Ölkəmizin ötən ilin mart ayından daxil olduğu pandemiya böhranından çıxışının ləngidiyini əvvəlki yazılarda qeyd etmişdik. İyunun 1-dək uzadılan karantin rejimi hələ də bir çox sahələri buxovda saxlayır. Belə ki, ilin geridə qalan ilk 3 ayı ərzində tənəzzül dayanmayıb. ÜDM-in 1,3 faiz azalması fonunda əsas kapitala yönələn vəsaitlər 19,4 faiz enərək, qeyri-neft sektoru üzrə 32,2 faiz, sənayedə isə 1,7 faiz təşkil edib.
Doğrudur, qeyri-neft sektorunda məhsul istehsalı 2,1, onun sənaye hissəsində isə 11,9 faiz artıb, amma kapital və kredit qoyuluşunun azalması fonunda bu göstəricilər üzrə də əks dinamika müşahidə oluna bilər.
Amma Naxçıvanda yenə hər şey qaydasındadır. Ölkəmizin ümumi iqtisadi mənzərəsi fonunda həmişə ayrıca diqqət yetirdiyim muxtar respublikada iqtisadiyyat 2020-ci ildə pandemiya yağışında islanmaqdan xilas olduğu kimi, cari ilin ilk 3 ayından da üzüağ çıxıb. Yəni Naxçıvan Muxtar Respublikasında tənəzzül olmayıb və indi də yoxdur.
2021-ci ilin ilk rübü ərzində müsbət dinamika nümayiş olunub. 557 milyon 426 min 300 manatlıq ÜDM istehsal olunmaqla, müqayisəli qiymətlərlə 1 il öncəki göstəricidən 0,6 faiz çox nəticə əldə olunub. Adambaşına düşən ÜDM isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,3 faiz artaraq 1207,1 manat təşkil edib.
Ümumiyyətlə, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2021-ci ilin ilk rübü ərzində sənaye məhsulu 1 faiz, əsas kapitala yönəldilən vəsaitlər 1,1 faiz, kənd təsərrüfatı məhsulu 4,2, nəqliyyat sektorunda yük daşınması 0,8 faiz, informasiya və rabitə xidmətləri isə 9,9 faiz artım nümayiş etdirib.
Yeri gəlmişkən, keçən ilin statistikasına əsasən bu bölgəmizdə ÜDM istehsalı 2 milyard 907 milyon 810 min 500 manat təşkil etməklə 1,1 faiz artım nümayiş etdirmişdi ki, sözügedən göstəricinin adambaşına düşən həcmi isə əvvəlki ilə nisbətən 1,8 faiz artaraq 6310,4 manat olmuşdu. Sənaye məhsulu 1,4 faiz, əsas kapitala yönəldilən vəsaitlər 1,1, kənd təsərrüfatı məhsulları istehsalı 4,6, informasiya və rabitə xidmətləri 5,2, xarici ticarət dövriyyəsi isə 2,8 faiz artmışdı. Ümumən, ölkədə isə 4,3 faiz tənəzzül qeydə alınmışdı.
Muxtar respublikada qeydə alınan bütün bu uğurlu dinamikanın səbəbini əvvəlki təhlillərimdə olduğu kimi, yenə məhz özəl sektorun inkişafı, sahibkarlıq fəaliyyətinin genişlənməsinə ciddi diqqət yetirilməsi, sənaye məhsulları istehsalı sahəsində sahibkarlıq təşəbbüsləri ilə fəaliyyətlərin dəyənləndirilməsi ilə izah edir və bu siyasətin getdikcə daha da yeni keyfiyyətlər üzərinə transfer edilməsi ilə əsaslandırıram. Ona görə də Azərbaycanda qeyri-neft sektorunun inkişafı ən sürətli şəkildə məhz burada təşəkkül tapır. Ümumiyyətlə, Naxçıvanda həyata keçirilən iqtisadi siyasət rəqabətqabiliyyətli, ixracyönümlü məhsullar istehsal edən müəssisələrin təşəkkülü prosesini genişləndirməklə, sənayeləşməni sürətləndirir. Təsadüfi deyil, 2021-ci il muxtar respublikada “İxrac ili” elan olunub ki, bu özü çox mühüm strateji məqsəd daşıyır.
Bəli, Naxçıvanda iqtisadiyyat birmənalı olaraq ixrac üzərində qurulub. Ümumiyyətlə, Naxçıvanda çoxlu çeşiddə ixrac qabiliyyətli məhsullar istehsal edilir ki, 2019-cu ildə 323 milyon 309 min ABŞ dolları dəyərində məhsul ixrac olunmuş, keçən il isə bu rəqəm 428 milyon 520 min dollar təşkil edib. Cari ilin I rübündə isə muxtar respublikanın xarici ticarət dövriyyəsi 79 milyon 733 min 800 dollara bərabər olmaqla, bunun 53 milyon 851 min 900 dollarını ixrac, 25 milyon 881 min 900 dollarını isə idxal təşkil edib və beləliklə də, 27 milyon 970 min dollar dəyərində müsbət saldo yaranıb.
Sözügedən bölgədə müxtəlif tip yerli istehsal sahələri, emal müəssisələrinin yaranması zamanı bunların, əsas etibarilə, daxili sərvətlər və xammal hesabına fəaliyyət göstərərək məhz ixrac qabiliyyətli olmasına üstünlük verilir. Belə ki, yerli istehsalın ixrac imkanlarına sahib olması və bunun genişlənməsi büdcəni daha çox möhkəm və dayanıqlı gəlir mənbələri hesabına təmin etməyə imkan yaradır.
Muxtar respublikada təkcə 2021-ci ilin ilk rübü ərzində dövlət dəstəyi ilə müxtəlif iqtisadi fəaliyyət sahələrində 20 layihə üzrə istehsal və xidmət obyektləri yaradılıb, 41 layihənin gerçəkləşdirilməsi işləri isə davam etdirilib. Bunun özünün vəsait qoyuluşu demək olduğu aydındır. Yeri gəlmişkən, sənayenin inkişafı məqsədilə bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 2021-ci ilin yanvar-mart aylarında 4 milyon 700 min manat kredit verilib. Ölkə üzrə isə bu sahədə bəlli olduğu kimi, geriləmə var. Bir fakta diqqət yetirim ki, sənayedə istehsalın həcminin artması nəticəsində 2021-ci ilin yanvar-mart aylarında sırf sənaye məhsulları ixracı 41 milyon 613 min 300 dollar təşkil edib.
İqtisadiyyatın ixraca köklənməsi bütün sektorları əhatə edir. Götürək kənd təsərrüfatını... Muxtar respublikada əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında mühüm yer tutan kənd təsərrüfatının inkişafı üzrə tədbirlər də getdikcə ixrac hədəfi və prinsipləri üzərində qurulur. Buna kənd təsərrüfatının dayanıqlı inkişafının təmin olunması və istehsal olunan məhsulların ixrac potensialının artırılması ilə kənd təsərrüfatı istehsalına əsaslanan emal müəssisələrinin qurulması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2021-ci il 29 mart tarixli Sərəncamı ilə təsdiq edilən “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı”nı misal göstərmək olar. Həyata keçirilmiş tədbirlər nəticəsində 2021-ci ilin yanvar-mart aylarında 1 il öncəyə nisbətən 4,2 faiz çox, yəni 31 milyon 270 min 400 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub.
Və yaxud, adi meyvə-tərəvəz məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi, ixracyönümlü və ekoloji təmiz meyvə-tərəvəz məhsulları istehsalı sahələrinin yaradılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2021-ci il 12 mart tarixdə imzaladığı digər Sərəncamı ilə təsdiq olunan “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nı da qeyd etmək yerinə düşər.
Bütün bunlar əyani olaraq bir daha göstərir ki, iqtisadi fəaliyyət istiqamətləri üzrə Dövlət proqramları ixracyönümlü hədəf üzərində qurulur, təsbit və təsdiq olunur. Söhbət yaxşı düşünülmüş siyasətdən gedir. Ümumiyyətlə, bir çox şərhlərimdə də yazdığım kimi, iqtisadi artımın fasiləsizliyinin təmini üçün ixracın əsas hədəf təşkil etməli olduğu aksiom sayılır. Əks-təqdirdə artımda dinamik inkişaf qeyri-mümkün hesab edilir.
Odur ki, Naxçıvanın real iqtisadi kursu və durumu olduqca xoş təəssürat doğurur. Naxçıvandan ixracın ildən-ilə genişlənməsi, bütövlükdə, Azərbaycan üçün də bir örnəyə çevriləcək və çevrilməlidir də...
Onsuz da Naxçıvan ölkəmizin iqtisadiyyatı üçün də böyük rol oynayır və bundan sonra lap çox oynayacaq. Ermənistanın kapitulyasiyasına dair 10 noyabr 2020-ci il tarixdə imzalanan razılaşmanın 9-cu bəndinə əsasən bölgədəki bütün iqtisadi, nəqliyyat əlaqələri bərpa ediləndən sonra Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə qərb rayonları arasında vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkəti üçün təhlükəsizlik mexanizmi təşəkkül tapacaq ki, Zəngəzur dəhlizinin işə düşməsi ilə təkcə Azərbaycan deyil, bütün region və Cənubi Qafqaz bölgəsi iqtisadi inkişaf sarıdan böyük bir təkan əldə edəcək. Naxçıvan Türkiyə, İran, Gürcüstan və Rusiya üçün də vacib məkan olacaq.
O zaman Naxçıvanın ixrac potensialının bu gün görünməyən üzləri də, necə deyərlər, su səthinə çıxacaq.
Pərviz HEYDƏROV
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar
Elmi-Tədqiqat İnstitutunun
Makroiqtisadi Tədqiqatlar Şöbəsinin aparıcı elmi işçisi, iqtisadçı ekspert
azvision.az
27 aprel 2021-ci il