20 aprel 2021-ci il tarixdə Nazirliyin təşkilatçılığı ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında ixtisasların hamiliyə verilməsi ilə əlaqədar Naxçıvan Musiqi Kollecinin “Kitabxana-informasiya təminatı” ixtisası üzrə təhsil alan tələbələrinə “Metodika və biblioqrafiya şöbəsinin iş funksiyası” mövzusunda açıq dərs keçirilmişdir.
Tədbiri giriş sözü ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açaraq qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının əhəmiyyətindən danışmışdır.
M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Metodika və biblioqrafiya şöbəsinin müdiri Fəridə Ələsgərova “Metodika və biblioqrafiya şöbəsinin iş funksiyası” mövzusunda çıxış edərək bildirmişdir ki, kitabxanalarda məlumat-biblioqrafiya işinin müvəffəqiyətlə aparılması soraq-biblioqrafiya aparatının düzgün tərtib edilməsindən asılıdır. Kitabxana-biblioqrafiya biliklərinin təbliği, yəni oxuculara məlumat nəşrlərindən, kataloq və kartotekalardan sərbəst istifadənin öyrənilməsi məqsədi daşıyan bütün proseslər soraq- biblioqrafiya aparatı ilə bilavasitə əlaqədardır. Soraq biblioqrafiya aparatını kataloqlar, məlumat-ədəbiyyat fondu, kartotekalar, ödənilmiş arayışların arxivi təşkil edir. Şöbədə kartoteka sistemi tərtib edilərkən dövri mətbuat materialları KBT-yə əsasən elm sahələri üzrə təsvir olunur və sistemli şəkildə kataloq qutularına yerləşdirilir. Hər bir kitabxanada yaradılmış kartoteka sistemində diyarşünaslıq kartotekası da olmalıdır. Diyarşünaslıq kartotekasında kitabxananın fondunda muxtar respublikaya aid olan bütün dövri mətbuat və məcmuə materiallarının, bəzən də bu sahəyə aid olan kitabların ayrı-ayrı fəsillərinin analıtık təsviri verilməlidir. Məqalələri təsvir edərkən onların məzmununa, əhəmiyyətinə və dəyərliliyinə xüsusi fikir verilməlidir.
Qeyd edilmişdir ki, metodika və biblioqrafiya şöbəsi rayon (şəhər) MKS-lərə təşkilati metodiki işi bir neçə formada həyata keçirir: müəyyən mövzulara həsr edilmiş elmi-metodiki məktub və vəsaitlərin hazırlanaraq yerlərə göndərilməsi, yerlərə ezamiyyələr, MKS-lərin M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında təşkil edilmiş təcrübə məşğələlərində iştirakı və s. Şöbə kitabxanaların qabaqcıl iş təcrübəsinin öyrənilməsini ümumiləşdirərək kitabxana daxilində və yerlərdə tətbiq edilməsini təşkil edir.
Sonda tələbələri maraqlandıran suallara cavab verilmiş, tələbələr şöbənin iş funksiyası ilə əyani tanış olmuşlar.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət
Nazirliyinin mətbuat xidməti