22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində Naxçıvan Dövlət Texniki Kollecinin nazirliyin hamiliyinə verilmiş Rabitə qovşaqları və kommunikasiya sistemləri ixtisası üzrə təhsil alan tələbələri ilə görüş keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar naziri Vüsal Sevdimaliyev açaraq qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrası ilə bağlı tədris müddəti ərzində təhsil alan tələbələrin təcrübə keçmələri üçün zəruri işlər həyata keçirilir, onlar nazirliyin və tabeli qurumlarının fəaliyyəti ilə tanış edilir, maarifləndirici görüş və seminarlar təşkil olunur. Həmçinin nazirlik əməkdaşlarının Naxçıvan Dövlət Texniki Kollecində pedaqoji fəaliyyətlərinə şərait yaradılır, müvafiq fənlər tədris edilir. Bunlarla yanaşı, kollecin aid ixtisas üzrə məzunlarının məşğulluğu da diqqətdə saxlanılır.

Nazir vurğulayıb ki, müasir dövrdə təhsil cəmiyyətin inkişafını təmin edən aparıcı istiqamət kimi davamlı olaraq yeniləşmə, ən son texnologiyalardan istifadə yolu ilə mütərəqqi ideyaların, bilik və bacarıqların tətbiqi xarakterini alır. Müasir əmək bazarında praktik bilik və bacarıqlara yiyələnmiş kadrlara tələbat artır. Bu tələbatı ödəmək məqsədilə kadr hazırlığına diqqət artırılacaq, qarşılıqlı əməkdaşlıq imkanlarından daha səmərəli istifadə ediləcəkdir.
Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov çıxışında bildirib ki, təcrübə keçirilən müddətdə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən tələbələrin təcrübə keçməsi üçün hər cür şərait yaradılıb, tələbələr yeni nəsil telekommunikasiya sistemləri, avtomat telefon stansiyalarının iş prinsipləri və digər vasitələrlə əyani tanış olublar.
Nazirliyin Telekommunikasiya və radiotezliklərin qeydiyyatı şöbəsinin müdiri Azər Seyidov çıxışında müasir standartlara cavab verən yeni nəsil telekommunikasiya sistemləri və xüsusiyyətləri, avtomat telefon stansiyaları və onların iş prinsipləri, rəqəmli televiziya və peyk yayımı, tezlik diapazonları və zolaqları, məftilli və fiber-optik xətlərin çəkilməsi, muxtar respublikada istifadə olunan müasir internet xidmətləri haqqında məlumat verib.
Naxçıvan Dövlət Texniki Kollecinin müəllimi Qumral Əliyevanın və kollecin tələbəsi Tükəzban Mustafazadənin mövzu ilə bağlı çıxışları dinlənilib.
Tədbirdə tələbələrə müxtəlif müasir proqramlar, analoq və rəqəmsal elektronika, süni intellekt, nanotexnologiya, robotexnika, mexatronika və 5G texnologiyaları barəsində hazırlanmış slaydlar vasitəsilə ətraflı məlumat verilib, şəbəkələrin çəkilməsində istifadə olunan kabellərin RJ-45 başlıq hissəsinin birləşməsi, yeni nəsil avtomat telefon stansiyalarının iş prinsipləri ilə əyani tanışlıq olub.

Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR