22 Dekabr 2024, Bazar

Sağlamlıq imkanları məhdud uşaq, yeniyetmə və gənclərin bir fərd olaraq özünəqulluq bacarıqlarına malik olması, müəyyən vərdişlərə yiyələnməsi, fiziki və əqli inkişafına uyğun olaraq təhsil almaları onların inkişaf səviyyəsini şərtləndirən əsas amillərdən biridir. Əqli və fiziki imkanlarının məhdudluğundan asılı olmayaraq, hər bir insanın cəmiyyətə inteqrasiyasının təmin edilməsinə nail olmaq təkcə müəyyənləşdirilən missiya deyil, həm də müqəddəs bir vəzifədir. Muxtar respublikamızda bu istiqamətdə aparılan islahatlar, xüsusən də qəbul olunan Dövlət proqramları həyata keçirilən tədbirlərin daha sistemli və keyfiyyətli şəkildə icrasını təmin edir.

Elə biz də bu istiqamətdə görülən işlər, Ali Məclis Sədrinin 2021-ci il 15 mart tarixli Sərəncamı ilə təsdiq olunan “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin direktoru Ramin Səfərovla həmsöhbət olduq. O bildirdi ki, muxtar respublikada uşaqların təhsili, sağlamlıqlarının qorunması, istedadlarının üzə çıxarılması, intellektual inkişafı, asudə vaxtlarının düzgün təşkilinin təmin edilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Sağlamlıq imkanları məhdud uşaqların tibbi və sosial reabilitasiyası ilə bağlı tədbirlərin əhatə dairəsi isə xüsusilə genişlənməkdədir. Həyata keçirilən tədbirlər bu kateqoriyadan olan uşaqların sosiallaşmasına, sağlam həyat tərzi keçirmələrinə, təhsilə maraqlarının artmasına, bacarıq və qabiliyyətlərinin inkişaf etdirilməsinə şərait yaradır.
Ramin Səfərov dedi ki, yeni Dövlət proqramının qəbul edilməsi muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqlara göstərilən diqqət və qayğının bariz nümunəsidir. Bu dövlət sənədinin əsas məqsədi bu kateqoriyaya aid uşaqların təhsilə və cəmiyyətə inteqrasiyası, inklüziv təhsil imkanlarından geniş istifadə olunması, distant təhsil proqramlarının təkmilləşdirilməsi, fiziki imkanları məhdud uşaqların sosial reabilitasiyasının təmin olunmasından ibarətdir.

Həmsöhbətim onu da vurğuladı ki, Dövlət proqramının əsas prioritet istiqamətlərindən biri müvafiq kateqoriyadan olan uşaqlar üçün tolerant və hərtərəfli təhsil mühitinin yaradılmasıdır. Məlumat üçün qeyd edək ki, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası müddətində də onların təhsilə cəlbi sistemli xarakter alıb, inklüziv təhsil üçün əsaslı zəmin hazırlanıb. Müvafiq dövr ərzində, sağlamlıq imkanları məhdud 59 uşaq məktəbəqədər, 372 uşaq ümumtəhsil müəssisələrinin 1-ci siniflərinə, 147 uşaq musiqi məktəblərinə, 797 uşaq isə məktəbdənkənar təhsil müəssisələrinə və idman qruplarına cəlb edilib. Həmçinin bu dövr ərzində Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində artterapiya və kompüter kursları, kinekt oyunları və əmək terapiyası otaqları fəaliyyətini davam etdirib, yeni xidmətlər, musiqi terapiyası və təlim-bərpa otağı istifadəyə verilib. Mərkəzdə təşkil edilən məşğələlərə, ümumilikdə, 376 uşaq cəlb edilib. Sağlamlıq imkanları məhdud uşaqların tibbi reabilitasiyası ilə bağlı da ötən dövrdə ardıcıl tədbirlər icra olunub, bunun üçün Naxçıvan Uşaq Bərpa Mərkəzində hərtərəfli şərait yaradılıb, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən mərkəzə yeni tibbi avadanlıqlar alınıb, həyət­yanı sahəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün uyğunlaşdırılmış əyləncəli oyun sahəsi istifadəyə verilib.
Müsahibim qeyd etdi ki, görülən bu işlərlə yanaşı, proqramın qarşıdakı dövr ərzində icrası ilə əlaqədar gözləntilər də çoxdur. Əsas prioritet istiqamətlərindən biri müvafiq sosial kateqoriyadan olan uşaqların təhsilə cəlbində davamlılığın təmin edilməsindən ibarətdir. Bu məqsədlə tədris prosesi ərzində muxtar respublikanın ümumtəhsil, məktəbdənkənar, uşaq musiqi və idman məktəblərində təhsilə cəlb edilmiş bu kateqoriyadan olan uşaqlarla maarifləndirici söhbətlər həyata keçirilir. Monitorinq zamanı məktəb psixoloqlarının sağlamlıq imkanları məhdud olan uşaqların psixoloji durumu ilə bağlı valideynlərlə sıx təmasda olmasına, onlara xüsusi həssaslıqla yanaşmaqla daim nəzarətdə saxlanılmasına dair müvafiq tövsiyələr verilir, psixoloqların, valideynlərin iştirakı ilə maarifləndirici seminarlar təşkil edilir.
Müsahibimlə söhbət zamanı onu da öyrəndik ki, sözügedən Dövlət proqramında sağlamlıq imkanları məhdud uşaqların müasir informasiya texnologiyalarından istifadə sahəsində biliklərinin artırılmasına da xüsusi önəm verilir. Proqramın icrası, müvafiq kateqoriyadan olan uşaqların müasir dövrün texnoloji imkanlarından daha fəal istifadə etməsi ilə bağlı görüləcək işlər onların həmyaşıdlarından geri qalmamasına və inteqrasiya imkanlarının çoxalmasına gətirib çıxaracaq. Tədrisin ənənəvi forması ilə yanaşı, distant dərslərin də təşkili uşaqların keyfiyyətli təhsil alması üçün çoxşaxəli fəaliyyətin həyata keçirilməsində böyük rol oynayır. Proqramın icrası zamanı qarşıya qoyulan əsas hədəflərdən biri də məhz təlim-tədris proseslərinin daha da müasirləşdirilməsidir. Bununla əlaqədar sağlamlıq imkanları məhdud uşaqların müasir informasiya texnologiyalarından istifadə sahəsində biliklərinin artırılmasına xüsusi önəm verilir. Dövlət proqramında bu kateqoriyadan olan uşaqların inklüziv dərslərə cəlb edilməsini nəzərdə tutan tapşırıqlar müəyyən olunub. Bu tapşırıqları icra etmək üçün sağlamlıq imkanları məhdud uşaqlarla görüşlər olur, onların dərs ləvazimatları, məktəbli və qış geyimləri ilə təmin edilmələri, həmçinin istedadlarının aşkara çıxarılması, asudə vaxtlarının səmərəli təşkili məqsədilə müxtəlif müsabiqələr, sərgi, bilik və idman yarışları keçirilir. Eyni zamanda bu qəbildən olan uşaqlara muxtar respublikada fəaliyyət göstərən muzeylərə, tarix və mədəniyyət abidələrinə ekskursiyalar təşkil edilir, onlar üçün müxtəlif filmlər nümayiş olunur. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası tərəfindən istedadlı idmançıları aşkara çıxarmaq məqsədilə müxtəlif idman yarışlarının keçirilməsi onların sağlam ruhda böyümələrinə və cəmiyyətdə özlərinə layiqli bir mövqe tutmalarına stimul verir.
Son olaraq müsahibim onu da vurğuladı ki, proqramın icrası çərçivəsində sağlamlıq imkanları məhdud uşaqların Naxçıvan Uşaq Bərpa Mərkəzində müvafiq tibbi reabilitasiyası üçün də hərtərəfli şərait yaradılıb. Bu şəraitdən düzgün istifadə olunması diqqətdə saxlanılır.

Bütün bunlar onu deməyə əsas verir ki, yeni Dövlət proqramının icrası sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasına, onların təhsilində müasir üsulların tətbiqinə təkan verəcək, müvafiq pedaqoji kadrların hazırlanmasına şərait yaradacaq, onların təhsilə cəlbinin davamlılığını təmin edəcək, inklüziv və məsafədən təhsil imkanlarını daha da artıracaqdır.

 Aytac CƏFƏRLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR