Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə dünən Naxçıvan Beynəlxalq Hava Limanında “Obyektdə baş verən yanğının söndürülməsi, bununla bağlı xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirilib.
Təlim planına uyğun olaraq, ilk növbədə, hava limanının Yanğın Təhlükəsizliyi və Qəza-Xilasetmə komandasının döyüş hazırlığının yoxlanılması məqsədilə şəxsi heyətindən “Döyüş açılışı” üzrə normativlər qəbul edilib. Sonra Yanacaq-Sürtkü Materialları anbarında şərti baş vermiş yanğının söndürülməsi üzrə yanğınsöndürmə qüvvələrinin fəaliyyətinin təşkilinə baxılıb, təlim yerində yanğından mühafizə bölmələrinin praktik fəaliyyətinə qiymət verilib. Anbarının yanğın cəhətdən təhlükəli obyekt olduğunu nəzərə alaraq şərti yanğının söndürülməsinə müasir texnikalar və 21 nəfər şəxsi heyət cəlb olunub.
Təlimdə, həmçinin hava gəmilərinin qəza enişi zamanı yanğın təhlükəsizliyi tədbirlərinin həyata keçirilməsi, xəsarət alanların çıxarılması və onlara ilk tibbi yardımın göstərilməsi praktik şəkildə həyata keçirilib.
Fövqəladə Hallar Nazirliyi və Naxçıvan Beynəlxalq Hava Limanı, ümumilikdə, 131 nəfər şəxsi heyət, 6 ədəd yanğınsöndürmə avtomobili, 6 ədəd xüsusi təyinatlı texnikasının, idarəetmə və rabitə vasitələri cəlb edilib.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin
mətbuat xidməti