Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Əməkdar jurnalisti Mətanət Məmmədovanın “Naxçıvan blokadası – sənədli-publisistik toplu”, “Naxçıvan blokadası – Naxçıvan dünən və bu gün” adlı 2 cildliyinin müzakirəsi keçirilib.
Tədbiri giriş sözü ilə Təhsil Nazirliyi Aparatının rəhbəri Rəşad Əlizadə açaraq bildirib ki, şagirdlərin dünyagörüşünün formalaşmasında, mənəvi aləminin zənginləşməsində mütaliənin rolu nəzərə alınaraq 2018-2019-cu tədris ilindən etibarən nazirlik tərəfindən aprel ayında muxtar respublikanın ümumtəhsil məktəblərində “Mütaliə aylığı” keçirilir. Cari tədris ilində də bununla bağlı Tədbirlər planı təsdiq edilib və plana uyğun olaraq ay ərzində kitab müzakirələri, dram, inşa, şeir, sürətli oxu müsabiqələri, konfrans, dəyirmi masa, eləcə də interaktiv, nümunəvi, açıq dərslər təşkil edilir. Gənc müəllimlərin iştirakı ilə Əməkdar jurnalist Mətanət Məmmədovanın “Naxçıvan blokadası” ikicildliyinin müzakirəsi də bu silsilə tədbirlərin davamıdır. Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsində, ümumtəhsil məktəblərində tədris vəsaiti kimi tövsiyə olunan “Naxçıvan blokadası – sənədli-publisistik toplu”, “Naxçıvan blokadası – Naxçıvan dünən və bu gün” adlı 2 cildlik Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “2021-ci il üçün elm və mədəniyyət sahələrində Naxçıvan Muxtar Respublika mükafatlarının verilməsi haqqında” 2021-ci il 8 fevral tarixli Sərəncamı ilə elm sahəsi üzrə Naxçıvan Muxtar Respublika mükafatına layiq görülüb.
Tədbirdə Ali Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi, Əməkdar jurnalist Mətanət Məmmədova ümummilli liderimiz Heydər Əliyevin “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir...” dəyərli kəlamını xatırladaraq qeyd edib ki, tarixi keçmişimizin, mədəni irsimizin, eləcə də müstəqillik illərində əldə olunan inkişaf proseslərinin mahiyyətini yeniyetmə və gənclərə aşılamaqda müəllimlərin əvəzsiz rolu vardır. Bu baxımdan “Naxçıvan blokadası – sənədli-publisistik toplu”, “Naxçıvan blokadası – Naxçıvan dünən və bu gün” adlı 2 cildliyin gənc müəllimlər arasında müzakirəsinin keçirilməsi də olduqca əhəmiyyətlidir.
Bildirilib ki, nəşrdə ümummilli liderimiz Heydər Əliyevin 1990-1993-cü illərdə blokada Naxçıvanında naxçıvanlılarla birlikdə yaşaması, bu diyarın insanlarının əsl xilaskarına çevrilməsi, qonşu dövlətlərə üz tutub şəxsi nüfuzu hesabına naxçıvanlıları aclıq, səfalət girdabından xilas etməsi və bunu sübut edən faktlar yer alıb. Toplanan materiallar əsasında ulu öndərimizin Naxçıvanda başladığı işləri böyük məsuliyyət və bacarıqla, ardıcıl şəkildə davam etdirməklə blokada şəraitində inkişaf tarixi yaradan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun qədim diyara bəxş etdiyi töhfələrin kiçik bir qismi fotoların və rəsmi statistikanın dili ilə təqdim olunur, blokada Naxçıvanının dünəni və bu gününün dərin təəssüratlı mənzərəsi yaradılır.
Gənc müəllimlərin suallarını cavablandıran müəllif kitabda yer alan məqalələrdən yola çıxaraq blokadanın çətin, amansız, acı xatirələrinin yaşandığı gənclik illərini yada salıb, 30 il bundan öncə muxtar respublikada insanları mənəvi və maddi iztiraba sürükləyən elektrik enerjisinin yoxluğunu, saatlarla uzanan çörək növbələrini, evlərdə, həyətlərdə, küçələrdə, iaşə obyektlərində, məktəblərdə, mədəniyyət ocaqlarında hökm sürən antisanitariya hallarını, şəraitsizliyi ürək yanğısı ilə diqqətə çatdırıb. Bugünkü inkişafın, tərəqqinin ulu öndərin əsasını qoyduğu siyasi xəttə sadiqliyin sayəsində, illərin çəkilən zəhməti hesabına mümkün olduğunu vurğulayan Mətanət Məmmədova şaxtalı-boranlı günlərdə tədrisin mümkünsüz hal aldığı, sovet dönəmindən qalma şəraitsiz məktəblərdən yaraşıqlı, ən yeni avadanlıqlarla təchiz olunan müasir təhsil ocaqlarınadək keçilən böyük yolu, ümumilikdə, blokadalı inkişaf tarixi yazan muxtar respublikanın yüksəliş mərhələlərini yaşadığı hadisələrin timsalında faktlarla şərh edib.
Sonda diskussiyada fəallıq göstərən, maraqlı suallarla müraciət edən bir qrup gənc müəllimə müəllif tərəfindən “Naxçıvanın publisistik xəritəsi” kitabı hədiyyə olunub.
Nail ƏSGƏROV