23 Dekabr 2024, Bazar ertəsi

“Naxçıvan” Universitetinin təşkilatçılığı ilə “Qars müqaviləsi 100 il: Tarixi-siyasi əhəmiyyəti və bu günün siyasi reallıqları” mövzusunda konfransı giriş sözü ilə universitetin rektoru, dosent Nurlana Əliyeva açıb. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2021-ci il 8 fevral tarixdə “Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb.
Qeyd edilib ki, 1921-ci il oktyabrın 13-də imzalanmış Qars müqaviləsi Naxçıvanın muxtariyyət statusuna təminat verən çox mühüm tarixi sənəddir. 20 maddə və 3 əlavədən ibarət və müddətsiz imzalanan müqavilənin 5-ci maddəsi bilavasitə Naxçıvanın statusu ilə bağlıdır. Həmin maddəyə əsasən tərəflər Naxçıvanın muxtar respublika kimi Azərbaycanın tərkibində qalması məsələsində razılığa gəliblər.

Rektor çıxışında ümummilli liderimiz Heydər Əliyevin Naxçıvanın ərazi bütövlüyünün və muxtariyyət statusunun qorunub saxlanılmasında Qars müqaviləsinin əhəmiyyətini daim yüksək qiymətləndirərək dediyi: “Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan sənəddir” fikirlərini xatırladıb. Qeyd edilib ki, Qars müqaviləsinin imzalanması və Naxçıvanın muxtariyyət statusunun təsbit olunmasının dövlətçilik tariximizdə mühüm mərhələ olduğunu bildirib. Çıxışda bu tarixin öyrənilməsi və gələcək nəsillərə çatdırılmasının bütün dövrlər üçün aktual və vacibliyi vurğulanıb.
İstanbul Zaim Universitetinin professoru Məhmət Əli Bolat “Qars müqaviləsinin Türkiyə üçün əhəmiyyəti” mövzusunda məruzə edərək bildirib ki, XX əsrin əvvəlində Cümhuriyyətini elan edən Türkiyə Azərbaycanın milli müstəqilliyinin qorunmasında və Cənubi Qafqazda sülhün təmin edilməsində hər zaman əsas qüvvələrdən biri olmuşdur. 16 mart 1921-ci ildə Türkiyə ilə Rusiya arasında bağlanan Moskva, xüsusilə də 13 oktyabr 1921-ci ildə Türkiyə, Rusiya, Azərbaycan, Gürcüstan və Ermənistan arasında bağlanan Qars müqaviləsi Azərbaycanın ərazi bütövlüyünün təmin olunması baxımından əhəmiyyətli idi. Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət verilməsini təsdiq edən Qars müqaviləsinin 5-ci maddəsinə əsasən Ermənistan Naxçıvan bölgəsinin Azərbaycanın himayəsində muxtar ərazi təşkil etməsinə razı olmuş və onun sərhədlərini tanımışdır. Müasir dövrümüzdə Naxçıvanın ərazi bütövlüyünün qorunmasında böyük əhəmiyyəti olan müqaviləni qüvvədən salmaq istəyən ermənilərin bunun üçün ciddi cəhdlə çalışdıqlarını deyən məruzəçi bu xülyanın gerçəkləşməyəcəyini, baş verə biləcək hər hansı təxribatda Türkiyənin birbaşa müdaxilə hüququ olduğunu xatırladıb.
“Moskva və Qars müqavilələrində Naxçıvan məsələsi” mövzusunda məruzə edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Xəqani Məmmədov isə müqavilənin imzalandığı tarixi şəraitdən danışıb. Həmin tarixi dönəmə aid bəzi yazışmalar, qeydlər barədə iştirakçılara məlumat verib. Müqavilələrin imzalanması ilə Naxçıvanın təhlükəsizlik məsələsinin birdəfəlik həll olunduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, müddətsiz imzalanan müqaviləyə əsasən Naxçıvan üçüncü dövlətə güzəşt edilə bilməz. Bu maddə ilə həm də ermənilərin əraziyə olan iddiaları əbədi olaraq tarixə qovuşub.
Almaniyanın Bonn Universitetinin tədqiqatçısı Türkanə Allahverdiyeva “Mudros müqaviləsindən Qars müqaviləsinə, Türkiyə və Naxçıvan məsələsi” adlı məruzəsində Mustafa Kamal Atatürkün “Türkün qapısı” adlandırdığı Naxçıvanın regiondakı geosiyasi əhəmiyyətindən, qonşu ölkələrin zaman-zaman buraya yiyələnmə cəhdlərindən danışıb.
“Naxçıvan” Universitetinin dosenti Elçin Zamanlının “Gümrü-Moskva-Qars müqavilələri Naxçıvanın qurtuluşunun və siyasi-hüquqi muxtariyyətinin tarixi təminatçısıdır” mövzusunda məruzə edib. Vurğulanıb ki, Naxçıvanın statusu və tabeçiliyi məsələsi bu beynəlxalq müqavilə ilə tam şəkildə həll edilib, bu beynəlxalq tarixi sənəd bundan sonra da öz hüquqi qüvvəsini saxlayacaq.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

“Naxçıvan” Universitetinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR