Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan təhsil müəssisələrinin kitabxanaçıları ilə “Ümumtəhsil məktəblərində kitabxana işinin təşkili” mövzusunda konfrans keçirilib.
Konfransda çıxış edən Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bu sahəyə göstərdiyi diqqət və qayğı nəticəsində muxtar respublikada kitabxanaların maddi bazası yaxşılaşdırılmış, kitabxana fondu zənginləşdirilmiş, elektron kitabxanalar yaradılmış, kitabxanaların ixtisaslı kadrlarla təminatı diqqətdə saxlanılmış, “Oxunması zəruri olan kitabların Siyahısı” təsdiq edilmişdir. Məktəb kitabxanaları 3 milyona qədər dərslik, 600 mindən çox latın qrafikası ilə nəşr olunmuş bədii ədəbiyyat və ayrı-ayrı fənlərin tədrisi üçün 2140 ədəd elektron tədris vəsaiti ilə təmin edilmişdir. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan 216 kitabxanada 84 kitabxana müdiri, 136 kitabxanaçı çalışır ki, onlardan da 28-i işə qəbul müsabiqələrində yüksək nəticə göstərərək işlə təmin edilib. Kitabxana işinə artan marağın nəticəsidir ki, təkcə 2019-2020-ci tədris ilində muxtar respublika məzunlarından 13-ü ali məktəblərin Kitabxanaçılıq və informasiya fəaliyyəti ixtisasına qəbul olub.
Diqqətə çatdırılıb ki, konfransın əsas məqsədi ümumtəhsil məktəblərinin kitabxanalarının şagirdlər arasında mütaliə vərdişlərinin aşılanması, məktəbin pedaqoji kollektivinə elmi, pedaqoji və ictimai, publisistik və metodik təcrübə sahəsində xidmətlərin göstərilməsi istiqamətində fəaliyyətlərinin gücləndirilməsi, yaradılan əlverişli şəraitdən səmərəli istifadənin təşkili, şagirdlərdə mütaliə mədəniyyətinin formalaşdırılmasıdır.
Konfransda Kəngərli Rayon Təhsil Şöbəsinin müdiri Emin Məmmədxanlının “Ümumtəhsil məktəbi kitabxanaçılarının vəzifələri”, Şərur rayonu Aşağı Yaycı kənd tam orta məktəbinin direktoru Yeganə Məmmədovanın “Şagirdlərin təhsilinin və ümumi dünyagörüşünün inkişafında məktəb kitabxanasının rolu”, Ordubad rayon Üstüpü kənd tam orta məktəbinin kitabxana müdiri Sevinc Bayramovanın “Şagirdlərdə mütaliə mədəniyyətinin formalaşdırılması”, Culfa rayon Ərəzin kənd tam orta məktəbinin kitabxana müdiri Püstə Cəfərovanın “Kitabxana işinin təşkili və görülmüş işlər” mövzularında çıxışları dinlənilib.
Konfransdan sonra kitabxanaçılar üçün 3 günlük təlimə başlanılıb. Təlimlərin əsas məqsədi kitabxana işinin düzgün təşkilinə kömək göstərmək, onları müasir texnologiyalarla tanış etməkdən ibarətdir. Təlimlərdə iştirakçılara kitabxana işinin təşkili, idarəolunması, İKT-dən istifadə üsulları və proqram təminatı barədə məlumat veriləcək, müzakirələr aparılacaq.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin
mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi