Aprelin 30-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən elan olunan “Mütaliə aylığı”nın yekununa həsr olunmuş tədbir keçirilib.
Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində təşkil edilən tədbirdə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirib ki, gənc nəslin dünyagörüşünün formalaşmasında, onların bədii təxəyyülünün inkişafında, mütaliə mədəniyyətinin, oxu vərdişlərinin artırılmasında və hərtərəfli inkişaf etmiş bir vətəndaş kimi yetişməsində mütaliənin rolu müstəsna əhəmiyyətə malikdir.
Təhsil naziri diqqətə çatdırıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli “Oxunması zəruri olan kitablar haqqında” Sərəncamı da bu istiqamətdə görülən işlərin davamı olmaqla yanaşı, həm də uşaq, yeniyetmə və gənclərin Azərbaycançılıq ideologiyasına bağlı, Vətənə, xalqa sədaqət ruhunda tərbiyəsində mühüm rol oynayır.
Muxtar respublika məktəblərində yaradılan şəraitin şagirdlərin mütaliəyə cəlb edilməsinə, onlarda mütaliə mədəniyyətinin formalaşdırılmasına geniş imkanlar açdığını bildirən nazir vurğulayıb ki, tədris ili ərzində şagirdlərin elmi-kütləvi və bədii ədəbiyyat nümunələrinin oxusuna təşviq edilməsi istiqamətində davamlı tədbirlər keçirilir. Tədbirlərin əhatə dairəsinin genişləndirilməsi, şagirdlərin kütləvi olaraq mütaliəyə cəlb edilməsi baxımından 2019-cu ildən etibarən Təhsil Nazirliyi tərəfindən aprel ayı muxtar respublikanın ümumtəhsil məktəblərində “Mütaliə aylığı” elan edilir. Cari tədris ilində də bununla əlaqədar təsdiq olunan tədbirlər planına əsasən aprel ayı ərzində müxtəlif tədbirlər – kitab müzakirələri, dram, inşa, şeir, sürətli oxu müsabiqələri, konfrans, dəyirmi masa və digər tədbirlər keçirilib.
Rəhman Məmmədov təhsilə göstərdiyi diqqət və qayğıya görə bütün təhsil işçiləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığını bildirib, “Mütaliə aylığı” çərçivəsində təşkil edilən müsabiqələrin qaliblərini təbrik edib.
Tədbir bədii hissə ilə davam edib, qaliblərə diplom və kitablar verilib, “Mütaliə aylığı” çərçivəsində keçirilən tədbirlərdən ibarət videoçarxa baxış olub.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi