29 Aprel 2024, Bazar ertəsi

Muxtar respublikada davamlı inkişafın təmin edilməsində mühüm sahələrdən biri də sənayedir. Son dövrlər bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, uğurlu investisiya siyasəti, sahibkarlığın inkişafına göstərilən dövlət qayğısı yeni məhsul növlərinin istehsalını təmin etmiş, daxili tələbatın yerli istehsal hesabına ödənilməsinə, məşğulluq səviyyəsinin yüksəldilməsinə, ümumilikdə, iqtisadiyyatın bütün sahələrinin inkişafına yeni imkanlar yaratmışdır.

2020-ci ildə muxtar respublikada sənayenin ümumi inkişafını əks etdirən əsas göstərici kimi 1 milyard 40 milyon 475 min 900 manat dəyərində məhsul istehsalı qeydə alınmışdır ki, bu da 2010-cu ildəki müvafiq göstəricidən 3,3 dəfə çoxdur.

Sənaye məhsulu, min manat

2020-ci ildə sənaye məhsulunun 6,6 faizi dövlət sektorunda, 93,4 faizi qeyri-dövlət sektorunda istehsal edilmişdir. 2010-cu ildə isə bu göstəricilər müvafiq olaraq 12,3 və 87,7 faiz təşkil etmişdir.
Muxtar respublikada 2020-ci ildə ümumi daxili məhsulun sahə strukturunda sənaye 27,6 faizlik payla ilk yerdə təmsil olunmuşdur. 2010-cu ildə isə ümumi daxili məhsulun sahə strukturunda sənayenin payı 18,3 faiz təşkil etmiş və sıralamada 3-cü yerdə olmuşdur.

2020-ci ildə hər bir nəfərə düşən sənaye məhsulu 2259,1 manat təşkil etmişdir ki, bu da 2010-cu ildəki göstəricidən 2,9 dəfə çoxdur.
2020-ci ildə sənaye məhsulunun 0,1 faizi mədənçıxarma sənayesində, 0,4 faizi su təchizatı; çirkli suların və tullantıların təmizlənməsi, 6 faizi elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat müəssisələrində və 93,5 faizi emal sənayesində istehsal olunmuşdur. 2020-ci ildə emal sənayesində qeydə alınmış məhsul istehsalı 2010-cu ildəki müvafiq göstəricini 3,5 dəfə üstələmişdir. Emal sənayesi kənd təsərrüfatından və mədənçıxarma sənayesindən əldə edilən məhsulların işlənildiyi və istifadəyə hazır vəziyyətə gətirildiyi sahə olub məşğulluğun təmin edilməsində mühüm yer tutur.

Muxtar respublikada mikro və kiçik sahibkarlıq subyektlərinin yaradılmasının dəstəklənməsi istiqamətində “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 22 noyabr və 2019-cu il 18 yanvar tarixli sərəncamlarının icrası istehsal və emal fəaliyyəti ilə məşğul olan ailə təsərrüfatlarının sayının, eləcə də onların istehsal etdikləri məhsulların növ və çeşidlərinin artımına müsbət təsir göstərmişdir.
Sənayenin inkişafı istiqamətində 2020-ci ildə bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 18 milyon 561 min manat kreditlər verilmişdir ki, bu da 2010-cu ildəki göstəricidən 2,6 dəfə çoxdur.
Yerli istehsalın şaxələndirilməsi xarici ticarət əlaqələrinin genişlənməsini təmin etmiş, 2020-ci ildə 325 milyon 362 min 200 ABŞ dolları dəyərində sənaye məhsulları ixrac olunmuşdur.
Həyata keçirilən tədbirlərin nəticəsi olaraq 2020-ci ildə sənaye sahəsində 16913 nəfər işçi çalışmışdır ki, bu da 2010-cu ildəki müvafiq göstəricidən 31,6 faiz çoxdur. Bu dövr ərzində bir işçiyə hesablanmış ortaaylıq əməkhaqqı 2010-cu ildəki göstəriciyə nisbətən 46,2 faiz artaraq 431,8 manat təşkil etmişdir.

Muxtar respublikada sənayenin davamlı inkişafı istiqamətində cari ilin yanvar-fevral aylarında odun kömürü, taxıl emalı, unlu-qənnadı məmulatlar və kürə çörəyi istehsalı sahələri yaradılmış, mebel, plastik kapsul və qapaq istehsalı sahələri genişləndirilmişdir.
Şərur Sənaye Məhəlləsinin, elektrik enerjisi istehsalı sahələrinin, yeni duz şaxtasının və duz istehsalı, süd məhsullarının emalı, enerji içkilərinin, plastik məmulatların, xalça və bərk sürtkü yağlarının istehsalı, tullantı yağlarının yenidən emalı sahələrinin yaradılması, unlu-qənnadı məmulatların istehsalı sahəsinin genişləndirilməsi davam etdirilmişdir.
2021-ci ilin muxtar respublikada “İxrac ili” elan olunması sənayeləşmə prosesinin daha da sürətləndirilməsinə, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılmasına və möhkəmləndirilməsinə, ixracın genişlənməsinə yeni imkanlar yaradacaqdır.

Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsinin mətbuat xidməti

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR