Türkiyənin İstanbul şəhərində təşkil edilən boks üzrə beynəlxalq Boğaziçi turniri başa çatıb. Azərbaycan milli komandası 30-a yaxın ölkədən 250 idmançının qatıldığı yarışı 7 medalla başa vurub.
Yığmamızın heyətində 69 kiloqram çəki dərəcəsində rinqə Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının yetirməsi Sərxan Əliyev çıxıb. Boksçumuz 1/8 və 1/4 final mərhələlərini qələbə ilə başa vuraraq yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə dəri əlcək sahibimizin rəqibi ukraynalı boksçu Maksim Molodan olub. Gərgin keçən görüşdən 3:2 hesabı ilə üstün ayrılan Sərxan Əliyev finala vəsiqə qazanıb. Boksçumuz həlledici döyüşdə Darxan Dusebayla (Qazaxıstan) münasibətinə aydınlıq gətirib və rinqi məğlub tərk edib. Uzun fasilədən sonra keçirilən ilk beynəlxalq turnirdə boksçumuz gümüş medal qazanıb.
Qeyd edək ki, kişi boksçulardan ibarət Azərbaycan millisi turnirdən öncə Türkiyənin Kastamonu şəhərində təlim-məşq toplanışı keçib. Təlim-məşq prosesində Sərxan Əliyevlə yanaşı, Tayfur Əliyev (hər ikisi 57 kiloqram) də iştirak edib. Onu da vurğulayaq ki, millimizin heyətində hələlik Naxçıvan boksçusu Tayfur Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə əldə edib.
Ceyhun MƏMMƏDOV