30 Aprel 2024, Çərşənbə axşamı

Muxtar respublikada tarixi-mədəni irsimizin, adət-ənənələrimizin, milli dəyərlərimizin qorunması və təbliğinə yönəldilən tədbirlər davamlı xarakter alıb. Ötən ilin yazından başlayaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən Ordubad şəhərindəki qədim Cümə məscidinin bərpasına başlanılması da bunun ifadəsidir. Abidənin təmir-bərpası zamanı muxtar respublika rəhbəri bir neçə dəfə inşaat meydançasında olmuş, dəyərli tövsiyələrini vermişdir.

Şəhərin mərkəzi meydanında, Bərəkə dağının sinəsində ucalan qədim Cümə məscidi öz əzəməti ilə diqqəti cəlb edir. Həmin bina nadir memarlıq abidəsi kimi həmişə rayona gələn qonaqları heyrətə salıb. Memarlıq görkəmi ilə diqqəti cəlb edən bu tikili XVII-XVIII əsrlərə aid abidələrin başlıca cəhətlərini özündə birləşdirir. Məscidin giriş qapısındakı lövhədə 1604-cü ildə I Şah Abbasın beş sətirlik fərmanının mətni yazılıb.
Quruculuq ünvanında olarkən öyrəndik ki, burada aparılan təmir-bərpa işləri zamanı ibadət ocağının memarlıq quruluşu saxlanılaraq dindarlar üçün lazımi şərait yaradılacaq. Sahəsi 890 kvadratmetr olan məsciddə axund otağı, qadın və kişi ibadət zalları və digər otaqlar yerləşəcək. Məscidin həyətində də geniş abadlıq işləri aparılacaq, müasir istilik, işıqlandırma və suvarma sistemi yaradılacaq.
Qədim məsciddə, əsasən, milli-memarlıq elementlərindən istifadə edilərək tarixiliyi və müasirliyi vəhdət şəklində götürülür.
Ordubad şəhər sakini, dindar Nəriman Əliyev bizimlə söhbətdə vurğuladı ki, bina uçub-tökülmək təhlükəsi ilə üz-üzə qalmışdı. Yararsız vəziyyətdə olan məscid dövlətimiz tərəfindən abadlaşdırılıb, gözəlləşdirilir. Ordubad rayonunun dindarları adından milli-mənəvi dəyərlərimizə göstərdiyi diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə dərin minnətdarlığımızı bildiririk.

Abbas SEYİD

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR