq səviyyəli yarışlara ev sahibliyi etməsi deyilənləri bir daha təsdiq edir. Görülən işlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 fevral tarixli Sərəncamı ilə “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı” təsdiq olunmuşdur. Proqramın məqsədi əhalidə sağlam həyat tərzinin formalaşdırılması, uşaq və gənclərin idmana cəlbinin kütləvi xarakter alması və idmanın müxtəlif növlərinin inkişafına şərait yaradılmasıdır.

İdmanın inkişafına təsir göstərən ən mühüm faktorlardan biri bu sahədə müasir infrastrukturun yaradılmasıdır. Fevralın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə Ağbulaq Xizək Mərkəzinin istifadəyə verilməsi Naxçıvanda idmanın yeni inkişaf mərhələsinə qədəm qoymasından xəbər verir.
Mərkəzdə 6 və 16 mart tarixlərdə gənclər üçün xizəksürmə təlimi təşkil olunmuşdur. Həmçinin birinci rübdə “Ağbulaq Xizəksürmə İdman Klubu”nun yaradılması ilə bağlı təşkilati tədbirlər həyata keçirilmişdir.

Muxtar respublikamızda idman komplekslərinin sayının hər keçən il daha da artması gənclərin müxtəlif idman növləri ilə məşğul olması üçün yeni imkanlar yaradır. Bu da bədən tərbiyəsi və idman sahəsində istedadlı gənclərin üzə çıxması ilə nəticələnir ki, həmin idmançılar muxtar respublikamızı müxtəlif ölkə və beynəlxalq səviyyəli yarışlarda təmsil edərək böyük uğurlara imza atırlar. İdman infrastrukturunun modern tələblər səviyyəsində qurulması işinin təhsil müəssisələrindən başlanması isə Naxçıvanda peşəkar idmançı potensialının formalaşmasına səbəb olur. Dövlət proqramının icrasına uyğun olaraq birinci rübdə təhsil müəssisələrinin idman klublarına yeni avadanlıqların təqdim olunması bu sahəyə göstərilən dövlət qayğısının mühüm təzahürüdür. Belə ki, bu dövrdə Təhsil Nazirliyinin tabeliyində olan təhsil müəssisələrinin idman klubları üçün 140 güləş döşəyi, 40 tatami, 14 tennis stolu, 14 tennis toru, 15 cüt raketka və tennis şarları, 10 dəst atletika səddi, 14 dəst yadro və 26 start qəlibləri, 108 gimnastika döşəyi, müxtəlif ölçüdə 15 fitnes topu və digər lazımi avadanlıqlar alınmışdır.
Qeyd olunanlarla yanaşı, birinci rübdə Ordubad Şəhər Stadionunun, Naxçıvan Futbol Federasiyasının təlim-məşq kompleksinin və Kəngərli rayonunda süniörtüklü futbol meydançasının yaradılması davam etdirilmişdir. Martın 11-də Naxçıvan Biznes Mərkəzində İqtisadiyyat Nazirliyi və Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə keçirilən seminarda sahibkarlıq subyektlərinə minifutbol meydançasının yaradılması layihəsinin təqdimatı keçirilmiş və bu sahədə dövlət maliyyə dəstəyi barədə məlumat verilmişdir.
İdman yeniyetmə və gənclərdə sağlam həyat tərzinin formalaşmasına, onların fiziki qabiliyyətlərinin təkmilləşməsinə və yaradıcı düşüncəyə sahib şəxsiyyət kimi formalaşmalarına səbəb olan sosial əhəmiyyətli fəaliyyət növüdür. Gənclərin müasir dövrün zərərli vərdişlərindən uzaqlaşdırılması və gələcək həyat fəaliyyətinin sağlam təməllər üzərində qurulması üçün idman əvəzolunmaz vasitədir. Muxtar respublikamızda bu sahənin inkişafına göstərilən dövlət dəstəyi sağlam şüura malik gənc nəslin yetişməsi üçün həyati əhəmiyyət kəsb edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında yaradılan müasir təhsil və idman infrastrukturu gənc nəslin bacarığına görə peşə seçiminə və təhsil almasına, müxtəlif idman növləri ilə məşğul olmasına imkan verir. Bu sahədə görülən işlərin nəticəsidir ki, muxtar respublikada sağlam gənc nəsil yetişir. Gənclər zərərli vərdişlərdən və hüquqazidd hərəkətlərdən uzaqdır. Hər il ali məktəblərə qəbul olan gənclərin, eləcə də yüksək bal toplayanların sayı artır, gənclər müxtəlif idman yarışlarında uğurla çıxış edir, muxtar respublika iqtisadiyyatının inkişafına öz töhfələrini verirlər”.

Dövlət proqramının icrasına uyğun olaraq birinci rübdə yeniyetmə və gənclərin sağlam ruhda böyümələri, zərərli vərdişlərdən uzaq durmaları məqsədilə “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında voleybol, şahmat, atletika, basketbol, stolüstü tennis üzrə 14 birincilik keçirilmişdir.
Yanvar-mart aylarında muxtar respublikada idmanın kütləviliyinin təmin edilməsi məqsədilə Naxçıvan şəhərində keçirilən 11 idman tədbirində 450, Şərur rayonunda keçirilən 13 idman tədbirində 468, Culfa rayonunda keçirilən 9 idman tədbirində 435, Ordubad rayonunda keçirilən 10 idman tədbirində 440, Şahbuz rayonunda keçirilən 12 idman tədbirində 458, Babək rayonunda keçirilən 8 idman tədbirində 425, Kəngərli rayonunda keçirilən 10 idman tədbirində 446 və Sədərək rayonunda keçirilən 8 idman tədbirində 430 idmançının iştirakı təmin olunmuşdur. 15-18 mart tarixlərində keçirilən bilyard idman növü üzrə turnirdə “İdman könüllüləri”nin hakim qismində iştirak etməsinə şərait yaradılmışdır.
Dövlət proqramında xüsusi diqqət yetirilən tədbirlərdən biri də muxtar respublikada idman sahəsində kadr təminatının təşkilidir. Bu tədbirlərin müəyyən olunmasında məqsəd bədən tərbiyəsi və idman sahəsində tədrisin səviyyəsinin yüksəldilməsi, pedaqoji kadrların peşə hazırlığının təkmilləşdirilməsi və tədrisin ixtisaslı müəllimlər tərəfindən aparılmasının təmin edilməsidir. Birinci rübdə muxtar respublikada Fiziki tərbiyə ixtisası üzrə 4 ixtisaslı müəllim işlə təmin olunmuş, 268 müəllim sertifikasiyadan keçirilmişdir. Eyni zamanda ixtisaslı kadr hazırlığına dəstək məqsədilə “Naxçıvan” Universitetinin Bədən tərbiyəsi və idman ixtisası üzrə təhsil alan 25 tələbəsinin ümumtəhsil məktəblərində təcrübə keçmələrinə şərait yaradılmışdır. Həmçinin bu dövrdə respublika dərəcəli hakim Füzuli Salmanovun iştirakı ilə Naxçıvan Dövlət Universitetində basketbol idman növü üzrə seminar təşkil edilmiş, 15 tələbə 2 həftə ərzində hakimlik kursuna cəlb olunmuşdur.
Bədən tərbiyəsi və idman sahəsində kadr təminatının gücləndirilməsi üçün muxtar respublikada idmanın müxtəlif növləri üzrə fəaliyyət göstərən məşqçilərin nəzəri və praktik vərdişlərinin təkmilləşdirilməsi də mühüm önəm kəsb edir. Pro­qramda nəzərdə tutulan tapşırıqların icrası məqsədilə 28 fevral-3 mart tarixlərdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının müvafiq ixtisaslı əməkdaşları tərəfindən Naxçıvanda futbol məşqçiləri üçün “C” kateqoriyalı məşqçilik kurslarının keçirilməsi təmin olunmuşdur. Ötən ilin sentyabr ayından başlanan kursların birinci rübdə də davam etdirilməsi bu sahədə həyata keçirilən uğurlu əməkdaşlıqdan xəbər verir.
Bütün bunlarla yanaşı, idmanın inkişafını təmin edən başlıca amillərdən biri də qarşılıqlı əməkdaşlıq fəaliyyətinin beynəlxalq səviyyədə reallaşdırılmasıdır. Dövlət proqramının icrası istiqamətində muxtar respublika idmançılarının beynəlxalq yarışlarda iştirakı təmin olunur, bu sahədə müasir dövrün çağırışlarına cavab verə biləcək idman potensialı formalaşdırılır. Bu, bir tərəfdən beynəlxalq idman aləmində baş verən yeniliklərin vaxtında və düzgün mənimsənilməsinə, digər tərəfdən muxtar respublikanın dünya idman ailəsinin bir üzvünə çevrilməsinə şərait yaradır. Birinci rübdə Naxçıvan şahmatçılarının onlayn qaydada keçirilən 6 beynəlxalq yarışda iştirakı təmin edilmişdir. Həmçinin bu dövrdə muxtar respublikada hava və ekstremal idman növləri ilə məşğul olan idmançıların və Türkiyə Respublikasından olan alpinistlərin Haçadağa yürüşü təşkil olunmuşdur. Naxçıvan Futbol Federasiyasının qapıçılar üzrə koordinatorunun Türkiyə Respublikasının Bandırma şəhərində təşkil olunan nəzəri-praktik kurslarda iştirakının təmin edilməsi qardaş ölkə ilə idman sahəsində həyata keçirilən qarşılıqlı əməkdaşlığın daha bir ifadəsidir.
Dövlət proqramında nəzərdə tutulan mühüm tədbirlərdən biri də idmançıların əməyinin qiymətləndirilməsidir. Bu istiqamətdə görülən işlər stimullaşdırıcı xarakter daşımaqla idmançıların fiziki bacarıqları qədər mənəvi hazırlıqlarının da yüksək səviyyədə olmasının təmin edilməsi məqsədi daşıyır. Unutmaq olmaz ki, idmançının malik olduğu ruh yüksəkliyi onun fiziki, texniki və taktiki hazırlığını daha da gücləndirir. Yanvar-mart aylarında muxtar respublikada keçirilən yarışlarda qalib olan 58 idmançının müxtəlif geyim dəstləri və digər idman ləvazimatları ilə mükafatlandırılması onların fiziki hazırlığının daha da artırılmasına hesablanmış mütərəqqi addımlardandır.
Müxtəlif üsullarla həyata keçirilən maarifləndirmə işi idmanın kütləviliyini təmin edən digər vacib amillərdəndir. Onu da qeyd etmək lazımdır ki, fərqli idman növləri üzrə təşkil olunan sosial şəbəkə aksiyaları, sadəcə, gənclərin deyil, eyni zamanda bütün yaş qruplarına məxsus insanların idmanla məşğul olması üçün vacib əhəmiyyət daşıyır. Bədən tərbiyəsi və idmanın yeniyetmə və gənclərlə yanaşı, yuxarı yaş qrupuna aid insanlar arasında təbliği bu sahənin daha sürətlə kütləviləşməsinə səbəb olur. Bu da Dövlət proqramında əhalidə sağlam həyat tərzinin formalaşdırılması istiqamətində müəyyən olunmuş tədbirlərin müvəffəqiyyətlə reallaşmasına imkan yaradır. Yanvar-mart aylarında “Bilmədiklərimiz”, “Bilirsinizmi?” kimi sosial şəbəkə aksiyaları vasitəsilə müxtəlif idman növlərinin üstünlükləri tanıdılmışdır. Bu aksiyalar çərçivəsində xizəksürmə, badminton, biatlon, velosiped, segway polo idman növləri üzrə məlumat xarakterli posterlər hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır. Bütün bunlarla yanaşı, birinci rübdə proqramın icrası məqsədilə Naxçıvan Televiziyasında “Naxçıvanda idman”, “Gəncsən”, “İdman klubu”, “Karyera”, “Güclü və zərif”, “Gəncliyin səsi” verilişləri hazırlanmış, “Nuhçıxan” İnformasiya Agentliyinin saytında 6 material yerləşdirilmiş, “Şərq qapısı” qəzetində 4 yazı dərc edilmişdir.
Dövlət proqramının icrası istiqamətində həyata keçirilən uğurlu fəaliyyət parlaq nailiyyətlərlə müşahidə olunur. Bu uğurlar isə qarşıdakı dövrdə daha böyük nailiyyətlərin qazanılacağına güclü inam yaradır.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR