23 Dekabr 2024, Bazar ertəsi

Şəhidlik zirvəsinə – ən ali məqama ucalmaq Allahın çox sevdiyi bəndəsinə qismət olur. Bəlkə də, Ulu Yaradan ömürboyu öz halal süfrəsi ilə öyünən Fərman kişinin övladına da bu şərəfli ölümü məhz buna görə bəxş etdi...
Ordumuzun düşmənə əks-hücumunun gücləndiyi bir vaxtda Babək rayonunun Şıxmahmud kəndinə ildırım sürətilə bir xəbər çatdı: Şəhidin var, Şıxmahmud! Bütün kənd sakinləri Fərman kişinin həyətinə toplaşdı. Göz yaşlarına boğulan atanın dilindən qeyri-ixtiyari bu sözlər qopdu: – “Halal çörəyim sənə halal olsun, oğul, başımızın tacı oldun!”

Şəhid leytenant Əliyev Fərmin Fərman oğlu 20 mart 1996-cı ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonu, Şıxmahmud kəndində anadan olmuşdu. Şıxmahmud kənd orta məktəbinin 9-cu sinfini bitirdikdən sonra – 2011-ci ildən Heydər Əliyev adına Hərbi Liseydə təhsilini davam etdirmişdi.
2014-cü ildə liseyi bitirən Fərmin 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Xüsusi təyinatlı texnika və sistemlər ixtisasına yiyələnmişdi. Akademiyanı bitirdikdən sonra Tərtər rayonundakı hərbi hissədə hərbi qulluğa başlamışdı. O, buradan çevikliyi və bacarığı ilə fərqlənir, bir qədər sonra Mingəçevir şəhərinə xüsusi təyinatlı olaraq göndərildi.
Sentyabrın 27-də başlayan müharibənin ilk günündən isə Fərminin taboru Ağdərəyə göndərilir. Buradakı döyüşlərdə böyük şücaət göstərir.
Fərmin öz əsgərlərini “balacalar” adlandırır, onlara xüsusi qayğı göstərir, istər maddi, istərsə də mənəvi cəhətdən onlara dayaq dururdu. Özü dediyi kimi, əsgərlər rahat olanda o da rahat olurdu. Bunları Fərminin döyüş yoldaşları deyir.
Fərmin böyük ürək sahibi idi. Çöhrəsindən təbəssüm əskik olmazdı. Təsadüfən Fərmini kədərli, ya da kefsiz görən tanışları təəccüb edərdi. O, nə qədər həyatsevər, nə qədər nikbin, nə qədər vətənpərvər idi. Azərbaycan bayrağına xüsusi məhəbbəti vardı. Öz toyunda bəy maşını və toy həyətini Azərbaycan bayrağı ilə bəzəmişdi. Bu onun öz arzusu idi. Kiçik ürəyində ümman qədər Vətən sevgisi vardı. Elə bu sevgi onu müharibənin ən qaynar nöqtələrinə apardı. Ağır döyüşlərdən birində qəhrəmancasına şəhid oldu.
Fərmin ailədə tək oğul idi. Məzuniyyətə gəldiyi günlərdə də dincəlməz, təsərrüfat işlərində atasına kömək edərdi. Ata-anasını çox sevirdi. Həmişə deyirdi ki, tələsməyin, işləyib sizin işinizi yüngülləşdirəcəyəm.
İgid eloğlu hansı yolu tutduğunu çox gözəl anlayırdı. 27 sentyabr – müharibənin birinci günü evə zəng edir. Toyundan cəmi 9 ay keçməsinə baxmayaraq, sanki illərin ailə başçısı kimi öz həyat yoldaşına deyir: – “Sizi sevdiyim qədər Vətənimi də sevirəm. Mən şəhid olsam, siz Vətənə əmanətsiniz. Sən güclü və ağıllı qadınsan. Hər şeyin öhdəsindən gələcəyinə inanıram. Doğulacaq körpəmə yaxşı baxarsan. Qismət olsa, görüşərik”.
Çox təəssüf ki, qəhrəman şəhidimizə bu görüş qismət olmadı. O bu dünyadan nakam getdi. Şəhid olduğunun 23-cü günü Fərminin oğul övladı dünyaya gəldi. Fərminin öz arzusu ilə uşağa atasının adını verdilər. Əliyev Fərman Fərmin oğlu.
İnanırıq ki, bu oğul ata məhəbbəti, ata nəvazişi görməsə də, öz atası ilə fəxr edəcək, qürur duyacaq. Atası haqqında yazılanları sevə-sevə oxuyacaq, sinəsi fəxarət hissindən qabaracaq. Öz övladlarına, nəvə-nəticələrinə atasının qəhrəmanlığından, qorxmazlığından, vətənsevərliyindən danışacaq və igid atasını görmədiyinə təəssüflənəcək.
Bu gün Fərminin ata-anası, həyat yoldaşı, doğmaları qüdrətli ordumuzun cəbhədəki qələbəsi ilə təsəlli tapırlar. Bir də onun döyüşlərdə göstərdiyi şücaətin dövlətimiz, Ali Baş Komandanımız tərəfindən qiymətləndirilməsi ilə. Şəhidimiz döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə “Vətən uğrunda” medalı və “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib.
Rahat yat, qardaşım! Sənin çox sevdiyin Azərbaycan bayrağı bütöv Qarabağda, Şuşada dalğalanır. Ruhun şad olsun.

Sədaqət İSMAYILLI
“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin əməkdaşı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR