22 Dekabr 2024, Bazar

Muxtar respublikada çoxşaxəli iqtisadiyyatın formalaşdırılması və sosial sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər “İxrac ili” elan edilmiş 2021-ci ilin ilk rübündə də davam etdirilmişdir.
2021-ci ilin ilk rübündə inkişafı xarakterizə edən əsas göstərici kimi ümumi daxili məhsul istehsalı 557 milyon 426 min 300 manat olmuşdur ki, bu da bir il öncəki göstəricidən 0,6 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,3 faiz artaraq 1207,1 manat olmuşdur. Ümumi daxili məhsulun tərkibində ilk yeri 31,4 faizlik payla sənaye sahəsi tutmuş və maddi istehsalın payı 53,9 faiz təşkil etmişdir.
2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2021-ci ilin ilk rübündə sənaye məhsulu 1 faiz, əsas kapitala yönəldilən vəsaitlər 1,1 faiz, kənd təsərrüfatı məhsulu 4,2 faiz, nəqliyyat sektorunda yük daşınması 0,8 faiz, informasiya və rabitə xidmətləri 9,9 faiz artmışdır.

Makroiqtisadi göstəricilər

*) müqayisəli qiymətlər üzrə
**) yanvar-fevral ayları göstəricisi


Sənaye

Muxtar respublikada yeni sənaye müəssisələrinin yaradılması sənayeləşmə prosesini daha da sürətləndirmiş, dinamik inkişaf qorunub saxlanılmışdır.
2021-ci ilin yanvar-mart aylarında muxtar respublikada 257 milyon 37 min 800 manat dəyərində sənaye məhsulu istehsal olunmuşdur ki, bu da bir il öncəki göstəricini 1 faiz üstələmişdir.

Sənaye məhsulu istehsalının 92,7 faizi malların, 7,3 faizi isə xidmətlərin payına düşmüşdür. İstehsal olunan sənaye məhsulunda özəl bölmənin payı 90,9 faiz təşkil etmişdir ki, bu da ölkənin digər iqtisadi rayonları ilə müqayisədə ən yüksək göstəricidir.

Sənaye məhsulu istehsalının dinamikası, min manat

2021-ci ilin ilk rübündə muxtar respublikada dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 20 layihə üzrə istehsal və xidmət obyektləri yaradılmış, 41 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradılması isə davam etdirilmişdir.
Sənayenin inkişafı məqsədilə bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 2021-ci ilin yanvar-mart aylarında 4 milyon 700 min manat kredit verilmişdir.
Sənayedə istehsalın həcminin artması nəticəsində 2021-ci ilin yanvar-mart aylarında 41 milyon 613 min 300 ABŞ dolları dəyərində sənaye məhsulları ixrac olunmuşdur.

Hərbi quruculuq

Muxtar respublikada ordu quruculuğu istiqamətində tədbirlər davam etdirilir.
2021-ci ilin yanvar-mart aylarında Naxçıvan şəhərində təlim meydanının və Türkiyə-Naxçıvan Dostluq Parkının tikintisi başa çatdırılmış, qərargah binasının, iki əsgər yataqxanasının, üç anbarın, hərbi zavodun, mərkəzi hərbi xəstəxananın tikintisi, əsgər yataqxanasının əsaslı təmiri davam etdirilmişdir.
Babək rayonunda bir avtomobil saxlancının və iki yeraltı saxlancın, Şərur rayonunda bir avtomobil saxlancının tikintisi davam etdirilir.
Şahbuz rayonunda əsgər yataqxanasının əsaslı təmiri başa çatdırılmış, yaşayış binasının tikintisi, Culfa rayonunda əsgər yataqxanasının əsaslı təmiri davam etdirilmişdir.
Şərur rayonunda 6-cı Sərhəd Zastavası üçün infrastruktur obyektlərinin tikintisi davam etdirilmiş, 1-ci Sərhəd Komendantlığı binasının yenidən qurulmasına başlanılmışdır.
Hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Sədərək rayonunda bir ailəyə xidməti mənzil təqdim olunmuşdur.

Tikinti-quruculuq və su təchizatı tədbirləri

Ümumi inkişafın təmin edilməsində vəsait qoyuluşları mühüm rol oynayır. Bu istiqamətdə muxtar respublikada 2021-ci ilin yanvar-mart aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 191 milyon 560 min 100 manat vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 1,1 faiz çoxdur. Bu göstərici ölkənin digər iqtisadi rayonları ilə müqayisədə Naxçıvan Muxtar Respublikasında əsas kapitala vəsait qoyuluşlarının həcminin daha çox olduğunu deməyə əsas verir. Vəsait qoyuluşlarının 180 milyon 962 min manatı və ya 94,5 faizi tikinti-quraşdırma işlərində istifadə edilmişdir ki, bu da bir il öncəki göstəricidən 2,1 faiz çoxdur.
2021-ci ilin yanvar-mart aylarında muxtar respublikada 68 müxtəlif təyinatlı obyekt tikilmiş, yenidən qurulmuş və ya əsaslı təmir olunmuş, 167 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilmişdir.
Yaşayış məntəqələrinin abadlaşdırılması, səmərəli idarəetmənin və əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi tədbirlərinə uyğun olaraq 2021-ci ilin ilk rübündə 3 kənd mərkəzi istifadəyə verilmiş, 2 kənd mərkəzinin tikintisi davam etdirilmiş, 5 kənd mərkəzinin tikintisinə başlanılmışdır. Bundan əlavə, Şərur Şəhər İcra Nümayəndəliyinin inzibati binasının yenidən qurulması davam etdirilir.
Muxtar respublikada 1 yaşayış binasının tikintisi başa çatdırılmış, 2 yaşayış binasının tikintisi, 6 yaşayış binasının yenidən qurulması davam etdirilmiş, 1 yaşayış binasının yenidən qurulmasına başlanılmışdır. Bundan əlavə, Naxçıvan şəhərində tələbə yataqxanasının yenidən qurulması başa çatdırılmış, “Gənclər Yaşayış Kompleksi”nin tikintisi davam etdirilmişdir.
Əhalinin həyat səviyyəsinin yaxşılaşması fərdi yaşayış evlərinin tikintisinə də müsbət təsir göstərmişdir. 2021-ci ilin yanvar-mart aylarında muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 94 min 984 kvadratmetr yaşayış sahəsi istifadəyə verilmişdir ki, bu da bir il öncəki göstəricidən çoxdur.
Ordubad rayon mərkəzində və Şəhriyar qəsəbəsində içməli su təchizatı və kanalizasiya sisteminin tikintisi, Nüsnüs və Yuxarı Əndəmic kəndlərində içməli su xətlərinin çəkilişi başa çatdırılmış, Babək, Kəngərli və Sədərək rayon mərkəzlərində, ətraf qəsəbə və kəndlərdə içməli su təchizatı və kanalizasiya sistemlərinin, Şərur rayonunun Sərxanlı, Kəngərli rayonunun Qarabağlar, Xok, Yurdçu və Qabıllı kəndlərində içməli su şəbəkələrinin tikintisi davam etdirilmiş, Sədərək rayonunun Dəmirçi kəndində içməli su şəbəkəsinin tikintisinə başlanılmışdır.

Kənd təsərrüfatı və yaşıllaşdırma tədbirləri

Muxtar respublikada əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında mühüm yer tutan kənd təsərrüfatının inkişafı üzrə ardıcıl tədbirlər həyata keçirilir.
Muxtar respublikada meyvə-tərəvəz məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi, ixracyönümlü və ekoloji təmiz meyvə-tərəvəz məhsulları istehsalı sahələrinin yaradılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 12 mart tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilmişdir.
Əhalini təzə və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək məqsədilə 1 istixana təsərrüfatı yaradılmış, 2 soyuducu anbarın və 1 istixana təsərrüfatının yaradılması davam etdirilmişdir.
Məhsul istehsalçılarının kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatı davamlı olaraq yaxşılaşdırılır. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 207-si 2021-ci ilin yanvar-mart aylarında olmaqla, ümumilikdə, 3282 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilmişdir. 2021-ci ilin ilk rübündə 119 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq lizinq yolu ilə icarəyə verilmiş, 6 ədədi nağd yolla satılmışdır. Bu dövrdə məhsul istehsalçıları 7542,3 ton mineral gübrə ilə təmin olunmuşdur.
Kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlığın inkişafı 2021-ci ilin ilk rübündə də diqqətdə saxlanılmış, 6 heyvandarlıq təsərrüfatının yaradılması, 3 heyvandarlıq təsərrüfatının genişləndirilməsi başa çatdırılmış, 7 heyvandarlıq təsərrüfatının yaradılması, 1 heyvandarlıq kompleksinin yenidən qurulması və 1 heyvandarlıq təsərrüfatının genişləndirilməsi davam etdirilmişdir. Ümumilikdə, bank və kredit təşkilatları tərəfindən bu sahəyə cari ilin yanvar-mart aylarında 3 milyon 436 min 700 manat kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən 9 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikası Süni Mayalanma Mərkəzinə məxsus müasir infrastruktur obyektlərinin tikintisi davam etdirilir.
Cari ilin ilk rübündə heyvandarlıq təsərrüfatlarında 2240 baş inək, düyə və camış süni yolla mayalandırılmış, bu dövrdə 3312 baş sağlam bala alınmışdır.
1 aprel 2021-ci il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 125 min 305 baş, qoyun və keçilərin sayı 784 min 27 baş olmuşdur ki, bu da 1 aprel 2020-ci il tarixə olan göstəriciləri 1,8 və 2,1 faiz üstələmişdir.
Daxili bazarda yerli istehsalın həcminin artırılması məqsədilə 1 quşçuluq təsərrüfatının yaradılması və 1 quşçuluq təsərrüfatının genişləndirilməsi davam etdirilir.
2021-ci ilin yanvar-mart aylarında muxtar respublikada diri çəkidə 6584,1 ton ət, 13266,4 ton süd istehsal olunmuşdur ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 4 və 1,6 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası diqqətdə saxlanılmış, 2021-ci ilin ilk rübündə 2 arıçılıq təsərrüfatının yaradılması başa çatdırılmış, 4 arıçılıq təsərrüfatının yaradılması, 1 arıçılıq təsərrüfatının genişləndirilməsi davam etdirilir. Təsərrüfat subyektlərinə 2021-ci ilin ilk rübündə 110 min 800 manat kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən 42,4 faiz çoxdur. Arıçılıqla məşğul olan hüquqi və fiziki şəxslərə subsidiyaların verilməsi bu sahəyə marağı daha da artırmışdır.
Muxtar respublikada əhalinin keyfiyyətli və təhlükəsiz heyvandarlıq məhsulları ilə təminatını qoruyub saxlamaq məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 17 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı”nın icrası üzrə müvafiq tədbirlər həyata keçirilmiş, Şərur rayonunun Şəhriyar, Ordubad rayonunun Nüsnüs və Yuxarı Əndəmic kəndlərində istifadəyə verilən kənd mərkəzlərində baytarlıq məntəqələri üçün müasir iş şəraiti yaradılmış, Kəngərli Rayon Baytarlıq İdarəsinin binasının tikintisinə başlanılmışdır.
Muxtar respublikada kənd təsərrüfatının dayanıqlı inkişafının təmin olunması, istehsal edilən məhsulların ixrac potensialının artırılması və kənd təsərrüfatı istehsalına əsaslanan emal müəssisələrinin qurulması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 29 mart tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı” təsdiq edilmişdir.
Cari ilin ilk rübündə kənd təsərrüfatı sahəsi ilə məşğul olan təsərrüfat subyektlərinə, ümumilikdə, 4 milyon 156 min 800 manat kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən 15,7 faiz çoxdur.
Həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq 2021-ci ilin yanvar-mart aylarında bir il öncəyə nisbətən 4,2 faiz çox, yəni 31 milyon 270 min 400 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur.

Kənd təsərrüfatının ümumi məhsulu, min manat

Etibarlı ərzaq təminatı sisteminin yaradılması ixrac potensialını artırmış, 2021-ci ilin ilk rübündə muxtar respublikadan 12 milyon 238 min 600 ABŞ dolları dəyərində kənd təsərrüfatı, o cümlədən meyvə və tərəvəz məhsulları ixrac olunmuşdur.
Bu dövrdə meliorasiya-irriqasiya sistemlərinin yenilənməsi diqqət mərkəzində saxlanılmış, Araz Su Anbarından qidalanan nasos stansiyasının və təzyiqli boru xəttinin, Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində qapalı suvarma şəbəkəsinin, Şahbuz rayonunun Külüs kəndində nasos stansiyasının və təzyiqli boru xəttinin tikintisi davam etdirilmiş, Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində nasos stansiyasının və boru xətlərinin, kollektor-drenaj şəbəkəsinin tikintisinə başlanılmışdır.
Meşə fondunun mühafizə olunması, bərpası, yeni yaşıllıqların salınması istiqamətində tədbirlər görülmüş, 2021-ci ilin ilk rübündə 115,6 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış, 45 min 235 ağac və gül kolu əkilmişdir.

Nəqliyyat, informasiya – rabitə və energetika

Artan əhali tələbatına uyğun olaraq muxtar respublikada müasir nəqliyyat sisteminin qurulması, nəqliyyat sektorunun səmərəli idarə olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
2021-ci ilin yanvar-mart aylarında Şərur rayonunda Şəhriyar, Ordubad rayonunda Yuxarı Əndəmic-Nüsnüs kənd avtomobil yollarının yenidən qurulması başa çatdırılmışdır.
Naxçıvan şəhərində iki avtomobil yolunun, Culfa - Ordubad magistral avtomobil yolunun, Şərur rayonunda Xanlıqlar-Şərur şəhəri-Yengicə-Şəhriyar-Kürçülü-Kərimbəyli-Dəmirçi, Xanlıqlar-Aşağı Daşarx-Yuxarı Daşarx kənd avtomobil yollarının, Şərur şəhərinə giriş və daxili avtomobil yollarının, Şərur şəhərində yeraltı piyada keçidinin yenidən qurulması davam etdirilir.
Şərur rayonunda Çərçiboğan, Ordubad rayonunda Vənənd-Pəzməri, Aşağı Əndəmic kənd avtomobil yollarının yenidən qurulmasına başlanılmışdır.
Ordubad rayonunun Nüsnüs kəndində bir körpünün tikintisi, bir körpünün təmiri başa çatdırılmışdır.
Naxçıvan şəhərində 400 yerlik avtomobil parkının tikintisi davam etdirilmiş, Şərur şəhərində Avtovağzal binasının tikintisinə başlanılmış, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Naxçıvan stansiyasında polis şöbəsi üçün inzibati binanın tikintisi, rabitə qovşağının anbarının əsaslı təmiri, Şərur rayonunda Elektrik Təmas Şəbəkəsi binasının, Dövriyyə Deposunun inzibati binasının və təmir sexinin yenidən qurulması davam etdirilmişdir.
Hazırda Culfa rayonunda İstismar Vaqon Deposunun təmir sexinin tikintisi, inzibati binasının və Babək rayonunda Təhlükəsizlik Komandası binasının yenidən qurulması davam etdirilir.
2021-ci ilin yanvar-mart aylarında muxtar respublikada nəqliyyat sektorunda 3 milyon 488 min 500 ton yük, 22 milyon 270 min 200 sərnişin daşınmışdır.
2021-ci ilin ilk rübündə muxtar respublikada informasiya və rabitə sahəsinin inkişafı diqqətdə saxlanılmış, 3 poçt bölməsi yeni bina ilə təmin olunmuş, 2 avtomat telefon stansiyası quraşdırılmışdır.
Sədərək Radio-Televiziya Ötürücü Stansiyasının binasının tikintisi başa çatdırılmışdır.
2021-ci ilin yanvar-mart aylarında muxtar respublikada informasiya və rabitə xidmətlərinin dəyəri 2020-ci ilin müvafiq dövründəki göstəricini 9,9 faiz üstələyərək 14 milyon 700 min 100 manat olmuşdur. Ümumi xidmətlərin 74,1 faizi mobil rabitənin payına düşmüş, mobil rabitə xidmətlərinin dəyəri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz artmışdır.
Muxtar respublikada alternativ enerji istehsalı sahələrinin yaradılması istiqamətində Ordubad rayonunda 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının, 15,6 meqavat gücündə Tivi Su Elektrik Stansiyasının, Şərur rayonunda 5 meqavat gücündə Günəş Elektrik Stansiyasının, Culfa rayonunda 1,1 meqavat gücündə Külək-Günəş Hibrid Elektrik Stansiyasının tikintisi davam etdirilir.
Enerji sistemini daha da müasirləşdirmək məqsədilə Şərur rayonunun Maxta kəndində 35/10 kilovoltluq transformator yarımstansiyasının, Şərur şəhərində yüksəkgərginlikli elektrik xətti üçün tunelin tikintisi başa çatdırılmış, Muğanlı kəndində 35/10 kilovoltluq transformator yarımstansiyasının tikintisi davam etdirilmişdir.
Muxtar respublikada 11,4 kilometr uzunluğunda 35, 10 və 0,4 kilovoltluq yeni elektrik xətləri çəkilmiş, ümumilikdə, 7 transformator yarımstansiyası quraşdırılmışdır.
Şərur rayonu ərazisində yanacaqdoldurma stansiyasının yenidən qurulması başa çatdırılmış, Naxçıvan şəhərində Naxçıvan Qaz-Kompressor stansiyasının tikintisi davam etdirilmişdir.
1 aprel 2021-ci il tarixə muxtar respublikada 88 min 855 əhali abonenti təbii qazla təmin olunmuşdur.
Naxçıvan şəhərində smartkarttipli elektrik və qaz, Babək rayonunda və Şərur şəhərində smartkarttipli elektrik sayğaclarının quraşdırılması davam etdirilir.

Sahibkarlıq fəaliyyəti və məşğulluq məsələləri

Muxtar respublika iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı üçün ardıcıl tədbirlər həyata keçirilir.
2021-ci ilin ilk rübündə muxtar respublikada sahibkarlara 8 milyon 555 min 200 manat kredit verilmişdir. Verilmiş kreditin 4 milyon 680 min manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 3 milyon 875 min 200 manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunmuşdur. Bu dövrdə 13 hüquqi və 677 fiziki şəxs qeydiyyata alınmışdır.
Sahibkarlığa göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün muxtar respublikada 384 növdə məhsul istehsal olunur. Bu məhsulların 127-si ərzaq, 257-si qeyri-ərzaq məhsullarıdır. 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi təmin edilmişdir.
Muxtar respublikada əhalinin məşğulluğunun artırılması və rifahının daha da yüksəldilməsi, əmək bazarının tələblərinə uyğun kadr hazırlığının aparılması və özünüməşğulluq imkanlarının genişləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” təsdiq edilmişdir.
2021-ci ilin yanvar-fevral aylarında orta aylıq əməkhaqqının məbləği 536,2 manat təşkil etmişdir ki, bu da 2020-ci ilin müvafiq dövründəki göstəricidən 6,3 faiz çoxdur və Naxçıvan Muxtar Respublikası üzrə orta aylıq nominal əməkhaqqının səviyyəsi ölkənin digər iqtisadi rayonları ilə müqayisədə daha yüksəkdir.
2021-ci ilin birinci rübündə muxtar respublikada 62 yeni iş yeri yaradılmışdır. Əmək bazarının tələblərinə uyğun olaraq Naxçıvan Regional Peşə Tədris Mərkəzində bərbər, dərzi, bərbər-manikürçü peşə hazırlığı, qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər ixtisasartırma kurslarına, ümumilikdə, 91 nəfər cəlb edilmişdir. Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki peşə ixtisas təhsili müəssisələrində 755 nəfər müxtəlif peşələrə yiyələnmişdir.
Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilmiş müsabiqədə uğur qazanmış 84 nəfər aidiyyəti dövlət orqanları tərəfindən dövlət qulluğu vəzifələrinə təyin olunmuşdur.
Müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün elan edilmiş müsabiqədə 47, Dövlət Vergi Xidməti üzrə elan edilmiş müsabiqədə 16 nəfər müvafiq vəzifələrə təyin olunmuşdur.

İstehlak bazarı

Səmərəli məşğulluq imkanlarının yaradılması əhalinin alıcılıq qabiliyyətini yüksəltmiş, əmtəə dövriyyəsinin həcmini genişləndirmişdir.
2021-ci ilin ilk rübündə muxtar respublikanın istehlak bazarında əhaliyə 355 milyon 10 min manat dəyərində istehlak malları satılmış və ödənişli xidmətlər göstərilmişdir. Satılmış istehlak mallarının 96,9 faizi pərakəndə ticarət dövriyyəsinin payına düşmüşdür.
Bir nəfərə düşən pərakəndə ticarət dövriyyəsinə və məişət xidmətlərinə görə Naxçıvan Muxtar Respublikası ölkənin digər iqtisadi rayonları arasında ilk yerdədir.
Əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi məqsədilə Şərur rayonunun Şəhriyar, Ordubad rayonunun Nüsnüs və Yuxarı Əndəmic kəndlərində xidmət mərkəzlərinin, Culfa rayonunun Əbrəqunus kəndində xidmət sahəsinin tikintisi başa çatdırılmışdır.
Ordubad rayonunun Kələki kəndində xidmət mərkəzinin, Culfa şəhərində xidmət sahəsinin tikintisi davam etdirilmiş, Şərur rayonunun Dərvişlər və Ordubad rayonunun Dırnıs kəndlərində xidmət mərkəzlərinin tikintisinə başlanılmışdır.

Xarici ticarət, bank işi və sığorta fəaliyyəti

Muxtar respublikanın dinamik inkişafı, ən əsası yerli istehsalın şaxələndirilməsi xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət təsir göstərmişdir.
2021-ci ilin birinci rübündə muxtar respublikanın xarici ticarət dövriyyəsi 79 milyon 733 min 800 ABŞ dolları təşkil etmişdir. Xarici ticarət dövriyyəsinin 53 milyon 851 min 900 ABŞ dollarını ixrac, 25 milyon 881 min 900 ABŞ dollarını idxal təşkil etmiş və 27 milyon 970 min ABŞ dolları dəyərində müsbət saldo yaranmışdır.
1 aprel 2021-ci il tarixə muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1437-yə çatdırılmışdır. 2021-ci ilin ilk rübündə internet və POS-terminallar vasitəsilə həyata keçirilən nağdsız ödənişlər 28 milyon 354 min 983 manat təşkil etmişdir.
1 aprel 2021-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 94086-ya çatmışdır ki, bunun da 81654-ü və ya 86,8 faizi aktiv hesablardır. 2021-ci ilin ilk rübündə açılmış 9885 bank hesabının 9883-ü aktiv hesablar olmuşdur.
2021-ci ilin ilk rübündə muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 48 milyon 368 min 200 manat kredit verilmişdir. Verilmiş kreditlərin 8 milyon 829 min 600 manatı və yaxud 18,3 faizi qısamüddətli, 39 milyon 538 min 600 manatı və yaxud 81,7 faizi uzunmüddətli kreditlər olmuşdur.
Naxçıvan Muxtar Respublikasında ölkənin digər iqtisadi rayonları ilə müqayisədə bank sektoru üzrə verilən kreditlərin ən aşağı orta faiz dərəcəsi tətbiq edilir ki, bu da özəl sektorun inkişafında ciddi amillərdən biridir.
Muxtar respublikada əhaliyə göstərilən bank xidmətlərinin səviyyəsinin yüksəldilməsi istiqamətində Kapital Bankın Ordubad filialının inzibati binasının tikintisi başa çatdırılmış, “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şahbuz rayonunda inzibati binasının tikintisi davam etdirilmiş, Culfa rayon filialının inzibati binasının tikintisinə başlanılmışdır.
2021-ci ilin ilk rübündə muxtar respublikada sığorta növləri üzrə daxilolmalar 1 milyon 648 min manat olmuşdur ki, bunun da 327 min 500 manatını könüllü, 1 milyon 320 min 500 manatını isə icbari sığorta təşkil etmişdir.

Təhsil, səhiyyə, sosial təminat,
mədəniyyət və turizm

Təhsil sahəsi üzrə infrastruktur quruculuğu tədbirləri çərçivəsində Naxçıvan Dövlət Universitetinin Xarici dillər fakültəsinin binasının yenidən qurulması, yeni mərkəz, kabinə və laboratoriyaların yaradılması başa çatdırılmışdır.
Şərur rayonunun Şəhriyar kəndində 224, Ordubad rayonunun Nüsnüs kəndində 414 şagird yerlik tam orta məktəb binalarının yenidən qurulması başa çatdırılmışdır.
Naxçıvan şəhərində Kimya-Biologiya Təmayüllü Liseyin binasının tikintisi və Ordubad şəhərində 1 nömrəli məktəb binasının yenidən qurulması davam etdirilmiş, Babək rayonunun Sirab və Araz, Ordubad rayonunun Vələver kəndlərində məktəb binalarının tikintisinə, Şərur rayonunun Dərvişlər və Çərçiboğan, Ordubad rayonunun Aşağı Əndəmic və Dırnıs kəndlərində məktəb binalarının yenidən qurulmasına başlanılmışdır.
Muxtar respublikada STEAM layihəsinin tətbiqi davam etdirilmiş, Heydər Əliyev adına tam orta məktəbdə STEAM Tədris Mərkəzi yaradılmışdır.
Şərur rayonunun Şəhriyar kəndində uşaq musiqi məktəbi binasının yenidən qurulması başa çatdırılmış, Çərçiboğan kəndində uşaq musiqi məktəbi binasının tikintisinə başlanılmışdır.
Naxçıvan şəhərində uşaq bağçasının tikintisi davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 18 dekabr tarixli Sərəncamı ilə muxtar respublikada təhsillə bağlı teleradio proqramlarının hazırlanması və yayımını təmin etmək, eləcə də sistemli maarifçilik işinin aparılması məqsədilə Televiziya və Radio Verilişləri Redaksiyası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilmişdir. “Kanal 35” televiziyası və “Naxçıvanın səsi” radiosu təhsillə bağlı televiziya və radio proqramlarını hazırlayan və yayımını həyata keçirən teleradio yayımçısı kimi fəaliyyətini davam etdirir.
Muxtar respublikanın ərazisi üzrə təhsil müəssisələrinin yerləşməsini və sıxlığını vizual olaraq nümayiş etdirən “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələri (xəritələr)” kitabı hazırlanmışdır.
Əhaliyə göstərilən səhiyyə xidmətlərinin daha da yaxşılaşdırılması istiqamətində Şahbuz Rayon Gigiyena və Epidemiologiya Şöbəsinin, Şərur rayonunun Şəhriyar, Ordubad rayonunun Nüsnüs və Yuxarı Əndəmic kəndlərində həkim ambulatoriyası binalarının tikintisi başa çatdırılmış, Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin tikintisi, Culfa Rayon Gigiyena və Epidemiologiya Şöbəsinin yenidən qurulması davam etdirilmiş, Ordubad rayonunun Dırnıs kəndində həkim ambulatoriyası binasının tikintisinə başlanılmışdır.
Ordubad rayonunda əhali sayının 50 min nəfəri keçməsi ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 7 yanvar tarixli Sərəncamı ilə yaradılmış Ordubad Rayon Uşaq Xəstəxanası üçün binanın yenidən qurulması davam etdirilmişdir.
Muxtar respublikada əhaliyə göstərilən tibbi sığorta xidmətlərinin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin inzibati binasının tikintisinə başlanılmışdır.
Sosial layihələr çərçivəsində 2021-ci ilin ilk rübündə yüksəkixtisaslı həkim heyəti tərəfindən, ümumilikdə, 51 cərrahi əməliyyat aparılmışdır.
2021-ci ilin ilk rübündə muxtar respublikada hər bir nəfərə düşən aylıq gəlirləri ehtiyac meyarından aşağı olan 444 ailəyə ünvanlı dövlət sosial yardımı ödənilmiş, 1 şəhid ailəsinə mənzil təqdim edilmişdir.
Muxtar respublikada 49 aztəminatlı ailənin hər birinə 2 baş iribuynuzlu, 19 ailənin hər birinə 20 baş xırdabuynuzlu, 6 ailənin hər birinə mini yerşumlayan aqreqat, 2 ailənin hər birinə dərzi avadanlıqları və ləvazimatları, 1 ailəyə döşəmə hamarlayan dəzgah, 1 ailəyə qaynaqçı avadanlığı və ləvazimatları verilmişdir. Ümumilikdə, 2021-ci ilin ilk rübündə 78 aztəminatlı ailənin özünüməşğulluğu təmin edilmişdir.
Rüb ərzində 285 tənha ahıl və əlil vətəndaşlara evlərində sosial xidmət göstərilmiş, Naxçıvan Əlillərin Bərpa Mərkəzində 55 nəfərin, Naxçıvan Uşaq Bərpa Mərkəzində 44 uşağın müalicəsi təşkil edilmişdir. Sağlamlıq imkanları məhdud 104 nəfər texniki, 126 nəfər köməkçi reabilitasiya vasitələri ilə təmin olunmuş, 64 nəfərə protez-ortopediya xidmətləri göstərilmişdir.
Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbində davamlılığın təmin edilməsi, bu sahədə təlim-tədris proseslərinin daha da müasirləşdirilməsi və sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 15 mart tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” təsdiq edilmişdir.
Cari ilin ötən dövründə Heydər Əliyev Sarayında məhdud fiziki imkanlıların və digər kateqoriyadan olan şəxslərin, ümumilikdə, 1195 ədəd rəsm və əl işinin sərgi-satışı təşkil olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 19 fevral tarixli Sərəncamı ilə yaradılmış Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında “ASAN xidmət” mərkəzinin tikintisi davam etdirilir.
Muxtar respublikada əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, öz növbəsində, demoqrafik vəziyyətə müsbət təsir göstərmiş, əhalinin sayı bir il öncəyə nisbətdə 1,7 min nəfər artaraq 1 mart 2021-ci il tarixə 461,8 min nəfər olmuşdur. Əhali artımının təmin olunmasında yenidoğulanlar və müsbət miqrasiya ilə yanaşı, insanların uzunömürlü yaşaması da mühüm rol oynayır.
“Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” 2021-ci il 23 fevral tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Şərur rayonunun inzibati ərazi bölgüsünə daxil olan Dəmirçi kəndi Sədərək rayonunun inzibati ərazi bölgüsünə daxil edilmişdir.
Muxtar respublikada pensiya və müavinətlərin dayanıqlı maliyyə təminatı formalaşdırılmışdır. Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2021-ci ilin ilk rübündə pensiya və müavinətlərin ödənilməsinə 48 milyon 53 min manatdan artıq vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 6,1 faiz çoxdur.
Muxtar respublikada idmanın inkişafı cari ilin ötən dövründə də diqqətdə saxlanılmış, Uzunoba Təlim-Məşq İdman Kompleksinin və Ordubad Şəhər Stadionunun tikintisi davam etdirilmişdir. Muxtar respublikanın təhsil müəssisələrində yaradılan idman klubları yeni idman avadanlıqları ilə təmin olunmuşdur.
Milli dəyərlərimizin təbliği, onun daha da zənginləşdirilərək gələcək nəsillərə ötürülməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.
Bu istiqamətdə cari ilin ilk rübündə Şahbuz rayonunda Tarix-Diyarşünaslıq Muzeyinin tikintisi davam etdirilmiş, Naxçıvan şəhərində Uşaq Kitabxanası binasının tikintisinə başlanılmışdır.
Şərur Rayon Mədəniyyət Sarayının və “Saat Meydanı”nın tikintisi davam etdirilmiş, Şərur Rayon Mərkəzi Kitabxanası və Uşaq Kitabxanası binasının yenidən qurulmasına başlanılmışdır.
Sədərək rayonunda Bayraq Meydanının tikintisi başa çatdırılmış, Şərur rayonunda Bayraq Meydanının tikintisi davam etdirilmişdir.
Naxçıvan şəhərində və Babək rayonunun Cəhri qəsəbəsində hər birində bir məscidin tikintisi, Ordubad Cümə məscidinin yenidən qurulması davam etdirilir.
Muxtar respublikada rəssamlıq sənətinin inkişafı diqqətdə saxlanılmış, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2021-ci il 2 mart tarixdə “Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 50 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalanmışdır.
Muxtar respublikada medianın inkişafının dəstəklənməsi, media sahəsində mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili, audiovizual, çap, onlayn media subyektlərinin və informasiya agentliklərinin, habelə jurnalistlərin və digər media işçilərinin fəaliyyətinin, eləcə də media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 21 yanvar tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsi yaradılmışdır.
Muxtar respublikada televiziya və radio fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 17 mart tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əsasında “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır.
Cari ilin ötən dövründə Naxçıvan Dövlət Universiteti Televiziyasının muxtar respublika miqyasında yayımı təmin edilmişdir.
Muxtar respublikada turizmin inkişafı istiqamətində tədbirlər davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası həyata keçirilən tədbirlərin davamlılığını təmin etmiş, 2021-ci ilin ilk rübündə Şahbuz rayonunda Ağbulaq Xizək Mərkəzinin tikintisi başa çatdırılmış, Culfa rayonunda Darıdağ arsenli su müalicə və istirahət kompleksinin tikintisi davam etdirilmişdir.

Hüquq-mühafizə orqanları ilə iş

Muxtar respublikada hüquq-mühafizə orqanlarının maddi-texniki bazasının gücləndirilməsi və iş şəraitinin yaxşılaşdırılması istiqamətində Sədərək Gömrük Sərhəd-Buraxılış Məntəqəsinin tikintisi davam etdirilir.
Aparılan təhlillər deməyə əsas verir ki, bu gün bütün sahələrdə qeydə alınmış dinamik inkişaf templəri muxtar respublikamızın uzunmüddətli inkişafını, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasını təmin etməkdədir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR