22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyində “Xəmsə” milli intellektual oyunu üzrə XIII Azərbaycan çempionatının ikincisi olan “Diplomat” komandasının üzvləri ilə görüş keçirilib. Gənclər və İdman naziri Azad Cabbarov gəncləri təbrik edərək bildirib ki, qazanılan nəticə muxtar respublikada aparılan gənclər siyasətinin uğurla icra olunmasından xəbər verir. Gənclərin yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda tərbiyəsi, onların sosial müdafiəsi və məşğulluğunun təmin edilməsi daim diqqət mərkəzində saxlanılır. Dövlətimizin bu sahəyə qarşı həssas münasibəti, yaradılan əlverişli şərait istedadlı gənclərimizin müxtəlif sahələrdə uğurla təmsil olunması, Vətənə, xalqa, dövlətçiliyə ləyaqətlə xidmət etməsinə əsaslı zəmin yaradır.

Gənclər və İdman Nazirliyi tərəfindən müxtəlif formatda keçirilən intellektual oyunların önəmindən bəhs edən Azad Cabbarov vurğulayıb ki, yarışmalar gənclərimizin bilik və dünya görüşünün zənginləşməsində müstəsna rola malikdir. Uğur qazanan komandalarımızın ölkə birinciliklərində iştirakı davamlı olaraq təmin edilir. Sevindiricidir ki, ölkə miqyasında əldə olunan uğurlarımızın siyahısına daha biri əlavə olundu. Buna qədər təmsilçilərimiz “Axtar tap”, “Vətəni tanı”, “Nə? Harada? Nə zaman?” və “Poliqon” intellektual oyunlarının mükafatçıları sırasına düşüblər. Nazir əminliyini bildirib ki, gələcək yarışlara da əzmlə, böyük ruh yüksəkliyi ilə hazırlaşılacaq. Komandaya uğurlar arzulayan Azad Cabbarov gəncləri nazirlik adından təşəkkürnamə və hədiyyələrlə mükafatlandırıb.
“Diplomat” komandasının üzvləri göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, intellektual yarışmada muxtar respublikanı “Naxçıvan” Universitetinin İdarəetmə fakültəsinin dekan müavini Tural Məmmədzadə və Naxçıvan Dövlət Universitetinin tələbələri – Qulu Əlisoy, Əli Əliyev, Fərid Hacıyev, Zamin İbrahimov təmsil ediblər.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman
Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR