18 Aprel 2024, Cümə axşamı

Muxtar diyarımızın kəndlərində yaradılmış unikal şərait – rahat yol, müasir infrastruktur obyektləri, hər şeydən əvvəl, burada kənd turizminin inkişafı üçün əlverişli imkanlar açıb. Bu baxımdan dilbər guşələrimizdən biri olan Şahbuz rayonundakı Ağbulaq İstirahət Mərkəzini, xüsusilə qeyd etmək lazımdır. 2013-cü ildən fəaliyyətə başlayan mərkəz kənddə turizmin inkişafına böyük təkan olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq muxtar respublikanın kənd turizminin tətbiq edildiyi ilk yaşayış məntəqəsi olan Ağbulaqda kənd və dağ-xizək turizminin inkişafı üçün kompleks quruculuq işləri aparılıb. Bu il fevralın 17-də isə Ağbulaq Xizək Mərkəzi istifadəyə verilib. Ağbulaq İstirahət Mərkəzi yerli və xarici turistlərin ən çox ziyarət etdiyi məkanlardan biridir. Bura qış turizmi ilə yanaşı, yay turizmi üçün də əlverişli məkandır. Kənddə, həmçinin qonaqlar üçün hər cür şəraitlə təmin olunmuş hostellər də var. Kim istəsə, gəlib bu hostellərdə rahat istirahət edə bilər.

Elə bu günlərdə Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun, Naxçıvan Dövlət Universitetinin Tələbə-Gənclər Təşkilatının təşkilatçılığı ilə universitetdə təhsil alan xarici ölkə vətəndaşları və Azərbaycanın regionlarından olan tələbələr Ağbulaq İstirahət Mərkəzinə aparılıb. Biz də fürsətdən istifadə edərək onlarla görüşdük və tələbələrin fikirlərini öyrəndik.
Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində Stomatologiya ixtisası üzrə təhsil alan müsahibim Muhammed Aydın deyir: – Naxçıvan bir çox tarixi gözəlliklərə sahib olan yerdir. İstiqanlı, mehriban insanları, özünəməxsus mədəniyyətləri bizi, sanki öz evimizdə hiss etdirir. Bənzərsiz təbiəti və onun qoynundakı istirahətin ləzzətini canlı olaraq görmək, duymaq tam başqadır. Naxçıvanda yaradılan xizək mərkəzi böyük zənginlikdir. Əvvəllər biz istirahət üçün öz tələbə yoldaşlarımızla buraya yaxın olan Sarıqamış Xizək Mərkəzinə gedirdik və hesabladığımıza görə, təxminən, 400 kilometrə yaxın məsafə qət etmiş olurduq. Amma bu gün mərkəzdən 54 kilometr məsafə qət edərək bu gözəl məkana gəlib əylənə bilirik. Təbii ki, sağlam həyat üçün təbiətdə olmaq, açıq havada gəzmək, idman etmək lazımdır. Ərazi bütün bunlara imkan verir. İstirahət edərkən aldığım xoş təəssüratlar hesabına, əminəm ki, yolumu yenidən bu bölgəyə salacağam.

Ağbulağın təbiətinə heyran olan digər xarici tələbələrdən biri də Furkan Baran Bilgindir. Naxçıvan Dövlət Universitetində Stomatologiya ixtisasında təhsil alan Furkan bildirir ki, gərgin semestr ərzində Ağbulaqda bir gün keçirmək istirahətin ən gözəl formasıdır. Adını bulaqdan alan bu kənd çayları, dərələri, havası ilə cənnət kimi bir yerdir. Yeni qurulan xizək mərkəzi Ağbulağa böyük bir ad qazandırıb. Burada uşaqların əylənməsi üçün ayrıca yer ayrılmışdır. Xizək sürmək istəməyənlərə isə kanat turları təşkil olunur. Uyğun qiymətlərlə mərkəzdə istədiyiniz qədər əylənə bilərsiniz. İnanıram ki, bu füsunkar bölgə haqqında yaxınlarıma danışsam, onlarda qiyabi də olsa, təəssürat yarada biləcəyəm. Əminliklə deyə bilərəm ki, Ağbulaq buraya gələn yüzlərlə bizim kimi tələbənin, turistlərin yaddaşına təbii gözəllikləri ilə əbədi həkk olunacaq.

Ağbulağın turizm baxımından böyük imkanlara malik bir yer olduğunu söyləyən və Naxçıvan Dövlət Universitetində Stomatologiya ixtisası üzrə təhsil alan Zahir Axundov Azərbaycanın Lənkəran bölgəsindəndir. O deyir ki, biz gənclər üçün belə ekskursiyaların keçirilməsi çox yaxşı bir layihədir. Bu ekskursiyalar asudə vaxtlarımızı səmərəli keçirməyimiz üçün hazırlanıb. Ağbulaq İstirahət Mərkəzi tələbələrin istirahəti üçün ideal kompleksdir və mən digər tələbələrə də vaxtlarını əyləncəli, maraqlı keçirmək üçün Ağbulağa gəlmələrini tövsiyə edirəm. Əlverişli coğrafi mövqeyi, müxtəlif iqlim qurşaqlarının mövcudluğu, zəngin mədəni irsi, təbii müalicə mərkəzləri, mineral suları, özünəməxsus mətbəxi, yüksək qonaqpərvərlik ənənələri və müasir tərəqqisi muxtar respublikada turizmin inkişafını şərtləndirən başlıca amillərdir. Ağbulağın timsalında bir daha deyə bilərik ki, diyarımızda turizm müstəqil istiqamətlər üzrə inkişaf etdirilir. Bu sahədə həyata keçirilmiş tədbirlər Ağbulaq kəndini təkcə öz yurdumuzda, ölkəmizdə deyil, dünyada da tanıtmaqdadır.

 Aytac CƏFƏRLİ

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR