23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycanın geostrateji baxımdan çox əhəmiyyətli bir regionu olan Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilən infrastruktur layihələri və inkişaf proqramları burada uzunmüddətli perspektivdə dinamik sosial-iqtisadi inkişafın davamlılığının təmin edilməsi üçün güclü bazanın formalaşmasına yol açıb. Ulu öndərimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirildiyi muxtar respublikada daxili imkanlardan səmərəli və qənaətlə istifadə olunması, mövcud olan təbii-iqtisadi, texniki-istehsal və elmi-texniki potensialın fəal surətdə təsərrüfat dövriyyəsinə cəlb edilməsi yüksəlişi təmin etməklə yanaşı, çoxsaylı yeni iş yerlərinin açılmasına, sahibkarlığın inkişaf etdirilməsinə, sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılmasına geniş imkanlar yaradıb. Məhz bunun nəticəsidir ki, muxtar respublikada bütün işlər təxirəsalınmadan ardıcıl olaraq davam etdirilir, diyarın hər bir bölgəsində yeni, müasir tələblərə cavab verən infrastruktur yaradılır, insanların rahatlığı, firavan yaşayışı üçün kompleks tədbirlər həyata keçirilir.

 Muxtar respublikanın davamlı inkişafı teleradio yayımı sahəsini də əhatə edib

Muxtar respublikanın davamlı inkişafı teleradio yayımı sahəsini də əhatə edib, rəqəmsal televiziya şəbəkələrinin tətbiqi ilə əlaqədar mühüm layihələr həyata keçirilib, ötürücü stansiyalar yenidən qurulub, müasir avadanlıqlarla təmin olunub. Nəticədə muxtar respublikada telekommunikasiya sahəsi müasir tələblər səviyyəsində qurulub. Sədərək Radio Televiziya Ötürücü Stansiyasının yeni müasir bina ilə təmin olunması da görülən işlərin davamıdır. Martın 11-də stansiyanın yeni binası istifadəyə verilib.

Açılış tədbirində iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Sədərək Radio-Televiziya Ötürücü Stansiyasının binasında yaradılan şəraitlə tanış olub. Ali Məclisin sədri yeni stansiyanın istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: “Bu gün Sədərək rayonunu əhatə edən radio-televiziya ötürücü stansiyası istifadəyə verilir. Bununla da rayon ərazisində teleradio yayımının keyfiyyəti yaxşılaşacaqdır. Teleradio yayımı əhəmiyyətli məsələdir. Ona görə də muxtar respublikada televiziya kanallarının paket formasında yayımı həyata keçirilir. Çünki teleradio yayımının düzgün tənzimlənməsi həm də milli-mənəvi dəyərlərimizin qorunmasına xidmət edir. Hazırda bir çox ölkə beynəlxalq qanunlara əhəmiyyət vermədən televiziya verilişlərini öz sərhədlərindən kənara da yayımlayır. Bu da ölkədaxili televiziyaların yayımına, eyni zamanda, milli-mənəvi dəyərlərin aşılanmasına təsir edir. Əhalini bu təsirlərdən qorumaq üçün muxtar respublikada müasir ötürücü stansiyalar qurularaq teleradio yayımı həyata keçirilir”.

Muxtar respublika rəhbəri çıxışında digər bir mühüm məsələyə də toxunaraq qeyd edib ki, Sədərəkdə avtomat kökləmə sistemi ilə təchiz edilmiş FM verici avadanlıqları quraşdırılıb. Bu avadanlıqlar bütün muxtar respublika ərazisində qurulmalıdır. Naxçıvan dağlıq ərazidə yerləşir. Buna görə də monitorinqlər aparılmalı, hansı ərazidə siqnallar zəifdirsə, paket şəklində təqdim olunan kanallar məhduddursa, həmin ərazilərdə tədbirlər görülməlidir ki, əhali ölkəmizdə yayımlanan televiziya və radio verilişlərinə baxa və dinləyə bilsinlər. Bunun üçün lazımi şərait vardır. Dövlət tərəfindən bu işlərin həyata keçirilməsinə lazımi dəstək göstərilir. Aid təşkilatlar da bu işlərə məsuliyyətlə yanaşmalı, vericilər müasir tələblərə cavab verməli, avtomatik kökləmə sistemləri ilə təmin olunmalı, muxtar respublika ərazisində yayım keyfiyyəti yüksəldilməlidir. Ölkənin təbliğatı və əhalinin məlumatlandırılması media üzərindən aparılır. Eyni zamanda, gənc nəslin vətənpərvər və milli dəyərlərə sadiq yetişməsində də televiziya və radiolar mühüm əhəmiyyət kəsb edir. Son 2 ildə Naxçıvan Dövlət Televiziyasına ümumi dəyəri 500 min manata yaxın olan avadanlıqlar alınıb. Bütün bunlar keyfiyyətin yüksəldilməsi üçün edilib. Artıq əhali keyfiyyətli verilişlərə baxa bilir.

Ali Məclisin sədri muxtar respublikada televiziya və radio yayımlarının keyfiyyətinin artırılması sahəsində işlərin davam etdirilməsi və yeniliklərin tətbiqi barədə tapşırıqlar verib.

Gömrük infrastrukturu yenilənir, maddi-texniki baza müasir tələblər səviyyəsində qurulur

Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişaf tempinə uyğun olaraq gömrük infrastrukturu da yenilənir, maddi-texniki bazanın müasir tələblər səviyyəsində qurulması diqqətdə saxlanılır. Son illər muxtar respublikada gömrük infrastrukturunun yenidən qurulması və maddi-texniki bazanın müasir tələblər səviyyəsində formalaşması istiqamətində mühüm tədbirlər görülüb. 2007-ci ildə Culfada, 2009-cu ildə isə Şahtaxtında sərhəd-keçid kompleksləri tikilib, 2012-ci ildə Naxçıvan Şəhər Gömrük İdarəsi və Naxçıvan Gömrük Ekspertiza İdarəsi üçün müasirtipli kompleks, 2014-cü ildə isə Naxçıvan Hava Nəqliyyatında Gömrük İdarəsinin yeni inzibati binası istifadəyə verilib. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq Sədərək Gömrük Sərhəd-Buraxılış Məntəqəsi üçün müasir kompleks tikilir.

Martın 11-də Ali Məclisin sədri kompleksdə görülən işlərlə maraqlanıb. Məlumat verilib ki, ümumi sahəsi 104 min kvadratmetr olan kompleksdə inzibati bina, sürətli keçid üçün VİP və CİP xidmətləri binası, yüklərin rəsmiləşdirilməsi binası, kinoloji xidmət, yoxlama-baxış sistemləri bölməsi, yeməkxana və yardımçı tikililər yerləşir ki, bu da kompleksdə sərhəd və gömrük xidmətinin yüksək səviyyədə təşkilinə imkan verəcək. Rahat və sürətli keçidin təmin olunması üçün giriş və çıxış istiqamətlərinin hər birində istiqamətverici monitorlar olan 6 hərəkət zolağı yaradılıb. 3 zolağın avtobus və minik nəqliyyat vasitələrinin, 1-i tranzit olmaqla, 2 zolağın yük nəqliyyat vasitələrinin hərəkəti, 1 zolağın isə sürətli keçid üçün istifadəsi nəzərdə tutulur. Hərəkət zolaqları üzrə sərhədkeçmə vaxtının ölçülməsi sistemi, eləcə də nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının oxunması üçün 36 kamera quraşdırılıb. Yük nəqliyyat vasitələrinin çəkilməsi üçün müvafiq hərəkət zolaqlarının üzərində 60 tonluq 2 tərəzi, həmçinin bütün hərəkət zolaqlarının üzərində radiasiya səviyyəsinin müəyyənləşdirilməsi üçün qurğular qoyulub.

Üçrəngli dövlət bayrağımız “Azərbaycanın qeyrət qalası” adlandırılan Sədərəkdə qürurla dalğalanır

Naxçıvan Muxtar Respublikasının düşmən sərhədində yerləşən bölgəsi, “Azərbaycanın qeyrət qalası” adlandırılan Sədərək rayonunda aparılan kompleks quruculuq, abadlıq işləri onun simasını tamamilə dəyişib. Bu işlərin nəticəsidir ki, burada hara baxsan, rahat, geniş yollar, gözəl təbiət mənzərələri, bağ-bağatlar, bir-birindən yaraşıqlı binalar, park və xiyabanlar, milli memarlıq üslubunda ucaldılmış tikililəri görmək mümkündür.

Xatırladaq ki, Prezident İlham Əliyev 2010-cu ilin oktyabr ayında muxtar respublikaya səfəri zamanı Sədərək rayonunda da olub. Bir neçə obyektin, o cümlədən yenidən qurulmuş Heydərabad qəsəbəsinin açılışında iştirak edib, ikimərtəbəli 16 fərdi yaşayış binası həmin gün istifadəyə verilib. Dövlət başçısı qəsəbə sakinlərini təbrik edərək deyib: “... Gözəl evlər, binalar tikilib. Qəsəbə yeni dövrə qədəm qoyur. Bütün işlər ən müasir səviyyədə görülübdür. Çox şadam ki, respublika rəhbərliyi bütün bu işləri qısa müddət ərzində çox böyük keyfiyyətlə gördü. Bu, doğrudan da, böyük hadisədir. Heydərabad qəsəbəsinin Azərbaycan tarixində çox mühüm yeri vardır”. Dövlət başçısının dediyi kimi, Sədərəkdə qısa zamanda çox böyük işlər görülüb. Ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1990-cı il avqust ayının 28-də Sədərək kəndinin bazasında yaradılan eyniadlı rayonun inkişafı, infrastrukturunun gücləndirilməsi məqsədilə ötən illər ərzində mühüm tədbirlər həyata keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin “Sədərək rayonunun sosial-iqtisadi inkişafı haqqında” 2000-ci il 15 mart tarixli Sərəncamına əsasən bu istiqamətdə irihəcmli layihələr reallaşdırılıb, rayon özünün inkişaf və tərəqqi yoluna qədəm qoyub.

Bu il fevralın 23-də dövlətimizin başçısının imzaladığı “Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Dəmirçi kəndinin rayona birləşdirilməsi kadr və investisiya potensialını yaxşılaşdıracaq, rayonun gəlirlərini artıracaqdır. Bütün bunlar Sədərək rayonunun inkişafına xidmət edir. Burada qəsəbənin qurulması, su-kanalizasiya sistemlərinin çəkilməsi, əhalinin içməli su ilə təminatı, infrastrukturun yenilənməsi, əkinəyararlı olmayan torpaqların əkin dövriyyəsinə qatılaraq istifadəyə verilməsi ölkəmiz üçün əhəmiyyətli olan bu rayonun inkişafına səbəb olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər yerində dövlət bayrağı dalğalanır...” Ulu Öndərin ideyalarına sadiqlik nümayiş etdirən ölkə başçısı dövlət rəmzlərini və atributlarını daim uca tutur, ölkəmizin hər yerində bayraq meydanları yaradılır, əzəli Azərbaycan torpaqlarında üçrəngli bayrağımız dalğalandırılır. Görülən bu tədbirlərin davamı olaraq martın 11-də Sədərək rayonunda Bayraq Meydanı istifadəyə verilib. Ali Məclisin sədri bu münasibətlə keçirilən tədbirdə iştirak edib, yaradılan şəraitlə tanış olub.

“Sədərək rayonundakı Bayraq Meydanında üçrəngli bayrağımız İkinci Qarabağ müharibəsində qazanılan qələbə və şəhidlərin xatirəsinə qaldırılır”, - deyən Ali Məclisin sədri qurğunu işə salıb, üçrəngli dövlət bayrağımız əbədi yüksəkliyə ucalıb.

Ali Məclisin sədri Bayraq Meydanında abadlığa və təmizliyə nəzarət olunması, yaşıllıqlara qulluq göstərilməsi barədə tapşırıqlar verib.

Qeyd edək ki, Sədərək rayonunda Bayraq Meydanının tikintisinə 2020-ci ilin aprel ayında başlanılıb. Bayraq dirəyinin hündürlüyü 33,5, bayrağın eni 8, uzunluğu isə 16 metrdir. Bayraq dirəyinin oturacağı siyanit plitələrlə üzlənib. Sahəsi 6 min 312 kvadratmetr olan meydanda geniş abadlıq işləri aparılıb, müasir işıqlandırma sistemi qurulub, dekorativ ağac və gül kolları əkilib.

Naxçıvanda şəhidlərə böyük ehtiram göstərilir

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan və zəfərlə başa çatan Vətən müharibəsi Azərbaycan xalqının mübarizliyini və yenilməzliyini bir daha dünyaya nümayiş etdirdi. İkinci Qarabağ müharibəsi həm də xalqımızı bir yumruq kimi birləşdirdi. Düşmən üzərindəki qələbə yenilməzlik rəmzinə çevrildi. Dövlətimizin başçısı İlham Əliyevin də dediyi kimi: “Bu müharibə bizim tariximizdə əbədi yaşayacaq. Bu müharibəni biz şəhidlərimizin canı, qanı bahasına, hərbçilərimizin şücaəti hesabına qazanmışıq”. İkinci Qarabağ müharibəsində Naxçıvandan olan igid oğullarımız da əsl vətənpərvərlik nümunəsi göstərərək şəhidlik zirvəsinə ucalıblar.

Martın 18-də Vətən müharibəsi zamanı itkin düşən şəhidimiz Abdullayev İntiqam Allahverdi oğlunun cənazəsi muxtar respublikaya gətirilib. Naxçıvan Beynəlxalq Hava Limanında şəhidimizin qarşılanma mərasimi olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov, dövlət və hökumət nümayəndələri, hərbçilər və şəhidin ailə üzvləri tədbirdə iştirak ediblər. Ali Məclisin sədri və tədbir iştirakçıları şəhidin xatirəsinə ehtiramlarını bildiriblər. Muxtar respublika rəhbəri şəhidin ailə üzvləri ilə görüşərək onlara başsağlığı verib.

Qarşılıqlı faydalı əməkdaşlıq, həyata keçirilən birgə layihələr strateji tərəfdaşlığımızı daha da möhkəmləndirir

Bu gün Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri regionda əmin-amanlığın və sabitliyin qorunmasına mühüm töhfədir. Prezident İlham Əliyevin dediyi kimi: “Dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur. Bu əlaqələr tarixən qırılmaz tellərlə bir-birinə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanır... Əminəm ki, Türkiyə-Azərbaycan həmrəyliyi və strateji müttəfiqliyi birgə səylərimizlə bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq daha da möhkəmlənəcək və genişlənəcəkdir”.

Qarşılıqlı faydalı əməkdaşlıq, həyata keçirilən birgə layihələr strateji tərəfdaşlığımızı daha da möhkəmləndirir. Bu gün Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasındakı əlaqələr bir çox istiqamətlər üzrə uğurla inkişaf etdirilir. Xüsusilə iqtisadi-ticarət, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə əlaqələrin inkişafı məmnunluq doğurur. Türkiyə hökumətinin qəbul etdiyi tənzimləmə qərarına görə Naxçıvan Muxtar Respublikasındakı istehsal müəssisələrinin Türkiyəyə məhsul ixracına güzəştlər tətbiq olunması və muxtar respublikaya sərbəst ticarət imkanı verilməsi isə ikitərəfli münasibətlərin uğurlu inkişafının nəticəsidir. Qeyd olunmalıdır ki, muxtar respublikanın sürətli sosial-iqtisadi inkişaf dinamikası, ixrac potensialı, eləcə də əməkdaşlıq imkanları türk iş adamlarının bölgəyə marağını artırır, Türkiyə ilə qarşılıqlı əlaqələr durmadan inkişaf edir. Artıq “Ümid” körpüsünün davamı olaraq Naxçıvanla Türkiyə arasında hava nəqliyyatının fəaliyyət göstərməsi, Bakı-Tbilisi-Qars-Naxçıvan dəmir yolu xəttinin inşası istiqamətində əhəmiyyətli addımların atılması, Vətən müharibəsindəki qələbəmizdən sonra ölkəmizin digər bölgələri ilə Naxçıvan arasında dəmir yolu xəttinin bərpası imkanlarının yaranması regionun nəqliyyat coğrafiyasını köklü şəkildə dəyişəcək, “Türk qapısı” Naxçıvan beynəlxalq nəqliyyat dəhlizinə çevriləcəkdir. Bununla muxtar respublika ilə Türkiyənin yaxın vilayətləri arasında iqtisadi-ticarət əlaqələri də yeni mərhələyə yüksələcəkdir.

Martın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Türkiyə Respublikasının Ticarət nazirinin müavini və Gömrük İdarəsinin sədri Rza Tuna Turaqayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Ali Məclisin sədri qonaqları salamlayıb, səfərin Çanaqqala zəfərinin və Çanaqqala şəhidlərinin anım gününə təsadüf etdiyini diqqətə çatdırıb, Çanaqqala və Qarabağ şəhidlərinin xatirəsinə ehtiramını bildirib. Hər iki ölkə prezidentlərinin iradəsinə uyğun olaraq Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının ilbəil möhkəmləndiyini qeyd edən Ali Məclisin sədri deyib ki, Sədərək Gömrük Sərhəd-Buraxılış Məntəqəsi üçün müasir kompleksin qurulması ikitərəfli əlaqələrə verilən önəmin ifadəsidir. Ali Məclisin sədri regionda əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirib, muxtar respublika ilə Türkiyə arasında ikitərəfli ticarət əlaqələrinin perspektivlərini dəyərləndirib.

Torpaq mülkiyyətçiləri və fermerlər müasir kənd təsərrüfatı texnika və avadanlıqları ilə təmin olunurlar

Muxtar respublikada kənd təsərrüfatı məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi və ixrac imkanlarının artırılması sahəsində ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2021-ci il 29 mart tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı” bu baxımdan mühüm əhəmiyyət daşıyır. Yaradılan şərait torpaq mülkiyyətçiləri və fermerlərin, eləcə də ailə təsərrüfatçılarının bu sahəyə marağını artırır. Digər tərəfdən, hər il müasir meliorasiya-irriqasiya sistemləri qurulur, bu hesaba yeni torpaq sahələri əkin dövriyyəsinə qatılır. Torpaq mülkiyyətçilərinə kənd təsərrüfatı texnikaları verilir, kənd təsərrüfatı təmayüllü istehsal müəssisələrinin fəaliyyəti dəstəklənir. Son illər muxtar respublikaya 3282 texnika və texnoloji avadanlıq alınıb gətirilib, onlardan 2632-si lizinq yolu ilə sahibkarlara verilib.

Martın 31-də “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən alınmış yeni kənd təsərrüfatı texnika və avadanlıqlarının təqdimatı olub. Tədbirdə iştirak edən Ali Məclisin sədri çıxış edərək deyib: “Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə hər il ölkəmizdə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Bu gün 31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür. Soyqırımı qurbanlarının əziz xatirəsini yad edirik. Belə hadisələrin təkrar olunmaması üçün ölkəmiz daim güclənməli, iqtisadi qüdrətini daha da artırmalıdır. Çünki iqtisadi və siyasi qüdrəti olan ölkəyə qarşı soyqırımı törətmək də mümkün deyil”.

Kənd təsərrüfatının iqtisadi inkişafda əhəmiyyətini qeyd edən Ali Məclisin sədri deyib ki, ölkəmizdə iqtisadiyyatın əsas qollarından biri olan kənd təsərrüfatının inkişafı diqqət mərkəzindədir. Ölkə Prezidentinin müvafiq sərəncamları ilə kənd təsərrüfatının bütün sahələri üzrə güzəştlər tətbiq olunmuş, aqrar sahədə kompleks tədbirlər həyata keçirilmişdir. Bu gün təqdimatı keçirilən kənd təsərrüfatı texnikaları da ölkəmizdə kənd təsərrüfatının və bu sahədə sahibkarlığın inkişafına dəstək, eyni zamanda, ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfədir. O ölkədə inkişaf təmin olunmuş hesab edilir ki, həmin ölkənin inkişafı kənd təsərrüfatının üzərində qurulur. Kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin təmin olunması bütün dövrlər üçün vacibdir. Bütün bunlar nəzərə alınaraq muxtar respublikada da kənd təsərrüfatının inkişafına böyük diqqət və qayğı göstərilir.

“Hər bir texnika bir ailənin iş yeri deməkdir. Hər bir texnika məhsul istehsalı, məhsuldarlığın artırılması deməkdir. Ona görə də texnikalar qorunmalı, onlar uzun müddət muxtar respublikanın kənd təsərrüfatı sahəsində istifadə edilməlidir”, – deyən Ali Məclisin sədri yeni texnikaların alınıb gətirilməsində əməyi olanlara təşəkkürünü bildirib.

Tədbirdə təsərrüfatçılar üçün əhəmiyyətli bir məsələyə də toxunulub. Məlumat verilib ki, “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin özündə və rayon bazalarında yerləşən bitkiçilik və heyvandarlıq apteklərində kənd təsərrüfatının müxtəlif sahələrində istifadə olunan dərmanlar satışa çıxarılır. Dərmanların istifadə qaydası haqqında torpaq mülkiyyətçilərinə və fermerlərə əvvəlcədən məlumat verilir. Cəmiyyətin anbarında kənd təsərrüfatı texnikalarının ehtiyat hissələri də vardır.

Ali Məclisin sədri kənd təsərrüfatında yeni innovasiyaların tətbiqinin əhəmiyyətini vurğulayıb, texnikalarla təminat və texniki qulluq işinin diqqətdə saxlanılması, əkin sahələrinə nəzarət olunması, yerlərdə baytarlıq apteklərinin yaradılması, Naxçıvan Dövlət Universitetinin Baytarlıq təbabəti ixtisası tələbələrinin bu işlərə cəlb edilməsi, alınan texnikalardan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özünüməşğulluq proqramına cəlb edilmiş ailə təsərrüfatlarına da təqdim edilməsi barədə tapşırıqlar verib.

Qeyd edək ki, muxtar respublikada yaz-tarla işlərinin başladığı bu günlərdə tələbata uyğun kənd təsərrüfatı texnikaları və avadanlıqlarının alınıb gətirilməsi mühüm əhəmiyyət daşıyır. Çünki aqrar sahənin inkişafında, ərzaq məhsulları istehsalının artırılmasında və itkisiz məhsul yığımında başlıca amillərdən biri də torpaq mülkiyyətçilərinin və fermerlərin müasir kənd təsərrüfatı texnikaları ilə təmin olunmasıdır. Yeni innovativ texnologiyaların tətbiqi həm də əkinlərin optimal müddətdə aqrotexniki qaydalara uyğun aparılmasına, məhsulun vaxtında yığılmasına, məhsuldarlığın yüksəldilməsinə, əl əməyinin yüngülləşdirilməsinə və məhsul istehsalına çəkilən xərclərin azalmasına, bazarda yerli məhsulların üstünlük təşkil etməsinə, ümumilikdə isə ərzaq təhlükəsizliyinin təmin olunmasına imkan verir.

Vətənə, xalqa böyük sevgi, yurda sarsılmaz bağlılıq

Göründüyü kimi, bu gün muxtar respublikada bütün sahələrin inkişafı diqqət mərkəzindədir. Həyata keçirilən iqtisadi islahatlar nəticəsində qısa tarixi dövr ərzində muxtar respublikada makroiqtisadi sabitlik yaranıb, iqtisadiyyat dinamik inkişaf edib və əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşıb. Muxtar respublikada görülən bütün işlər həm bu günümüz, həm də gələcəyimiz üçün çox mühüm məsələlərin həllinə geniş imkanlar açır, milli strateji inkişafımızı stimullaşdırır, müasir dünyaya inteqrasiyanı yeni mərhələyə yüksəldir. Bütün bunlar isə Vətənə, xalqa böyük sevgi, yurda sarsılmaz bağlılıqla həyata keçirilir.

Dövlətimizin başçısının dediyi kimi: “Azərbaycanın digər bölgələri də inkişaf edir. Amma sizə deyə bilərəm ki, bu baxımdan Naxçıvan Azərbaycanda liderdir və ümid edirəm ki, siz gələcəkdə də liderliyi saxlayacaqsınız. Bunu – abadlıq, quruculuq işlərini, yeni binaların yüksək zövqlə, səliqə ilə, diqqətlə tikilməsini Naxçıvana gələn hər bir vətəndaş, qonaq görür. Hiss olunur ki, bu işlər böyük məhəbbətlə görülür. Bu da əsas şərtdir. Bəzən sual verirlər ki, uğurlu siyasətin əsas səbəbi nədir? Mən hesab edirəm ki, xalqa olan məhəbbətdir. Doğma torpağa olan məhəbbətdir. Əgər bu varsa, deməli, rəhbərlikdə olan şəxslər də öz doğma xalqına ləyaqətlə, məhəbbətlə xidmət edirlər. Bu, Naxçıvanda var və məni çox sevindirir”.

Rauf Kəngərli

AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR