30 Aprel 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində fəaliyyətini mart ayında da davam etdirib, yoluxucu xəstəliklərin profilaktikası, ilkin səhiyyə xidmətinin yeni tələblərə uyğunlaşdırılması diqqət mərkəzində saxlanılıb.
Ötən ay Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnnovasiya və Təchizat Mərkəzindən dializ olunan xroniki böyrək çatışmazlığı olan xəstələr üçün dializ materialları və dərman preparatları, M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasından hemofiliyalı və talassemiyalı xəstələr üçün faktor dərman preparatları, Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzindən Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzinə kimyəvi terapiya aparmaq üçün dərman preparatları, ilkin vərəm intoksikasiyasını aşkarlamaq məqsədilə İnnovasiya və Təchizat Mərkəzi və TƏBİB anbarından Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinə 4 min doza tuberkulin və digər dərman preparatları gətirilib.

Tibb işçilərinin peşə bacarıqlarının yüksəldilməsi istiqamətində tədbirlər mart ayında da davam etdirilib. Belə ki, 3 həkim Bakı şəhərində, 1 rezident Naxçıvan şəhər tibb müəssisələrində təcrübə keçməsi üçün göndərilib. Tibb Kollecinin 42 tələbəsi tibb müəssisələrinə hamiliyə verilib.
Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim və tibb işçiləri rayon mərkəzlərinin, qəsəbə və kəndlərin, eləcə də ucqar sərhəd və dağ yaşayış məntəqələrinin səhiyyə müəssisələrində yaradılan imkanlar hesabına əhalinin tibbi müayinəsini uğurla davam etdiriblər. Xəstəxananın həkim briqadası tərəfindən Sədərək rayonunda 50, Şahbuz rayonunda yerləşən Ahıllar Evində olan 5 nəfər tibbi müayinədən keçirilib, lazımi məsləhət və təyinatlar verilib. Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi Ahıllar Evində yaşayan sakinləri, tibbi və xidməti heyəti CovId-19 xəstəliyinə qarşı vaksinasiyadan keçirib.
Hesabat ayında Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzin həkimləri tərəfindən Şahbuz rayonunun Qızıl Qışlaq, Güney Qışlaq, Kükü kəndlərində təhsil işçilərindən 31, kənd sakinlərindən 22 qadında süd vəzinin profilaktik müayinəsi aparılıb, 6 nəfərdə patologiya aşkar olunaraq Onkoloji Mərkəzə ətraflı müayinə və müalicəyə dəvət olunub.
“Azərbaycan Respublikasında COVID-19 infeksiyası əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq muxtar respublikamızda peyvənd işləri mart ayında da davam etdirilib. Profilaktika tədbiri olaraq 3480 tibb işçisinə II tur, 710 təhsil işçisinə, 907 vətəndaşa və hərbi sistemdə işləyən mülkü əhalidən 420 nəfərə I tur vaksinasiya aparılıb.
Naxçıvan Muxtar Respublikası ərazisində genişləndirilmiş dezinfeksiya tədbiri olaraq, Fövqəladə Hallar Nazirliyi və Dövlət Baytarlıq Xidməti ilə birgə 536 min 861, Novruz bayramı tətili günlərində ümumtəhsil məktəblərində, universitet, kollec və məktəbəqədər müəssisələrdə 103 min 139 kvadratmetr sahədə dezinfeksiya işləri həyata keçirilib.
Hesabat ayı ərzində ərzaq istehsal edən müəssisələrdə sanitar vəziyyətə nəzarət məqsədilə yoxlamalar aparılıb, 21 istehsalat obyektində monitorinq keçirilib, 5 obyektdə sanitar vəziyyət barədə xəbərdarlıq edilib.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR