23 Dekabr 2024, Bazar ertəsi

Qarşınızda bir kitab var. İlk səhifədən sizi özünə bağlayacaq bu kitab dünyanın ən qədim, ən gözəl və ən cazibədar bir diyarından – Naxçıvandan danışır. Fotoların dili ilə həmsöhbət olduqca kitabda bir-birindən maraqlı hekayələrlə tanış olacaqsınız. Zəngəzurdan Xan Araza, Sədərəkdən Ordubada qədər səyahətə çıxdığınız zaman sirli-sözlü dağların bitib-tükənməyən gözəllikləri, bu torpaqlarda əbədi məskən salmış qalaların əzəməti, xalı naxışlı çəmənlərin qovuşan rəngləri və çılpaq qayaların sərt sıldırımları bu hekayələrin romantik qəhrəmanları kimi Naxçıvanın dörd fəslinə bələdçilik edəcək. 

Bir səyyah nəzərində Naxçıvanın çox qeyri-adi görüntülərini tuta bilmək üçün bir cüt göz yetməz. Ağ topa buludlar arasında Günəşlə qucaqlaşan masmavi səmanın hərarətini, Batabatın yamyaşıl sonsuzluğunda nazlanan çəmən mehinin sərinliyini, Əlincənin yorğun yoxuşlarında qanad çalan qartalların cəsarətini, Gəmiqayadan Ağrıyadək uzanan möhtəşəm panoramın genişliyini duya bilmək üçün həssas qəlbli şair, incə ruhlu rəssam və duyğusal bir fotoqraf olmaq gərəkir. Naxçıvan təbiətinin zəngin harmoniyasını, rənglərin kontrastları ilə dolu bütövlüyünü və insan əli möcüzələrini özündə əks etdirən belə dəyərli işlərdən biri də peşəkar fotoqraf Hüseyin Bağırovun böyük zəhmət hesabına ərsəyə gətirdiyi “Naxçıvan – dörd fəsil” adlı mətnli fotoalbomudur.

Son illərdə Naxçıvanın artan turizm potensialına çox mühüm töhfə olacaq bu kitabın dünya turistlərinin qədim diyara olan marağının daha da genişləndirilməsində xüsusi əhəmiyyəti vardır. Belə ki, kütləvi tirajla, yüksək poliqrafik keyfiyyətdə çap olunmuş kitabda Azərbaycan və ingilis dillərində təqdim olunan unikal fotoşəkillərin qısa məzmunu da verilmişdir ki, bu da Naxçıvanın təbii və tarixi-mədəni zənginlikləri haqqında real təsəvvürlər yaradır. Akademik İsa Həbibbəylinin ön söz müəllifi olduğu kitab, bu mənada, Naxçıvanda yaşanan dörd fəslin özünəməxsus bənzərliklərini fotoların dili ilə açmaqda ən yaxın bələdçidir. Kitab Emin İsmayılovun dizayner məharəti və Laura Quliyevanın işləmiş olduğu mətnlərin dolğunluğu ilə daha dərin məna qazanaraq onunla tanış olanlarda zəngin təəssürat formalaşdırır.

İstər yerli, istərsə də əcnəbi turistlər Naxçıvanı çox sevirlər. Bir turizmçi kimi onu mütləq qeyd etməliyəm ki, Naxçıvanla tanışlığın hələ hava gəmisinin pəncərələrindən açılan möhtəşəm mənzərədən başlandığını dəfələrlə turistlərdən eşitməyin özü son dərəcə qürurvericidir. Səmadan baxdıqda gümüş kəmər kimi qıvrılan Araza doğru ətəklənən Naxçıvan dağları, sanki əl-ələ tutmuş balaca uşaqlar tək qonaqlarını qarşılamağa çıxır. Bu məziyyət müəllifin kamerasının məhsulu kimi kitabda özünə xüsusi yer tutub. Naxçıvan müqəddəslər torpağıdır. Odur ki, hələ uzaqlarda müqəddəs Əshabi-Kəhf, Nuh Peyğəmbərin ayaq izləri haqqında eşitmiş olanlar “Naxçıvan – dörd fəsil” kitabının səhifələri arasında, sanki yeni dünyanın yeddi möcüzəsinə bir daha şahidlik edəcək, zamanın dərinliklərinə virtual səyahət edə biləcəklər. Naxçıvan təbiətinin toxunulmazlığı bu gün tamamən ilkin görüntüsünü itirmiş o biri dünyanın sakinləri olan əcnəbi turistlərin ən çox heyranlıqla izlədiyi mənzərələrdəndir. Kitab təbiətlə mədəniyyətin uğurlu harmoniyasını, qorunan ekosistem və unikal biomüxtəlifliyin canlı nümunələrini əks etdirən çox sayda belə mənzərələrlə zəngindir. Qeyri-adi landşaftla yanaşı, Naxçıvandakı sərt iqlimin rəng çalarlarını, fəsillərin xronologiyasının yaratdığı təbii simfoniyanı uğurlu fotoinikas etdirməklə müəllif kitabda əsl festival havası yaratmağa nail olub. Bu baxımdan kreativ əməyin məhsulu kimi müəllifin fantaziyası da oxucunun gözündən qaçmır.

“Naxçıvan – dörd fəsil” kitabı olduqca informativ olub, əks etdirdiyi fotoların, mətnlərin məzmununa görə hər biri bir esse mövzusu dəyərindədir. Kitab Naxçıvanın təbiəti, tarix və mədəniyyəti, onun yerləşdiyi coğrafi mövqeyi və şübhəsiz, turizm potensialının tədqiqi ilə məşğul olanlar üçün dəyərli mənbədir. Muxtar respublikamızda turizmin inkişafı üçün qarşıya qoyulmuş vəzifələrin icrasına qiymətli töhfə olmaqla kitabda toplanmış fotoşəkillər turistlərin Naxçıvana səyahətlərinin əsas motivasiyaedici amillərindən olmaq gücündədir. Və nəhayət, bu kitabın həm də bir vətənpərvərlik örnəyi kimi hər bir Azərbaycan vətəndaşında yurdumuzun gözəlliklərini sosial şəbəkələrdə paylaşmaq yolu ilə təbliğ etmək mənəvi borcu aşılamaqda da nümunəvi çəkisi vardır.

 Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR