06 Dekabr 2024, Cümə

Muxtar respublikamızda kənd təsərrüfatının inkişafı diqqət mərkəzində saxlanılan sahələrdən biridir. Çünki bu sahənin inkişafı olmadan iqtisadiyyatın gücləndirilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi, sənaye üçün xammal ehtiyatının yaradılması mümkün deyil. Bu baxımdan kənd təsərrüfatının istənilən sahəsində fəaliyyət göstərən hər bir insan hərtərəfli qayğı ilə əhatə edilib. Ona görə də son illər muxtar respublikada kənd təsərrüfatının müxtəlif sahələrində xeyli uğurlara nail olunub.

Heyvandarlıq da inkişaf etməkdə olan aqrar sektorlarımızdandır. Bu sahədə də məqsədyönlü addımlar atılır, mal-qaranın alınmasına və saxlanmasına, cins tərkibinin yaxşılaşdırılmasına yardım məqsədilə heyvandarlıqla məşğul olan fermerlərə banklar və digər kredit təşkilatları tərəfindən müxtəlif kreditlərin verilməsi təmin edilir. Digər tərəfdən, baytarlıq xidmətlərini müasir tələblər səviyyəsində təşkil etmək məqsədilə bu sahənin maddi-texniki təchizatının yaxşılaşdırılması istiqamətində davamlı tədbirlər görülür. Bütün bunlar isə adıçəkilən sahənin inkişafına öz müsbət təsirini göstərir.
Sadaladığımız imkanlardan yararlanıb, öz təsərrüfatını genişləndirən ailə təsərrüfatçılarından biri də Kəngərli rayonunun Çalxanqala kənd sakini Tahar Abdullayevdir. Onunla elə fermasında görüşərək həmsöhbət olduq. Öyrəndik ki, dünyaya gözünü zəhmətkeş, torpağa bağlı bir ailədə açıb. Necə deyərlər, ailəsini həmişə torpaqla, zəhmətlə təmasda görüb. Ata-babası heyvandarlıqla məşğul olublar. Uşaqlıqdan uzun müddət ailəsi ilə birlikdə obalarda yaşayıb. Bu illərdə heyvandarlığın sirlərini öyrənib. Müstəqil həyata qədəm qoyduqdan sonra öz təsərrüfatını yaratmaq qərarına gəlib. Atasının təsərrüfatından 2000 heyvanla ayrılıb. Bu gün isə 4000 heyvan saxlayır. Yəni heyvanların sayını ilbəil artırır. Çünki onun gün-güzəranını yaxşılaşdıran bu sahəyə göstərilən dövlət qayğısı davamlı xarakter alıb. Belə imkanlardan istifadə etməyə hər cür şərait yaradılıb. Elə bu şəraitin hesabınadır ki, istehsal etdiyi pendir, süd, qatıq, şor, yağ və başqa məhsullar özünə xeyli alıcı qüvvəsi toplayıb, ona gəlir gətirib. Tahar Abdullayev onunla əlaqə saxlayıb yerindəcə məhsulu əldə edənlərdən başqa həmin məhsulları satış yarmarkalarına da çıxarır. Bundan başqa, o, Bakı şəhərinə də məhsul göndərir.
Tahar Abdullayev yaradılan şəraitdən istifadə edərək təsərrüfatçılar üçün ayrılan kredit hesabına təsərrüfatını bir qədər də genişləndirib. Artıq onun ailə təsərrüfatında 7 nəfər çalışır. Heyvandarlığın qayğılarından da danışan müsahibim deyir ki, heyvandarlar köçəri həyat yaşayır. Biz də yay aylarında heyvanlarımızı Ordubad rayonunun Göygöl yaylağına aparırıq. Onu da deyim ki, yaylaqda olduğumuz müddətdə asudə vaxtımızdan səmərəli istifadə edərək əkinçiliklə də məşğul oluruq. Hektar yarım sahədən hər il 30 tona yaxın kartof istehsal edib həm yaşayış şəraitimizi yaxşılaşdırır, həm də muxtar respublika bazarlarında bolluğa, ucuzluğa, yerli məhsul tələbatına öz töhfəmizi vermiş oluruq.
Bundan başqa, kəndimizin iqlim şəraiti arıçılığa imkan verdiyinə görə 30 arı ailəsi də saxlayıram ki, onlardan da hər mövsümdə 300 kiloqrama qədər bal istehsal edirəm.
– Arzularına çatmaq üçün zəhmətə qatlaşmalısan, – deyən Tahar qeyd edir ki, insan zəhmət çəkib öz işi ilə məşğul olursa, mütləq bəhrəsini görür. İnsan inandığı, bacardığı bir sahə ilə vicdanla, səylə məşğul olursa, onun uğur qazanması heç də çətin deyil. Mən də təsərrüfatımı yaradarkən göz açıb gördüyüm ata-baba peşəmi davam etdirməyi düşünmüşəm. Bütün nailiyyətlərimin arxasında zəhmət dayanır. Ancaq işləməklə, çalışmaqla nail oluram hər şeyə. Bir də iş üçün şərait, dövlət dəstəyi də çox lazımdır ki, muxtar respublikamızda iş görmək istəyən hər bir zəhmət adamı üçün bu, var. Zəhmətinin dəyərləndirildiyini gördükdə isə insan daha da ruhlanır. Mənim də əməyim dövlətimiz tərəfindən mükafatlandırılıb. Belə ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunmuşam.
Öz övladlarını da zəhmətə alışdıran müsahibim bundan sonra daha da fəallıq göstərəcəyini, yaradılmış şəraitdən səmərəli istifadə edəcəyini dilə gətirdi, muxtar respublikamızda ona və onun kimi təsərrüfat adamlarına göstərilən qayğı üçün minnətdarlığını bildirdi.

 Telli MƏMMƏDOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR