23 Dekabr 2024, Bazar ertəsi

Şanlı Vətən müharibəsində əldə edilən parlaq qələbə həm də hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı hesabına qazanıldı. Yüksəkliklərdə doğma Vətənimizin keşiyini çəkən oğullarımızdan biri olan Sadiq Həsənov da belə peşəkar hərbçilər sırasında idi. O, ömrünün 18 ilini dözümlülük, möhkəm iradə, xüsusi peşəkarlıq tələb edən hərbçi peşəsinə həsr etmişdi. Muxtar respublikamızda, eləcə də ölkəmizin müxtəlif bölgələrinə ezam olunmuş, harada olmasından asılı olmayaraq öz vəzifəsini ləyaqətlə, məsuliyyətlə icra etmişdir. Gəlin, əvvəlcə Sadiq Həsənovu yaxından tanıyaq. Qəhrəmanımız bir payız günü, 1986-cı il sentyabrın 24-də Naxçıvan şəhərində dünyaya göz açıb. 1992-2000-ci illərdə Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə təhsil alıb. Dərslərini yaxşı oxuyar,  hərbçi olmaq arzusu ilə yaşayardı. Elə bu məqsədinin dalınca gedir. 2000-2003-cü illərdə təhsilini Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialında davam etdirir. Burada oxuduğu müddətdə verilən tapşırıqların öhdəsindən layiqincə gəlir. Məhz bunun nəticəsi olaraq 2003-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olur. 2007-ci ildə həmin məktəbi motoatıcı ixtisası üzrə bitirir. 2007-ci ilin iyul ayından 2008-ci ilin iyun ayınadək Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində dinləyici, 2008-ci ilin iyun ayından 2015-ci ilin yanvar ayınadək müxtəlif hərbi hissələrdə motoatıcı tağım komandiri, tank əleyhinə tağım komandiri kimi çalır. 2015-ci ildən 2019-ci ilin yanvarınadək yenə də müxtəlif hərbi hissələrdə  nizami hissə rəisi – qərargah rəisinin şəxsi heyətin uçotu üzrə köməkçisi vəzifələrində çalışıb. 2019-2020-ci illərdə müxtəlif hərbi hissələrdə təlim və tərbiyəvi işlər üzrə müavin vəzifəsini icra edib...

Sadiq Həsənovun həyatı, şəxsi keyfiyyətləri haqqında daha geniş məlumat almaq üçün onun yaşadığı Naxçıvan şəhərindəki evə yollanıram. Evə daxil olanda Sadiq bizi qarşılayır gülümsəyən siması, naxçıvanlılara xas qonaqpərvərliyi ilə. Evin divarlarından asılmış fotolar sanki canlıdır, dili olsa danışacaqmış kimi baxır bizə. Evin bir küncündə “Şəhid Mayor Sadiq Həsənov” adı altında onun uzun illik  hərbçi fəaliyyətini əks etdirən, uğurlarının bir araya toplandığı guşə yaradılıb. Bu, şəhidimiz haqqında az da olsa məlumat verir. Daha sonra Sadiqin  həyat yoldaşı  Sona Fərəcova ilə həmsöhbət oluruq. Öyrənirəm ki, Sadiq Sona xanımın xalası oğlu olub. Onun dediklərindən: - 10 il tamam idi ki, ailə qurmuşduq. İki qız  övladını – 9 yaşlı Lalə və 5 yaşlı İncimizi mənə yadigar qoyub gedib. Hərbçi peşəsini sevərək seçmişdi, qürur duyurdu hərbçi olmağı ilə. Çünki bu onun uşaqlıqdan arzusu idi. Bütün həyatını bu peşəyə bağlamışdı. Onu da deyim ki, hərbçi peşəsi hər adamın seçdiyi sahə deyil. Bu sənətdə şəxsi istəklə yanaşı, cəsarət, dözümlülük lazımdır. Sadiq peşəsi ilə əlaqədar müxtəlif yerlərə ezam olunurdu. Gəncə, Naftalan, Tərtər, hələ bunlar bir neçəsi idi. Mən də onunla birgə hara gedirdi gedirdim, tək qoymazdım onu. Sonuncu xidmətdə olduğu Ordubad rayonundan mayor rütbəsi ilə Ağcabədiyə göndərildi. Bir ildən çox olardı ki, orada xidmət edirdi. Tale elə gətirdi ki, bu dəfə onunla  gedə bilmədim, pandemiya imkan vermədi. Sonuncu dəfə ötən ilin may ayında gördük bir-birimizi. Sağ-salamat qayıdıb gələcəyəm dedi. Deyirdi, balaca qızımı gəlib özüm aparacağam məktəbə. İnci (balaca qızı) də hər gün deyir ki, atam gələcək. Mən yekələndə o gələcək. Sadiqi itirməyimizin 6 ayı tamam olub. Ancaq yenə də mənə elə gəlir ki, o gülər üzü ilə indicə qapıdan içəri girəcək. Sadiq adı kimi ailəsinə, dostlarına, ən əsası isə Vətəninə sadiq adam idi. Hamıya qarşı mehriban idi. Atasını, anasını, qardaşını həddən artıq çox istəyirdi. Anası xərçəng xəstəsi idi, maaşını alar gətirib ona verərdi. Bununla da onun bira az da olsa kefinin düzələcəyini hesab edərdi. Seçilmiş insan idi Sadiq. Şəhidlərimizin hamısı seçilmişdir. Hər şeyin yerin biləniydi. İşdən yorğun gəlsə də zarafatından geri qalmaz, hamını güldürərdi.

Sona xanım hüznlə deyir ki, şəhidlik xəbəri gələnə qədər Sadiqin müharibə iştirakçısı olduğunu bilmirdik. Bizə  deməmişdi. Qardaşı bilirdi, ona söz verdiyi üçün Toğrul (qardaşı) da demədi.  Hər gün eyni vaxtda zəng edərdi. Həmişəki kimi deyib gülər, uşaqlarla danışardı. Haradasan sualını verəndə isə sözü tez dəyişərdi. Oktyabrın 18-i sonuncu dəfə  danışdıq telefonla. Müstəqillik gün idi, bizi də bu gün münasibətilə təbrik elədi. Onda eşitdim ki, əsgər yoldaşına dedi ki, mənim yerimi burdan sal. Haradasa, dağda-daşda, torpaqda yatacaqdı. Onda müharibədə iştirakı ilə bağlı şübhə yarandı məndə. Son sözü də “səbr edin, qayıdıb gələcəyəm” oldu. Qızları həddən artıq çox istəyirdi. Həmişə mənə deyərdi ki, qoyma uşaqların ürəkləri sıxılsın, nə istəyirlərsə al, ver. Allah rəhmət eləsin ona. Müharibəyə gedən ya qazi, ya şəhid, ya da qalib olur. O həm şəhid, həm də qalib oldu. Şəhidliyi ilə böyük Qələbəni qaçılmaz etdi, əbədiyyətə qovuşdu. Sadiq onu sevənlərin qəlbində daim yaşayacaq.

Qardaşı Toğrul Həsənov söhbətə qoşulur. Sadiq məndən iki yaş balaca idi.  Eyni məktəbdə oxumuşuq. Uşaq vaxtlarından böyük qardaşım kimi məni qoruyar, müdafiə edərdi. O vaxtdan bəlli idi, uzun illər sonra işğal altındakı torpaqlarımızın da müdafiəsinə qalxacağı, hamıya qismət olmayan ən ülvi adı – Şəhid adını alacağı. Ölümündən 10 gün əvvəl xəbərim oldu müharibədə olduğundan. Dedi ki, heç kəsə bildirmə mən qabağa gedirəm, uşaqlardan muğayat olarsan. Əvvəlcə Füzulidə idi, sonra Xocavənddə olub. Axırıncı dəfə oktyabr ayının 18-i danışdıq. Oktyabrın 19-u artıq ona  zəng çatmadı. Daha sonra döyüş yoldaşı zəng etdi  ki, Sadiq yaxşıdır. Amma onun səsindən hiss etdim ki, qardaşıma nə isə olub. Döyüş yoldaşları deyirlər ki, oktyabrın 19-u Qubadlının Balasoltanlı kəndinin düşməndən azad edilməsi uğrunda şiddətli döyüşlər gedir. Sadiq də orada  böyük şücaət, qəhrəmanlıq göstərib, əsgərlərini amansız düşmənin caynağından xilas edib. Hətta güclü döyüşlərin  birində minamyot düşüb yanlarına, ancaq partlamayıb. Sadiq də deyib ki, indi ölmədimsə, bundan sonra mənə heç nə olmaz. Bundan daha da cəsarətlənib düşmən üzərinə gedib. Oktyabrın 20-si  Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə cəsarətlə iştirak edib, son damla qanınadək vuruşub şəhid olub. Onun şəhid xəbərini eşidənlər bu gün də zəng edirlər. Qətərdən, Rusiyadan, Bakıdan çoxlu zənglər gəlir. Biri deyir ki, Sadiq  15 gün komandirim olub, o biri onun mərdliyindən, dözümlülüyündən danışır. Gör onlara nə qədər yaxşı olub ki, ölümündən sonra da onu axtarırlar.

Müsahibim bildirir ki, Sadiq öz peşəsinin öhdəsindən həmişə layiqincə gəlib. Dəfələrlə işində fərqləndiyinə, əldə etdiyi yüksək nailiyyətlərə görə medallarla təltif edilib. III dərəcəli “Qüsursuz xidmətə görə” medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi”, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi”,  “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalları ilə təltif edilib. Bu gün bizi təkcə işğaldan azad edilmiş torpaqlarımız ovundurur. Qardaşım Naxçıvan şəhər qəbiristanlığında dəfn edilib. Demək olar ki, hər gün gedib qəbrini ziyarət edirəm.  Sadiq bizim qəlbimizdə yaşayır, yaşayacaq, şərəfli ömür yolu ilə  daim xatırlanacaq.

Qeyd edək ki, Vətən müharibəsində vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə  Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə Sadiq Əli oğlu Həsənov ölümündən sonra “Vətən uğrunda”,  “Xocavəndin azad olunmasına görə”,  “Qubadlının azad olunmasına görə” medalları ilə də təltif edilib.

Güntac ŞAHMƏMMƏDLİ

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR