Ekoloji problemlərin həlli, ətraf mühitin qorunması, təbiətin zənginləşdirilməsi Naxçıvan Muxtar Respublikasında həyata keçirilən kompleks quruculuq tədbirlərinin mühüm istiqamətlərindən biridir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi ekoloji siyasətin bu gün ölkəmizdə uğurla həyata keçirilməsinin nəticəsidir ki, son illər muxtar respublikada da yaşıllıqların həcmi dəfələrlə artıb, qədim diyarımız yaşıllıqlar məskəninə çevrilib. Ötən dövr ərzində diyarımızda ekologiyanın mühafizəsi, bu sahədə görülən işlərin kəmiyyət və keyfiyyətinin yüksəldilməsi, mövcud problemlərin həlli istiqamətində də mühüm tədbirlər həyata keçirilib, yeni əkilən ağacların suvarılmasında damcı üsulunun tətbiqi genişləndirilib, bəzək kolları, həmişəyaşıl, həmçinin meşə ağaclarının əkilməsi, müntəzəm olaraq onlara qulluq edilməsi diqqət mərkəzində saxlanılıb, ekoloji tarazlığın qorunmasında müstəsna rola malik olan yaşıllıq zolaqlarının bərpası və artırılması istiqamətində aparılan işlər prioritet vəzifəyə çevrilib. Cari ildə də bu tədbirlər davam etdirilməkdədir.
Aprelin 24-də keçirilən iməciliklər də yüksək səviyyədə təşkili ilə diqqəti çəkib. Naxçıvan şəhərinin sakinləri, idarə, müəssisə və təşkilatların nümayəndələri bu tədbirdə fəallıq göstəriblər. Həmin gün “Duzdağ” hotelə gedən yolun kənarındakı bağda və dairəvi avtomobil yolunun kənarlarında 85 meşə ağacı əkilib, yaşıllıqlara aqrotexniki qulluq göstərilib, ahıl vətəndaşın evində təmizlik işləri aparılıb.
Muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur rayonunun sakinləri də əvvəlki iməciliklərdə olduğu kimi, əzmkarlıq nümayiş etdirib, Kürkənddəki 1 hekrarlıq meyvə bağında və digər ərazilərdə yaşıllıqlara aqrotexniki qulluq göstərib, ağartma və suvarma işləri aparılıb.
İməcilik günü Babək rayonunun ərazisində də qələbəlik müşahidə edilib. Qahab-Yarımca avtomobil yolunun kənarlarındakı yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib, ağacların dibləri alaq otlarından təmizlənib və ağartma işləri aparılıb.
Bağlar diyarı Ordubadda da iməciliklər mütəşəkkilliklə keçirilib. Rayonun iməcilik ərazilərində yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib, budama və suvarma işləri görülüb.Culfa rayonunda da həmin tədbirlər davam etdirilib.
Kəngərli rayonunda magistral yolun Qabıllı hissəsində yaşıllıqlara aqrotexniki qulluq göstərilib, 100 meyvə ağacı əkilib.
Şahbuzlular Heydər Əliyev Su Anbarının yaxınlığındakı 7 hektarlıq ərazidə və Mərəlik kəndindəki üzüm bağında yaşıllıqlara aqrotexniki qulluq göstərib, budama və suvarma işləri görülüb.
Sədərəklilər Şəhidlər xiyabanı ərazisində bərpa məqsədilə 80, gömrük məntəqəsinə gedən yolun kənarlarında 3600, Bayraq Meydanı ərazində 1500 gül kolu, Dəmirçi kəndi ərazisində yol kənarlarına 350 meyvə ağacı əkiblər.
İməciliklərdə 18 min 850 nəfər iştirak edib. Ümumilikdə, 5715 olmaqla, 85 meşə, 450 meyvə, 5180 gül və bəzək kolları əkilib.
Xəbərlər şöbəsi