30 Aprel 2024, Çərşənbə axşamı

“Naxçıvan” Universitetində Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, şair-dramaturq, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Asim Yadigarla görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru, dosent Nurlana Əliyeva bildirib ki, Azərbaycan ədəbiyyatının çoxəsrlik inkişaf tarixində Naxçıvan ədəbi mühitinin özünəməxsus yeri var. İstər ədəbi-bədii yaradıcılıq, istərsə də elmi-tədqiqat sahəsində naxçıvanlı qələm sahibləri həmişə öz sözlərini deyib, ədəbiyyatşünaslığımıza layiqli töhfələr veriblər. Bu şairlər içərisində Asim Yadigarın özünəməxsus yeri və rolu var. Asim Yadigar Azərbaycan ədəbiyyatının inkişafında, gənclərimizə vətənpərvərlik duyğularının aşılanmasında və yeni ədəbi gəncliyin yetişməsində mühüm xidmətlər göstərib. Onun müxtəlif vəznlərdə 600-dən artıq şeiri çap edilib. Şairin rübailəri, qəzəlləri, təxmisləri, məsnəviləri klassik şeir nümunələri kimi böyük maraq kəsb edir. Asim Yadigar yaradıcılığında ümummilli lider Heydər Əliyevə həsr olunan “Heydər zirvəsi”, “Dədə Heydərim mənim” və “Gəldi ulu Heydərin İlham dühası, gəldi”, “Bir nurlu heykəl yarat”, “Azərbaycan dünyaya Günəş kimi doğacaq”, “Azərbaycan bayrağına”, “Bir bayraq altında”, “Vətən oğlu”, “Döyüş əmri ver mənə” kimi şeirləri ədəbi mühitdə siyasi lirikamızın ­gözəl nümunələrindəndir.

Filologiya üzrə fəlsəfə doktoru, dosent İman Cəfərli şairin həyat yolu və yaradıcılığı haqqında geniş məlumat verib. Bildirib ki, tələbələrin yaradıcı insanlarla görüşü onların xatirəsində əbədi qalır.
Görüşdə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, şair-dramaturq Asim Yadigar tədbirin təşkili üçün universitet rəhbərliyinə minnətdarlıq edib. Əsərlərinin yazılma tarixindən, unudulmaz xatirələrindən danışan yazar qeyd edib ki, 6 pyes, 18 roman, 600-ə yaxın şeir, xeyli sayda kitab müəllifi kimi gənclərin əhatəsində olmaq həmişə xoş təəssürat yaradır. Şair sevilən şeirlərindən bir neçəsini səsləndirdikdən sonra tələbələrin suallarını cavablandırıb, kitablarından bəzilərini iştirakçılara hədiyyə edib.
Tədbirin sonunda “Naxçıvan” Universitetinin kollektivi adından Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, şair-dramaturq Asim Yadigara hədiyyə təqdim olunub.

“Naxçıvan” Universitetinin
mətbuat xidməti

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR