Aprelin 27-də Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində tanınmış həkim, ictimai xadim Hüseyn Niftəliyevin 70 illik yubileyi qeyd edilib.
Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov tədbiri giriş sözü ilə açaraq əvvəlcə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun yubilyara ünvanladığı təbrik məktubunu oxuyub. Sonra yubilyarın həyat və fəaliyyəti haqqında ətraflı məlumat verib. Nazir qeyd edib ki, Hüseyn Niftəliyev 1975-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Pediatriya fakültəsini bitirib. 1976-cı ildən Culfa rayon Yaycı Kənd Xəstəxanasına təyinat alıb və həkim – pediatr kimi burada 5 il fəaliyyət göstərib. 1982-ci ilin aprel ayında Nehrəm Kənd Xəstəxanasına baş həkim təyin olunan Hüseyn həkimin işlədiyi 39 il ərzində kənddə uşaq ölümünün səviyyəsi sıfra endirilib. Hepatit A virusunun əlamətləri üzə çıxarkən Hüseyn Niftəliyev kollektivlə birlikdə profilaktik tədbirlər aparmaqla, xəstələri vaxtında stasionara göndərməklə infeksiyanın qarşısının qısa müddətdə alınmasına nail olub. Bu uğuruna görə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Fəxri fərmanı ilə təltif olunub. Son illərin quruculuq ərməğanlarından olan, müasir avadanlıqlarla təchiz edilmiş Nehrəm Qəsəbə Sahə Xəstəxanasının nailiyyətlərində, burada təkcə Nehrəmdən yox, muxtar respublikanın bütün bölgələrindən müraciət edən şəxslərin müayinə və müalicələrinin uğurla aparılmasında Hüseyn həkimin özünəməxsus əməyi vardır.
Vurğulanıb ki, Hüseyn həkim Yeni Azərbaycan Partiyasının üzvü kimi 2005-2010-cu və 2015-2020-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı kimi də səmərəli ictimai fəaliyyət göstərib. 2004-cü ildə “Naxçıvan Muxtar Respublikasının Əməkdar həkimi” fəxri adı, 2007-ci ildə “Tərəqqi” medalı, 2013-cü ildə muxtar respublikanın inkişafındakı əməyinə görə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə buraxılan “Xatirə” qızıl medalı ilə təltif olunub. 2019-cu ildə isə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalına layiq görülüb.
Səhiyyə naziri bildirib ki, hazırda tanınmış həkim uşaq əhalisinin sağlamlığı keşiyindədir. O, pandemiya əleyhinə qabaqlayıcı profilaktik tədbirlərin görülməsində, sakinlərə təcili təxirəsalınmaz tibbi yardım göstərilməsində, uşaqların sağlamlığının qorunmasında yorulmaz fəaliyyəti ilə seçilən qabaqcıl səhiyyə işçilərimizdəndir.
Niyazi Novruzov uşaq əhalisinin sağlamlığının qorunmasında qazandığı uğurlara görə Hüseyn Niftəliyevə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Fəxri fərmanını təqdim edib.
Babək Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Asiman Yusifov, Nazirliyin Tibbi Yardımın təşkili şöbəsinin baş məsləhətçisi Məhsəti Allahyarova çıxışlarında qeyd ediblər ki, ömrünün 70-ci baharını yaşayan Hüseyn həkim müqəddəs Hipokrat andına sadiq qalan, muxtar respublikanın zəngin səhiyyə ənənələrini yaşadıb inkişaf etdirən, əhalinin sağlamlığının qorunmasını hər şeydən üstün tutan, insanlara həssas, qayğıkeş münasibət bəsləməsi ilə seçilən tibb işçilərimizdəndir. Hazırda təkcə Babək rayonunda deyil, muxtar respublikada da yetərincə tanınan Hüseyn həkimin ömür salnaməsi mənalı sətirlərlə zəngindir.
Nehrəm Qəsəbə Sahə Xəstəxanasının baş həkimi Hüseyn Niftəliyev göstərilən diqqət, fəaliyyətinə verilən qiymət üçün minnətdarlığını bildirib.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti