29 Aprel 2024, Bazar ertəsi

Azərbaycan mətbuat tarixində əvəzsiz rol oynamış, XX əsr ictimai fikir və ədəbiyyat tariximizdə yeni dövr açmış, klassik irsimizin dəyərli abidələrindən biri, təkcə Azərbaycanda deyil, bütün Yaxın və Orta Şərq ölkələrində, eləcə də İslam Şərqində siyasi satiranın ilk qaranquşu olmuş “Molla Nəsrəddin” jurnalının nəşrə başlamasından bu il 115 il ötür. 1906-1931-ci illərdə Azərbaycanın mütəfəkkir yazıçı-dramaturqu və publisisti, böyük ədib Cəlil Məmməd­quluzadənin (1869-1932) baş redaktorluğu ilə Tiflisdə, Təbrizdə və Bakıda nəşr edilmiş “Molla Nəsrəddin” jurnalı irəli sürdüyü kəskin sosial-psixoloji, iqtisadi-siyasi, mədəni-mənəvi, eləcə də humanitar problemlərlə, həqiqi sənət əsəri olan nəsr və nəzm örnəkləri ilə bütün zamanlarda aktuallığını itirməyən şəkilli satirik məcmuə olmuşdur. Jurnalın ilk sayı 1906-cı il aprelin 20-də Tiflisdə işıq üzü görmüşdür. 

 

“Molla Nəsrəddin” qısa fasilələrlə 25 il nəşr olunmuş, jurnalın 748 sayı nəşr edilmişdir. 1906-1917-ci illərdə Tiflisdə 340, 1921-ci ildə Təbrizdə 8, 1922-1931-ci illərdə isə Bakıda 400 nömrəsi çapdan çıxmış “Molla Nəsrəddin” jurnalı xalqın taleyini əks etdirən, həmin dövr, bəzən də bütün zamanlar üçün mövcud olan ümumbəşəri həqiqətlərə ayna tutan məcmuə kimi tanınmış və sevilmişdir. Məhz bu cür fəaliyyətin nəticəsidir ki, “Molla Nəsrəddin” həm konkret dövrün ensiklopediyası, həm də bir çox aktual mövzuları ilə müasir dövrün yolgöstərəni rolunu oynayır. Jurnalın meydana çıxması ilə Azərbaycanın ictimai-mədəni həyatında özünüdərk, özünütəhlil və özünütəsdiq üçün böyük zəmin yaranmış oldu. O dövrdə elə bir əhəmiyyətli milli-mədəni, ictimai-siyasi hadisə olmamışdır ki, jurnal onu səhifələrində əks etdirməsin, bu haqda təhlillərə yer verməsin. Nəşrə başladığı ilk illərdə 8 səhifə həcmində nəşr olunan və hər bir nömrəsinin 4 səhifəsi yazıdan, digər 4 səhifəsi isə rəngli karikaturalardan ibarət olan “Molla Nəsrəddin” jurnalı səhifələrində əks etdirdiyi məqalələrdə demokratik cəmiyyət arzusu ilə hər zaman qabaqcıl, mütərəqqi mövqe tutmuş, insanların savadlanması və maariflənməsi işinə böyük töhfələr vermişdir.
Cəlil Məmmədquluzadə 1906-cı il fevralın 21-də Tiflis general-qubernatoruna ərizə ilə müraciət edərək “Qeyrət” mətbəəsində Azərbaycan dilində “Molla Nəsrəddin” adlı həftəlik satirik-yumoristik jurnal çıxarmağa icazə istəmişdir. Onun “qeyri-qanuni hərəkətdə olmadığını” təsdiq edən arayışdan sonra jurnalın nəşrinə icazə verilmişdir. 1906-cı il martın 4-də hökumət tərəfindən Cəlil Məmmədquluzadəyə verilmiş vəsiqədə jurnalın məqalələr, atmacalar, felyetonlar, məzəli şeirlər, məzhəki teleqramlar, satirik hekayələr, lətifələr, poçta qutusu, məzhəki elanlar, xüsusi elanlar, karikatura və illüstrasiyalarla nəşrə başlaması göstərilirdi. Jurnalın 500 nüsxəsi “bir günün ərzində günortayadək”, qalan 500-ü isə Cəlil Məmmədquluzadə və Ömər Faiq Nemanzadənin gərgin əməyi sayəsində gecədən səhərədək çap olunmuşdur.
“Qələmin müqəddəs vəzifəsi xalqın xoşbəxtliyi yolunda xidmət etməkdir. Bu ola gərək hər bir qələm sahibinin amalı”, – deyən Mirzə Cəlilin bu sözləri təkcə onun öz yaradıcılığı üçün deyil, bütövlükdə, molla nəsrəddinçilərin əsl fəaliyyət devizi idi. Doğrudan da, ötən yüzilliyin ilk onilliklərində Azərbaycanda milli şüurun oyanışında, xalqın özünü dərk etməsində, hüquqları, istiqlalı uğrunda mübarizəyə hazırlanmasında “Molla Nəsrəddin” jurnalı çox mühüm rol oynamışdır.
“Molla Nəsrəddin” jurnalı başda Mirzə Cəlil olmaqla, o dövr Azərbaycan ziyalılarının böyük bir qisminin yaradıcılıq fəaliyyətinin parlaq bəhrəsi, şah əsəri idi. C.Məmmədquluzadə bu barədə obrazlı şəkildə belə deyirdi: “Molla Nəsrəddin” tək bir nəfər müəllifin əsəri deyil. “Molla Nəsrəddin” bir neçə mənim əziz yoldaşlarımın qələmlərinin əsərinin məcmuəsidir ki, mən də onların ancaq ağsaqqal yoldaşıyam”. Yenicə yaranmış jurnal tez bir zamanda öz ətrafına Azərbaycan ziyalılarının ən qabaqcıl nümayəndələrini toplayır. Jurnalın redaktoru ilə yanaşı, onun səhifələrində M.Ə.Sabir, Ə.Haqverdiyev, Ə.Nəzmi, Ə.Qəmküsar, M.S.Ordubadi, Ö.F.Nemanzadə, S.Mümtaz və başqaları da gizli imzalarla çıxış edirdilər.
Xalqın üzləşdiyi sosial-siyasi, iqtisadi və mədəni problemləri satirik üslubun imkanları vasitəsilə sadə, anlaşıqlı tərzdə oxuculara çatdıran Mirzə Cəlil və onun Mirzə Ələkbər Sabir, Ömər Faiq Nemanzadə, Əli Nəzmi, Əliqulu Qəmküsar, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Əli Razi Şamçızadə və digər məslək yoldaşları bütün fəaliyyətləri boyu Vətənə, millətə layiqincə xidmət göstərmişlər. Xalqın milli mənafelərinin ardıcıl ifadəçisi və müdafiəçisi olan “Molla Nəsrəddin” azadlıq mücadiləsinə, xalqımızın hərtərəfli yüksəlişinə misilsiz töhfələr vermişdir. Jurnalı Mirzə Cəlil dühasının parlaq ifadəsi sayan ulu öndər Heydər Əliyev, bütövlükdə, molla nəsrəddinçilərin milli tərəqqiyə göstərdikləri çoxşaxəli xidmətləri yüksək qiymətləndirərək demişdir: “Cəlil Məmmədquluzadə dühası “Molla Nəsrəddin” jurnalında öz əksini tapdı. “Molla Nəsrəddin”, onun vasitəsilə Cəlil Məmmədquluzadə və jurnalın işinə cəlb olunmuş Azərbaycanın başqa mütəfəkkir adamları xalqımızın milli şüurunun formalaşmasında, milli ruhunun yüksəldilməsində, milli oyanışında böyük rol oynadılar”.
“Molla Nəsrəddin” jurnalının ən böyük qayəsi Azərbaycan xalqının ictimai şüur baxımından oyanması idi. İlk nömrəsindəki yatmış insanlar karikatura təsviri də jurnalın məqsəd və məramını aydın şəkildə göstərməkdədir. Jurnalın birinci nömrəsinin ilk yazısı baş redaktorun “Sizi deyib gəlmişəm...” məqaləsidir. Məqalə bu sözlərlə başlayır: “Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım! O kəsləri deyib gəlmişəm ki, mənim söhbətimi xoşlamayıb, bəzi bəhanələrlə məndən qaçıb gedirlər: məsələn, fala baxdırmağa, it boğuşdurmağa, dərviş nağılına qulaq asmağa, hamamda yatmağa və qeyri bu növ vacib əməllərə. Çünki hükəmalar buyurublar: “Sözünü o kəslərə de ki, sənə qulaq vermirlər”.
“Molla Nəsrəddin” jurnalı o dövrdə Türkiyə, Rusiya və İranda ən çox oxunan başqa nəşrlərdən fərqli olaraq, kəmsavad oxuculara müraciət edirdi. Onun mətnləri çox sadə, karikaturaları isə dərhal başadüşülən idi. Karikaturalarda jurnalın çox vaxt təhsilin və dünyəvi cəmiyyətin düşmənləri adlandırdığı mövhumatçı din xadimləri təsvir olunurdu.
Jurnalın əməkdaşları müxtəlif bədii formaların – satirik hekayələrin, felyetonların, şeir və məqalələrin köməyi ilə cəmiyyətin canına işləmiş nadanlığı və naqislikləri öldürücü gülüş hədəfinə çevirirdilər. Jurnalın səhifələrində güldürən xəbərlər, məktublar, elanlar, atalar sözləri, məsəllər, atmacalar geniş yer tuturdu.
“Molla Nəsrəddin” beynəlxalq hadisələrə də münasibət bildirir, imperialist dövlətlərin müstəmləkəçilik siyasətini tənqid edir, Şərq xalqlarının azadlıq uğrunda mübarizəsinə rəvac verirdi. Jurnalın şöhrəti artaraq konkret coğrafi məkan çərçivəsindən kənara çıxmış, Rusiya, Qafqaz və Orta Asiyanın hər yerinə yayılaraq türk və müsəlman xalqlarının ictimai-siyasi inkişafında əhəmiyyətli rol oynamış, habelə İran, Türkiyə, Misir, Hindistan, Mərakeş kimi ölkələrin xalqlarının sosial-mədəni və siyasi tərəqqisinə böyük təsir göstərmişdir.
“Molla Nəsrəddin” jurnalı rəssamlığın, karikatura sənətinin inkişafına da geniş meydan açmışdır. Jurnaldakı dərinmənalı yazılarla diqqətəlayiq karikaturalar vahid məqsədə xidmət etmiş, həm yazarlar, həm də rəssamlar ideya-sənətkarlıq baxımından bir-birini uğurla tamamlamışdır.
“Molla Nəsrəddin” jurnalı Azərbaycan mətbuatı tarixində yeni bir səhifə açmış, satirik publisistikanın inkişafında böyük rol oynamışdır. Bu jurnalın təsiri ilə nəşr olunan “Kəlniyyət”, “Arı”, “Tuti”, “Babayi-Əmir”, “Şeypur”, “Zənbur” kimi satirik mətbuat orqanları onun ənənələrini davam etdirmişlər. Ümummilli lider Heydər Əliyev bu məsələyə də diqqət yetirmiş, “Molla Nəsrəddin”in bütün zamanlarda öz aktuallığını saxlamasına böyük önəm vermiş, mətbuatda onun ənənələrinin davamını və inkişafını vacib saymışdır. Ümumiyyətlə, ulu öndər zamanın, dövrün ən mürəkkəb sınaqlarından mərdliklə çıxaraq heç vaxt öz amalından, xalqa xidmət yolundan dönməyən “Molla Nəsrəddin”çilərin fəaliyyətinə, zəngin yaradıcılıq irsinə həmişə böyük qiymət vermişdir.
Müstəqil Azərbaycanda bütün sahələrdə olduğu kimi, ədəbiyyat və mədəniyyətə qayğı istiqamətində də ümummilli liderimizin siyasi kursu uğurla davam etdirilir. 2006-cı ildə “Molla Nəsrəddin” jurnalının nəşrə başlamasının 100 illiyinin dövlət səviyyəsində qeyd olunması, 2009-cu ildə C.Məmmədquluzadənin 140, 2019-cu ildə 150 illik yubileylərinin, həmçinin digər molla nəsrəddinçilərin yubileylərinin keçirilməsi barədə ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamlar məhz ulu öndər Heydər Əliyevin möhtəşəm siyasətinin uğurlu davamının təzahürüdür. “Molla Nəsrəddin” jurnalının bütün saylarının toplanılıb transliterasiya edilərək çoxcildlik nəşrinin başa çatdırılması da bu baxımdan xüsusi dəyərə malikdir.
Naxçıvan Muxtar Respublikasında da Mirzə Cəlilin və digər molla nəsrəddinçilərin xatirəsi uca tutulur, ehtiramla yad edilir. Bu istiqamətdə həyata keçirilən çoxsaylı tədbirlər, hazırlanan nəşrlər, təşkil olunan elmi konfranslar, tamaşaya qoyulan əsərlər, keçirilən “Mirzə Cəlil günləri” molla nəsrəddinçilərin yaradıcılıq irsinə ümummilli liderimiz Heydər Əliyevin göstərdiyi böyük diqqətin, verdiyi önəmin muxtar respublikamızda layiqincə davam etdirilməsinin əyani təcəssümüdür.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Oxunması zəruri olan kitabların Siyahısı”na görkəmli ədibin “Hekayələr”i də daxil edilmişdir. 2009-cu ildə isə ədibin 140 illiyi münasibətilə Naxçıvanda “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində “Seçilmiş əsərləri” iki cilddə nəfis tərtibatla çap olunmuşdur.
Görkəmli yazıçı Cəlil Məmmədquluzadənin Naxçıvan Muxtar Respublikasında xatirəsi əbədiləşdirilmiş, Naxçıvan şəhərində onun əzəmətli heykəli ucaldılmışdır. Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyi onun adını daşıyır. Ölməz yazıçının Naxçıvan şəhərində ev-muzeyi, Şərur rayonunun Cəlilkənd kəndində və Babək rayonunun Nehrəm qəsəbəsində Xatirə muzeyləri fəaliyyət göstərir.
Müsəlman Şərqinin mətbuat tarixində Azərbaycan dilində ilk satirik jurnalın əhəmiyyəti ölçüyəgəlməzdir. Onun fəaliyyəti bu qəbildən bir sıra nəşrin təsis edilməsinə təkan vermiş, “Bəhlul”, “Azərbaycan”, “Mirat”, “Babayi-Əmir” və sair jurnallar yaranmışdı. “Molla Nəsrəddin” in 25 il ərzində nəşr olunan nömrələrindəki yazılar XXI əsrin insanları tərəfindən də sevilərək oxunur.

“Şərq qapısı”

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR