Muxtar respublikamızda uğurlu sosial-iqtisadi siyasətin əsas istiqamətlərindən birini də əhalinin məşğulluğunun artırılması və rifahının daha da yüksəldilməsi, əmək bazarının tələblərinə uyğun kadr hazırlığının aparılması və özünüməşğulluq imkanlarının genişləndirilməsi təşkil edir. Bu sahədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə qəbul edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” mühüm rol oynayır.
Əhalinin məşğulluğunun artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi cari ildə də uğurla davam etdirilir. 2021-ci ilin ilk rübündə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına nəzər salsaq, görərik ki, muxtar respublikada 62 yeni iş yeri yaradılıb. Əmək bazarının tələblərinə uyğun olaraq Naxçıvan Regional Peşə Tədris Mərkəzində bərbər, dərzi, bərbər-manikürçü peşə hazırlığı, qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər ixtisasartırma kurslarına, ümumilikdə, 91 nəfər cəlb edilib. Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki peşə ixtisas təhsili müəssisələrində 755 nəfər müxtəlif peşələrə yiyələnib.
Bu gün muxtar respublikamızda aparılan kompleks quruculuq işləri insanların sosial rifah halının yaxşılaşması, yeni iş yerlərinin açılması və məşğulluğun təmin edilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Cari ilin əvvəlində əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi məqsədilə Şərur rayonunun Şəhriyar, Ordubad rayonunun Nüsnüs və Yuxarı Əndəmic kəndlərində xidmət mərkəzləri istifadəyə verilib. Həmin mərkəzlərdə xidmət sahələrinin fəaliyyəti üçün nümunəvi şərait yaradılıb. Burada bərbərxana, gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları, dərzi yeri açılıb, 6 sakin işlə təmin olunub. Mağazada ailə təsərrüfatlarında istehsal edilmiş məhsulların satışına üstünlük verilməsi isə kənd əhalisinin məşğulluğunu daha da artırıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 29 mart tarixli Fərmanı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” həm də iqtisadi sahədə səmərəli təşəbbüskarlığa yönəldilib. Bu sahədə həyata keçirilən tədbirlər, sahibkarlığın inkişafına göstərilən dövlət qayğısı məşğulluq sahəsində də səmərəliliyin artırılmasına səbəb olub. Səmərəli məşğulluq imkanlarının yaradılması əhalinin alıcılıq qabiliyyətini yüksəldib, əmtəə dövriyyəsinin həcmini genişləndirib.
Bütün bunlar onu göstərir ki, muxtar respublikamızda insanların sosial müdafiəsinin gücləndirilməsi, məşğulluğunun artırılması istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter daşıyır və uğurlu gələcəyə hesablanıb.
Güntac ŞAHMƏMMƏDLİ