Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mart ayı ərzində muxtar respublika üzrə 23 sosial qayğıya ehtiyacı olan ailə müəyyənləşdirilib və 19 nəfərin hər birinə 2 baş iribuynuzlu, 4 nəfərin hər birinə 20 baş xırdabuynuzlu heyvanlar verilib. Özünüməşğulluğu təmin edilmiş şəxslərdən 8 nəfərini sağlamlıq imkanları məhdud şəxslər, 3 nəfərini şəhid ailəsi, 2 nəfərini nikahı pozulan qadın, 2 nəfərini ailə başçısını itirən şəxs, 1 nəfərini müharibə veteranı, 1 nəfərini həyat yoldaşı cəzaçəkmə müəssisəsində olan qadın, 6 nəfərini isə sosial qayğıya ehtiyacı olan ailələr təşkil edib.
Bununla əlaqədar keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev muxtar respublikada sosial qayğıya ehtiyacı olan ailələrə göstərilən dövlət qayğısı, onların məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb. Tədbirdə nazirlik yanında Dövlət Məşğulluq Agentliyinin direktoru Vüsal Süleymanlı və Şərur Rayon Məşğulluq Mərkəzinin direktoru Samir Qasımov çıxış edərək ötən dövr ərzində proqramın icrası istiqamətində görülən işlərdən danışıblar.
Sonra aktiv verilmiş ailə təmsilçilərinə müvafiq sənədlər təqdim olunub. Özünüməşğulluğu təmin edilmiş şəxslər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti