30 Aprel 2024, Çərşənbə axşamı

 

Sosial həqiqətin obyektiv və subyektiv hadisəsi kimi meydana gələn kitab dünya mədəniyyətinin yaranmasında və inkişafında misilsiz rol oynamaqla bərabər, bəşəriyyətin mədəni yüksəlişində yeni və yüksək pillədir. Kitabın insanın ictimai-siyasi və mənəvi keyfiyyətlərinin yaran­masında, formalaşmasında və inkişafında həlledici rolu tarixin bütün dövrlərində özünü göstərib. Böyük zaman daxilində təhsilin, elmin, biliyin, məl­umatın, maarif və mədəniyyətin, texniki tərəqqinin inkişafı ilə əlaqədar olaraq kitaba ehtiyac gündən-günə artıb. Bu, kitabın cəmiyyətdə yerinə yetirdiyi bir sıra zəruri funksiyalarla əlaqədardır. Nəticədə kitab çox sürətlə inkişaf edib, bəşəriyyətin tərəqqipərvər və sadə adamlarını, şair və yazıçılarını, alim və mütəfəkkirlərini, dövlət başçılarını düşündürüb, bir sözlə cəmiyyətin, bütün insanların diqqətini özünə cəlb edib. Bilik xəzinəsinin qapılarını üzümüzə açan kitabların insanların mənəvi inkişafında, onların şəxsiyyət kimi formalaşmasında, dünyagörüşünün zənginləşməsində necə mühüm rol oynadığını hər kəs yaxşı bilir, lakin hər kəs bundan yararlanmağı bacarmır. Buna görə də mütaliə mövzusu vaxtaşırı olaraq televiziya və radioda, mətbuatda əsas müzakirə predmetinə çevrilir. Kimisi gənc nəslin mütaliəyə marağının azlığından, kimisi Azərbaycan dilində lazımi ədəbiyyatların olmamasından gileylənir, kimisi də əksinə-mütaliəyə maraq göstərənlərin sayının getdikcə artdığını düşünür. Bu müzakirələrdə hər kəsin özünəməxsus cavabları və yanaşma tərzi olur. Elə mənim də...

 

Qədim tarixə, zəngin mədəniyyətə, köklü mənəvi dəyərlərə malik Azərbaycan xalqı bəşəriyyətin təşəkkül dönəmindən bu günədək maddi mədəniyyət nümunələri ilə bərabər, mənəvi tərəqqisi ilə də dünya xalqları arasında özünəməxsus yer tutur. Bu baxımdan insanların ən önəmli maddi-mənəvi nemətlərindən sayılan kitab və kitaboxuma vərdişləri Azərbaycanda da vacib amil kimi qiymətləndirilir. Lakin bu gün kitab oxumaq bəzi insanların maraqlı məşğuliyyəti olsa da, kitaba münasibət hər halda dəyişib. O mənada ki, ölkədə kitab oxuyanların sayı keçmişlə müqayisədə xeyli azalıb. 

Məsələyə təkcə Azərbaycan miqyasında deyil, qlobal müstəvidə yanaşdıqda məlum olur ki, kitaba olan tələbat bütün dünyada aşağı düşüb. Bunun bir sıra obyektiv səbəbləri var. Bəzən fikirlər səslənir ki, bəşəriyyətdə yeni analoji imkanların meydana gəlməsi, kompüter, telefon və sair kimi texnologiyaların böyük sürətlə inkişafı istər-istəməz kitablara olan diqqəti ikinci plana keçirir. Artıq insanlarda yeni maraqlar, yeni axtarışlar  formalaşmağa başlayır. Bəs kitab nə üçündür, onun mahiyyətini, faydasını və vacibliyini dərk edirikmi? Öncə deyək ki, kitab oxumaq insanın intellektual səviyyəsinə, dünyagörüşünə müsbət təsir göstərir. Bundan başqa, kitab bəşər həyatında qalacaq miras, inkişafyaradıcı və ziyalandıran vasitədir. Kitab elm və mərifət dünyasına açılan qapıdır. Mütəxəssislərin fikrincə, mütaliə insanı kamilləşdirir, onun nitq qabiliyyətini inkişaf etdirir. Mütaliə insanı bəd əməllərdən saxlayır və onu yaxın-uzaq keçmişlərə aparır. Elə kitablar var ki, insan həyatında mühüm rol oynayır. Kimi həmin kitablardakı qəhrəmanların müsbət keyfiyyətlərini mənimsəyərək, kimi də oradan öyrəndiklərini həyatda tətbiq edərək yaşayışını qurur. Yaxşı kitab aqil insanın həyatına həmişə işıq salan vasitə olub. Almaniyalı professor Fişerin sözlərinə görə, “insan düşündükcə beyin tutumu, düşünmə imkanları və qabiliyyəti inkişaf edir. Beyin işlədikcə inkişaf edən, istifadə edilmədikdə isə ən sürətlə kütləşən insan orqanıdır. Bu kütləşməni aradan qaldırmaq üçün bir həftə zehni məşğələ etmək lazımdır”.

Buradan çıxan nəticə aydındır: kitab oxumaq insan psixologiyasına və səhhətinə də müsbət təsir göstərir. Kitab oxumağın orqanizmə faydasını araşdıran britaniyalı alimlər də maraqlı nəticələr əldə ediblər. Onların qənaətinə görə, cəmi 6 dəqiqə kitab oxumaq insanda stresin səviyyəsini üç dəfə azaldır. Başqa üsullarla müqayisədə kitab oxumaq insanı daha tez sakitləşdirir və yüngülləşdirir.

Belə olan təqdirdə sual ortaya çıxır: niyə kitab oxumuruq? Bəlkə həqiqətən də kitabın faydası barədə bizə məsləhət verən olmayıb?! Bəzən belə fikirlər səslənir ki, indiki gənclər kitab oxumur! Bu sahədə olan araşdırmamız göstərdi ki, reallıq tam əksidir, yəni oxucuların böyük əksəriyyəti elə gənclərdir.

Bu gün dövlətimiz də  cəmiyyətin inkişafında, şəxsiyyətin formalaşmasında əvəzsiz rola malik olan kitabların və onların qorunduğu müqəddəs yer-kitabxanaların inkişaf etdirilib təkmilləşdirilməsinə, onun cəmiyyətdəki sosial rolunun və funksiyasının daha da artırılmasına  böyük əhəmiyyət verir. Elə buna görə də xalqımızın ümumilli lideri Heydər Əliyev ölkəmizə rəhbərliyinin istər birinci, istərsə də ikinci dövründə nəşriyyatların maddi-texniki bazasının möhkəmləndirilməsi, kitabxana şəbəkələrinin genişləndirilməsi, onların keyfiyyətli çap məhsulları ilə təmin olunması istiqamətində misilsiz işlər görüb. Klassik Azərbaycan və dünya ədəbiyyatı nümunələrinin, oncildlik “Azərbaycan ensiklopediyası”nın nəşri ulu öndərin bu istiqamətdə həyata keçirdiyi böyük işlərin kiçik bir qismidir.

    Sevindirici haldır ki, bu gün ölkəmizdə təməlini ulu öndərin qoyduğu uzaqgörən siyasət Heydər Əliyev siyasi kursunun varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün milli sərvətimizin, mədəni irsimizin qorunub saxlanılması, onun gələcək nəsillərə çatdırılması, bəşər sivilizasiyasına hərtərəfli inteqrasiyasını təmin edən kitabxana şəbəkələrinin genişləndirilməsi, onların maddi-texniki bazasının gücləndirilməsi, beynəlxalq informasiya məkanında mövqelərinin möhkəmləndirilməsi diqqət mərkəzində saxlanılan məsələlərdəndir.

   Doğma yurdumuz, odlar diyarının dilbər guşəsi olan Naxçıvan Muxtar Respublikasında da bu sahədə görülən işlər təqdirəlayiqdir. Ötən illər ərzində qədim diyarımızda kitabxana işinin müasir standartlar səviyyəsində qurulmasına çox ciddi önəm verilib və muxtar respublikada kitabxanaların elektronlaşdırılması üçün məqsədyönlü addımlar atılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının 90 illik yubileyinin keçirilməsi haqqında” 2012-ci il 19 aprel tarixli Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına əsasən, Naxçıvan Muxtar Respublika Kitabxanasının bazasında Elektron kitabxana yaradılıb. 2012-ci il dekabrın 3-də Məmməd Səid Ordubadinin 140 və ədibin adını daşıyan Naxçıvan Muxtar Respublika Kitabxanasının 90 illik yubiley tədbirləri keçirilib, elektron kitabxananın təqdimatı olub, www.­e-kitab.nakhchivan.az internet saytı istifadəyə verilib. 2013-cü ildə Naxçıvan Dövlət Universitetinin Elektron kitabxanasının açılışı olub, yeni internet saytı təqdim edilib. Həmin il sentyabrın 4-də isə muxtar respublikamızda daha bir elektron kitabxananın – Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Elektron kitabxanası və internet səhifəsi istifadəçilərə təqdim edilib. Göründüyü kimi, elektron kitabxananın yaradılması və inkişafı istiqamətində muxtar respublikada əhəmiyyətli işlər görülüb və bu gün həmin istiqamətdə həyata keçirilən tədbirlər davam etdirilməkdədir. Görülən işlər isə lazım olan kitabların elektron resurslardan əldə edilməsinə də şərait yaradıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə “Oxunması zəruri olan kitabların Siyahısı”nın təsdiq edilməsi bütün təbəqələr kimi gənclər tərəfindən də böyük minnətdarlıq hissi ilə qarşılanıb. Mükəmməl və hər bir gənc üçün çox vacib olan, gənclərin mənəvi kamilləşməsinə xidmət edən bu kitabların mütaliəsi gənc nəsildə vətənpərvərliyin, tarixə, milli köklərə bağlılığın formalaşdırılmasına əsaslı təsir göstərir,  cəmiyyətdə savadlı, dünyagörüşlü kadrlar kimi böyüyərək dövlətə, dövlətçiliyə, azərbaycançılığa bağlılıq hisslərini aşılayır. Ötən dövrdə adıçəkilən sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində həyata keçirilən tədbirlər bunu tam əsasla deməyə imkan verir. Təhsil, mədəniyyət müəssisələrində, digər təşkilatlarda kitablardan ibarət guşələrin təşkili, həmin siyahıya daxil edilən və sonradan əlavə olunan kitabların müzakirələrin təşkili, xüsusən də təhsil ocaqlarında keçirilən belə tədbirlərdə şagird və tələbələrin oxuduqları kitablar haqqında çıxışları diqqətçəkicidir.

          İngilis yazıçısı Frensis Bekon deyir ki, “Kitablar – zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir”. Bəli, unutmayaq ki, milli ruhu, mənəvi dəyərləri, tarixi, mədəniyyəti, dövlətçiliyi qorumaq, onları yaşatmaq və gələcək nəslə çatdırmaqda kitabların rolu danılmazdır. Çünki, kitablar, xalqın ulu keçmişini özündə yaşadan və gələcək nəslə çatdıran faktdır, sübutdur.

 

 Lyudmila QULİYEVA

Naxçıvan Dövlət Universitetinin xarici dillər fakültəsinin rus dili müəllimi

 

 

 

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR