Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Rəssamlar Birliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən birgə təşkil olunan rəsm müsabiqəsi Ağbulaq İstirahət Mərkəzində keçirilib.
Tədbirdəki çıxışlarda muxtar respublikada gənclərin yaradıcılıq qabiliyyətinin formalaşdırılması və inkişafı istiqamətində atılan addımlardan bəhs edilib. Qeyd olunub ki, gənclərlə iş daim diqqətdə saxlanılır və yüksələn xətlə inkişaf etdirilir. Əlverişli yaradıcılıq mühitinin mövcudluğu onların müxtəlif sahələrdə öz bilik və bacarıqlarını təkmilləşdirməsi üçün əlavə imkanlar yaradır.
Qeyd edək ki, “Gənc rəssamların incəsənət döyüşü” rəsm müsabiqəsi 26 rəssamın iştirakı ilə keçirilib. Qaydalara əsasən onlar Ağbulaq İstrahət Mərkəzi və Ağbulaq kəndinin ərazisinə aid mənzərələri kətan üzərinə köçürüblər.
Müsabiqənin qalibləri 5 nəfərdən ibarət münsiflər heyətinin ümumi qərarına əsasən müəyyənləşib. Selcan Hacızadə ilə Çinar Hacıyevin rəsm əsərləri birinci yerə layiq görülüb. Türkan Əsədova, Tənzilə İbadova və Cəlil Xudiyev ikinci sırada qərarlaşıblar. Özcan Babayev, Gülçöhrə Abbasova və Jalə Cəfərlinin rəsm nümunələri isə üçüncü yerlə qiymətləndirilib.
Müsabiqə qalibləri təşkilatçılar tərəfindən diplom, fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.
Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti