30 Aprel 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və tabe müəssisələr tərəfindən pandemiya ilə əlaqədar xüsusi qaydalara ciddi riayət edilməklə mart ayında da bir sıra tədbirlər keçirilmişdir.

Milli Teatr Günü münasibətilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Tea­trında Nəbi Xəzrinin “Burla xatın” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın onlayn nümayişi teatrsevərlər tərəfindən maraqla qarşılanmış, ötən ayın yaddaqalan mədəni tədbirlərindən olmuşdur. Həmçinin mart ayında Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin və filarmoniyanın solistlərindən Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Ruhiyyə Hüseynova və gənc ifaçı İlkin Abdullayevin solo konsertləri də onlayn formatda musiqisevərlərə təqdim olunmuş, tamaşa və konsertlər Naxçıvan Televiziyasında, eləcə də nazirliyin internet saytında və sosial şəbəkə hesablarında canlı olaraq yayımlanmışdır.
Mart ayında Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə birgə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Təhsil Nazirliyinə birbaşa tabe məktəbdənkənar təhsil müəssisələrinin dram müsabiqəsinin Naxçıvan şəhər mərhələsi keçirilmiş, qaliblər mükafatlandırılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının icrası ilə nazirliyin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin Muzeyşünaslıq, Arxiv işi və abidələrin qorunması və Kitabxanaçılıq və informasiya ixtisasları üzrə təhsil alan tələbələrinə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Tarix və memarlıq abidələri milli sərvətimizdir” və Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında “Uşaq kitabxanalarında kataloqların növləri və təşkili qaydaları” mövzularında 2 açıq dərs keçilmişdir. Bundan başqa, Azərbaycan Respublikasının Əməkdar artisti Tofiq Seyidov tərəfindən Naxçıvan Musiqi Kollecinin Bədii yaradıcılıq işi ixtisası üzrə təhsil alan tələbələrinə ustad dərsi keçilmiş, Naxçıvan Müəllimlər İnstitutunun tələbələrinə “Nizami” sənədli filminin nümayişi təşkil olunmuşdur. Mədəniyyət Nazirliyinin hamiliyinə verilmiş müvafiq ixtisaslar üzrə təhsil alan tələbələr üçün əyani vasitələrlə praktik dərslərin keçilməsi də təşkil edilmiş, Naxçıvan Müəllimlər İnstitutunun Təsviri incəsənət müəllimliyi ixtisasının II kurs tələbələrinin Naxçıvan Dövlət Tarix Muzeyində praktik dərs keçmələri təmin olunmuşdur.
Aşıq Ələsgərin 200 illik yubileyi münasibətilə bu ilin mart ayında Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyindəki guşə zənginləşdirilmiş, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq kitabxanaları və rayon (şəhər) MKS-lərdə kitab sərgiləri qurulmuş, həmçinin Culfa və Sədərək rayon MKS-ləri tərəfindən 2 tədbir keçirilmişdir. Bundan başqa, nazirliyin təşkilatçılığı ilə AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nuray Əliyeva tərəfindən Naxçıvan Musiqi Kollecinin tələbələrinə Aşıq Ələsgərin yaradıcılığından bəhs edən ustad dərs keçilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” müvafiq Sərəncamına uyğun olaraq tərtib edilmiş qrafikə əsasən muxtar respublikada fəaliyyət göstərən 40-dan çox nazirlik, komitə və baş idarələrin, müəssisə və təşkilatların muzeylərlə tanışlığı təmin edilmiş, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilmişdir. Mart ayında muxtar respublikanın muzeylərini 8 min 58 yerli, 668 əcnəbi olmaqla, ümumilikdə, 8 min 726 tamaşaçı ziyarət etmişdir. Həmçinin ötən ay muzeylərə 227 yeni eksponat daxil olmuşdur.
Mart ayında muxtar respublikanın kitabxanalarında “Nizami Gəncəvi ili” ilə əlaqədar böyük ədibin həyat və yaradıcılığına həsr olunmuş 5 tədbir keçirilmişdir.
Ötən ay da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil olan kitabların müzakirəsi davam etdirilmiş, muxtar respublikadakı kitabxanalar tərəfindən 18, klub müəssisələri əməkdaşlarının iştirakı ilə 16 olmaqla, 34 kitab müzakirəsi keçirilmişdir. Müzakirələrdən 2-si onlayn formatda reallaşdırılmışdır.
Hesabat ayında kitabxanalarda yeni oxucu sayı 654, oxucu gəlişi 6 min 992, kitab verilişi isə 35 min 835 nüsxə olmuşdur. Həmçinin ötən ay elektron kataloqa 600 adda kitab işlənmiş, ümumilikdə, elektron kataloqda kitabların sayı 22 min 187-dən 22 min 787-yə çatdırılmışdır. Bundan başqa, şəbəkəyə 32 kitab (PDF) işlənərək, şəbəkədəki kitabların (PDF) ümumi sayı 3 min 306-dan 3 min 338-ə çatdırılmışdır. Ay ərzində elektron kitabxanadan 123 lokal, 451 qlobal olmaqla, 574 oxucu istifadə etmişdir.
Ötən ay nazirliyin Gənclər Təşkilatının və tabe müəssisələrin Gənc­lər birlikləri üzvlərinin iştirakı ilə müxtəlif mövzularda tədbirlər keçirilmiş, onların asudə vaxtlarının səmərəli təşkili diqqətdə saxlanılmışdır.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR