Tarixi Qələbə, torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan, Naxçıvanın qeyrət qalası Sədərəyin igid oğulları Tağı Abdullazadə və Ərtoğrul Nadirli də şəhid olmuşlar. Onlar 1990-cı illərdə torpaqlarımıza göz dikmiş yağı düşmənə tutarlı cavab verərək şəhidlik zirvəsinə yüksələn igid oğullarımız ilə birgə Sədərək rayon Şəhidlər xiyabanında uyuyur.
Muxtar respublikamızda şəhid ailələri dövlətimiz tərəfindən hər cür qayğı ilə əhatə edilir, igid Vətən oğullarının məzarları ailələrinin istəklərinə uyğun qaydada götürülür.
Yaxın günlərdə Sədərək rayon Şəhidlər xiyabanında aparılan yenidənqurma, təmir-bərpa işləri də dövlət qayğısının növbəti təzahürüdür. Aparılan təmir işləri zamanı 90-cı illərdə şəhidlik zirvəsinə yüksələn igid Vətən oğullarının məzarları da yenidən bərpa edilir, qara mərmərlə üzlənir, məzarlığın ərazisinə döşəmə daşlar düzülür, ətrafa gülkarlıq salınır.
Gülnarə HÜSEYNOVA