Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan diyarı qədim tarixi, dövlətçilik ənənələri, zəngin tarix-mədəniyyət abidələri ilə yanaşı, həm də əsrarəngiz təbiəti ilə həmişə diqqəti cəlb etmiş, insanların böyük marağına səbəb olmuşdur. Şumer əfsanələrinə görə Nuh Peyğəmbərin əfsanəvi gəmisi Naxçıvan ərazisindəki Gəmiqaya yüksəkliyində yerə enmiş, onlar buradan Naxçıvan ərazisinə yayılmışlar. Naxçıvan şəhərinin adı da buradan yaranmış, yəni Nuhun tərəfdarlarının quruya - çıxdığı yer kimi xarakterizə olunur. Buna görə də Naxçıvan diyarı müqəddəs bir məkan kimi səciyyələndirilir. Onu müqəddəs edən başqa bir amil isə bu diyarda Quranın “Kəhf” (“Mağara”) surəsində adıçəkilən Əshabi-kəhf (Mağara adamları) ziyarətgahının olmasıdır.
Naxçıvan ən qədim sivilizasiya məskənlərindən biri, 5-7 minillik ilkin şəhər mədəniyyəti olan, 500-300 min il bundan əvvələ aid qədim insan yaşayış məskənləri ilə seçilən, Naxçıvanşahlıq, Azərbaycan Atabəylər dövləti, Naxçıvan tüməni, Naxçıvan xanlığı, Araz-Türk Respublikası, Naxçıvan SSR, Naxçıvan MSSR və Naxçıvan Muxtar Respublikası kimi dövlət qurumları ilə dövlətçilik ənənələrini yaşadan və yüksək inkişaf səviyyəsinə malik olan əsrarəngiz bir diyardır. Bu diyar Dədə Qorqud yurdu, oğuz türklərinin məskunlaşdığı ərazidir.
“Naxçıvan ərazicə kiçik, məzmunca böyük bir diyardır”. Bu diyar tarix və mədəniyyət abidələri ilə zəngindir. Muxtar respublika ərazisində 1220-yə yaxın abidə qeydə alınmış, pasportlaşdırılmış, onlara ən yüksək səviyyədə qayğı göstərilir. Tarix və mədəniyyət abidələri özlərinin ikinci xoş günlərini yaşayırlar.
Təbiəti etibarilə də Naxçıvan əsrarəngiz, cazibədar və zəngin bir diyardır. Beləki, dünyada mövcud olan on bir iqlim qurşağından yeddisi burada müşahidə olunur. Bu isə kontinental iqlimə, landşaft müxtəlifliyinə, flora və fauna zənginliyinə səbəb olur.
Son illərdə bütün bunlara dövlət səviyyəsində ən yüksək diqqət və qayğı göstərilməklə yanaşı, onların öyrənilməsi, tədqiq edilməsi sahəsində də uğurlu tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin muxtar respublikanın hərtərəfli inkişafına göstərdiyi diqqət diyarın dayanıqlı və davamlı inkişafına səbəb olmuşdur. “Tarixi yaratmaq, tarix yazmaq qədər çətindir”, – deyən müdrik fikrinin real ifadəsini Naxçıvanın nümunəsində bariz görmək mümkündür. Naxçıvan diyarında tarix yaradılır, tədqiq edilir və geniş ictimaiyyətə tanıdılır. Muxtar respublikanın tanıdılması istiqamətində çoxsaylı kitab və monoqrafiyalar, fotoalbomlar, illüstrativ materiallar... hazırlanır və nəşr edilir.
Bu günlərdə yeni bir nəşr – “Mənim Naxçıvanım” layihəsi əsasında hazırlanmış “Naxçıvan – dörd fəsildə” kitabı ictimaiyyətin, Naxçıvan sevərlərin geniş marağına səbəb olmuşdur. Kitabda Naxçıvan diyarı fəsillər üzrə fotolarda və abidələrdə öz əksini tapmışdır. Nəşr Naxçıvan Muxtar Respublikasını tanıtmaq sahəsində çox uğurlu bir addımdır. Azərbaycanın gözəllik diyarı olan muxtar respublikanı əhatə edən təbii gözəlliklərdən, mədəni-tarixi abidələrdən və mədəniyyətindən məlumat verən sənət əsəridir. Naxçıvanın unikal gözəllikləri fotoların vasitəsilə peşəkarlıqla təqdim edilir.
Kitabda ön söz yazan akademik İsa Həbibbəyli Naxçıvanın tarixi abidələri və təbiəti haqqında dəyərli ümumiləşdirmələr aparmış, “Naxçıvan: dörd fəsildə” albomunu Naxçıvan diyarının, tarixinin və təbiətinin cazibədar fotosalnaməsi kimi səciyyələndirmişdir.
Kitab-fotoalbom Naxçıvanın bir növ rəmzinə çevrilmiş Haçadağın fotosu və yığcam məlumatla başlayır: “Haçadağ Culfa rayonu ərazisində, Əlincəçay vadisindədir. Naxçıvan bölgəsinin yenilməzlik, ucalıq rəmzidir. Şumer mənşəli qədim əfsanəyə görə, Nuh Peyğəmbərin gəmisi bu dağın zirvəsinə toxunub, onu yarır. Zirvəsinin formasına görə ona Haçadağ deyilir”.
Kitab-albomda Naxçıvanın yaz fəsli haqqında yığcam məlumat verilməklə yanaşı, unikal fotolardan, maraqlı bənzətmələrdən də istifadə edilmişdir: “Bahar – təbiətin ən gözəl qızı”, “Bənəniyar su sonasının keşikçisi – Haçadağ”, “Haçadağ – torpağın buludu yaran heykəli”, “Bir üzü yaz, bir üzü ayaz Göygöl...”, “Günəş bu yerlərdə rəsm çəkir”. Naxçıvanın yaz fəslinə aid çəkilmiş 28 foto yüksək peşəkarlıqdan xəbər verir. Burada Naxçıvanın flora və faunası, Göygöl, Zəngəzur Milli Parkı, Araz və Arpaçay haqqında elmi məlumatlara da yer verilmişdir.
“İlin ən isti və işıqlı fəsli” olan Naxçıvan yayının özünəməxsus xüsusiyyətləri təhlil edilməklə yanaşı, yay haqqında əhəmiyyətli ümumiləşdirmələr də aparılır. Naxçıvanın yay fəslinə aid 22 unikal foto öz cazibədarlığı və gözəlliyi ilə heyrət doğurur. Nəhəcir dağı, Əfsanəvi Haçadağ, Arpaçay vadisi, Dağ mənzərələri, Dağların ovcunda Göygöl kimi fotoları adi gözlə bu gözəllikdə görmək mümkün deyildir. Fotoqraf Hüseyn Bağırov müxtəlif rakurslardan və günün müxtəlif vaxtlarında bu gözəlliyi görə bilmiş, ustalıq və yüksək peşəkarlıqla çəkə bilmişdir.
Kitabın üçüncü hissəsi “Abidə” adlanır. Burada muxtar respublikada Ali Məclis Sədrinin əsl vətəndaş yanğısı ilə çox böyük əhəmiyyət verdiyi, qayğısına qaldığı tarix və mədəniyyət abidələrindən, onlar haqqında bəzi məlumatlardan və abidələrin fotolarından bəhs olunur. İlk növbədə, Heydər Əliyev Muzeyi, onun çox gözəl görünüşü təqdim olunur. Bu fəsildə türbələr, körpülər, muzeylər, qalalar, saraylar, arxeoloji abidələr, məscid və ziyarətgahlar, mağaralar, mədəniyyət və memarlıq abidələri, elm və səhiyyə obyektlərinin həm fotoları, həm də onlar haqqında əhəmiyyətli məlumatlar verilir. Məlumdur ki, Ali Məclis Sədrinin sərəncamı ilə muxtar respublika ərazisində aşkar edilmiş 1220 tarix və mədəniyyət abidəsi pasportlaşdırılmış, 70-dən çox tarix və mədəniyyət abidəsi bərpa olunmuşdur. Əlincə qalasından tutmuş körpülərə qədər, türbələrdən mədəniyyət abidələrinə qədər bərpa və restarvasiya edilmişdir. Gəmiqayada, Əlincəqalada, Naxçıvanqalada... muzeylər yaradılmışdır. Başqa tarix və mədəniyyət abidələrimiz kimi, bunlar da respublika sakinlərinə, qonaqlara, turistlərə yüksək səviyyədə təqdim olunur. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, “Naxçıvan ərazisində həddindən çox dünya miqyaslı tarixi-memarlıq abidələri yaşayıb və bu gün də yaşayır. Onların hər biri Azərbaycan xalqının həm tarixini, həm mədəniyyətini, həm də adət-ənənələrini göstərən abidələrdir...”.
Nəşrdə müasir memarlıq abidəsi olan Saat Meydanının ecazkar şəkli, Gəmiqayadakı qayaüstü təsvirlər, əfsanəvi Əshabi-kəhfdən də bəhs edilməklə bərabər, nadir fotolar da verilmişdir.
Kitab-fotoalbomun dördüncü və beşinci hissələri Naxçıvanın payızı və qışına həsr edilmiş, həmin fəsillərə aid orijinal fotolar çəkilmiş və kitaba daxil edilmişdir. Payıza qızılı payız deyilir və fotoqrafiya bu fəslin gözəlliklərini əbədiləşdirmək üçün ən yaxşı vasitədir. İlin bütün fəsillərində insanı özünə cəlb edən Naxçıvanın payızı bir başqa aləmdir. Bu fəsildə Naxçıvanın təbiəti rənglər donuna bürünür, bu gözəlliklərə insanlar baxmaqdan doymur. Culfa dağları, Əzəmətli və əyilməz Əlincə, Naxçıvan ehramları, Payız peyzajları kimi təqdim edilən 18 payız foto nümunələri adamı riqqətə gətirir, diyarımızın nə qədər zəngin və ecazkar olduğunu göstərir. Çəhrayı rəng Naxçıvan payızının ən üstün rəng çalarlarından biridir. Bununla əlaqədar kosmonavt Aleksey Leonov Naxçıvanda olarkən heyrətini gizlədə bilməyərək demişdir: “Kosmosdan Yer kürəsi son dərəcə gözəl, çəhrayı bir rəngdə görünür. Yerə qayıdandan sonra hara yolum düşürdüsə həmin rəngi axtarırdım. Nəhayət, Naxçıvanda tapdım. Kosmosdan baxanda bütün Yer kürəsi Naxçıvanın torpağının rəngində görünür”.
Naxçıvan ərazisində qışın da gözəlliyi var. Bu fəsildə yorulan təbiət, sanki özünü məzuniyyətə çıxarır. Bəyaz rəngin palitrası qış dövründə Naxçıvan ərazilərinə xüsusi gözəllik verir. Qışın bütün atributları burada da özünü göstərir. Qışa xas olan 16 foto Naxçıvanda qış fəslinin gözəlliklərini bir daha əyani olaraq göstərir. Göygölün, Ağdərənin, Batabatın, Batabat gölünün, Dumanlı dağların qış mənzərələri bəyaz rəngin Naxçıvan gözəlliklərini nümayiş etdirir.
Kitabda çoxsaylı bənzətmələr, görkəmli şairlərimizdən gətirilən şeir nümunələri, bunların təbiət təsvirlərinə uyğun seçilməsi, iqlim qurşaqları, landşaft zənginliyinin foto aparatın obyektinə yüksək səriştə və peşəkarlıqla gətirilməsi – bütün bunların hamısı Naxçıvanımızın tanıdılmasına xidmət edir.
Azərbaycanın qədim diyarı Naxçıvan, onun təbiətinin tarix-mədəniyyət abidələrinin tanıdılmasına yönəlmiş “Naxçıvan: dörd fəsildə” kitabının hazırlanmasında xidməti olan hər kəsin əməyi yüksək tərifə layiqdir.
İsmayıl Hacıyev
AMEA Naxçıvan Bölməsinin sədri, akademik