23 Dekabr 2024, Bazar ertəsi

2000-ci ildən başlayaraq Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təşəbbüsü ilə aprel ayının 26-sı dünyada “Beynəlxalq Əqli Mülkiyyət Günü” kimi qeyd edilir. Cəmiyyətin iqtisadi-mədəni inkişafının əsasında elm, elmin əsasında isə insanın yaradıcı gücü, düşüncə və təfəkkürü dayanır. Bu baxımdan biliklərin əldə olunması və onun vasitəsilə tələbatların reallaşdırılması qədər insan beyninin məhsulu olan əqli mülkiyyətin də ən üstün səviyyədə cəmiyyətin sərvətinə çevrilməsi bütün dövrlərin aktual məsələsi olub. Belə ki, əqli mülkiyyət sahibinə verilən qiymət səbəb-nəticə əlaqələri baxımından daha da dəyər qazanır və son nəticədə, bütün bəşəriyyətin rifahına xidmət edən maddi və mədəni sərvətə çevrilir.

Əqli mülkiyyətin qorunması və bunun üçün zəruri qanuni bazanın yaradılması cəmiyyətin mühüm bir sosial sifarişi olub qədim tarixə malikdir. Hələ qədim Roma dövründə yazıçı və şairlər öz əsərlərinin başqası tərəfindən özününküləşdirilməsinin qarşısını almaq üçün hüquqi yollar axtarırdılar. Şübhəsiz, bəşəriyyətin sonrakı inkişaf mərhələsində baş vermiş bütün innovativ yeniliklər, ideya, ixtira və kəşflər də yaradıcı əməyin məhsulu kimi intellekt sahibinin adına nüfuz gətirib, bir çoxları üzərindən yüzlərlə il keçsə də, hələ də xatırlanır. Elektrik lampasından tutmuş reaktiv mühərriklərə, yaxud bu gün hər kəsin yaxşı tanıdığı antibiotiklərə qədər yüzlərlə kəşf və ixtira sahibinın adı məhz bu yolla tarixə düşüb.

Əqli mülkiyyət hüququ insanın ənənəvi olaraq tanınan əmlak, yaxud əşya hüququndan heç də az əhəmiyyətli deyildir. Əgər əmlaka, yaxud qiymətli əşyalara malik olmaqla insan öz minimum yaşayış hüquqlarını reallaşdıra bilirsə, sahib olduğu əqli mülkiyyəti sayəsində isə hər bir şəxs öz ciddi kommersiya maraqlarını ödəyir, cəmiyyətdə layiq olduğu statusla tanınır. Ona görə də inkişaf edən hər bir ölkədə əqli mülkiyyət məsələləri dövlət siyasəti kimi müəyyənləşdirilir və qanuni yollarla onun tənzimlənməsi həyata keçirilir.
Azərbaycan Respublikasının dövlət müstəqilliyi dövründə əqli mülkiyyətlə bağlı münasibətlərin tənzimlənməsi istiqamətində mühüm işlər görülmüş, əqli mülkiyyətin qorunması və inkişafına diqqət artırılmış, bu sahədə zəngin qanunvericilik bazası yaradılmışdır. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə 1996-cı ildə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, 1997-ci ildə “Patent haqqında”, 1998-ci ildə “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olunmuş, ölkəmiz 1995-ci ildə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təsis etdiyi Konvensiyaya və Avrasiya Patent Konvensiyasına qoşulmuş, Avropa Patent Təşkilatı ilə əməkdaşlıq əlaqələri qurmuşdur. Yaradılmış möhkəm qanunvericilik bazası və əldə olunmuş təcrübə dinamik inkişaf edən Azərbaycan cəmiyyətində güclü insan kapitalına söykənən innovativ iqtisadiyyatın bərqərar edilməsi üçün etibarlı zəmin formalaşdırmışdır.
Bu gün ümummilli liderimizin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qeyri-neft sektorunun inkişafına yönəldilən məqsədyönlü iqtisadi siyasət təcrübələrə və insan kapitalına hesablanan innovativ iqtisadiyyatın inkişafına xidmət etməkdədir. Cəmiyyətimizdə əqli mülkiyyətə iqtisadi faktor kimi artan maraq da bütün bunların əyani sübutudur. Sürətlə dəyişən dünyada Azərbaycan getdikcə öz mövqelərini möhkəmləndirir və layiqli yerini tutur. “Davamlı inkişafın Azərbaycan modeli” bir sıra vacib amilləri, o cümlədən biliklərə əsaslanan tərəqqini, informasiya-kommunikasiya texnologiyaları və əqli mülkiyyətin prioritetliyini özündə cəmləşdirir. “İndi dünyada inkişaf təbii sərvət üzərində deyil, bilik, müasir texnologiya üzərində qurulur. Bu səbəbdən biz təbii sərvətlərin insan kapitalına çevrilməsinə çalışırıq”, – deyən ölkə Prezidenti cənab İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilən milli iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində əqli mülkiyyətin, kreativ sənayenin inkişaf etdirilməsi kimi məsələlər də öz əksini tapıb. Azərbaycan yeraltı və yerüstü təbii sərvətlərlə zəngin olsa da, XXI əsri xammal ixracından hazır məhsul ixracına keçid üçün həlledici dövr kimi qiymətləndirən dövlət başçısı qəbul etdiyi mühüm dövlət sənədlərində əqli mülkiyyətin, innovativ sənayenin inkişaf etdirilməsi kimi məsələləri də həmişə ön plana çəkmişdir.
İxtiralar, faydalı modellər, sənaye nümunələri, əmtəə nişanları və coğrafi göstəricilər ölkəmizdə beynəlxalq təcrübəyə uyğunlaşdırılmış normativ-hüquqi aktlarla tənzimlənməkdədir. 2012-ci ildə “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun qəbul olunması bu sahədə həyata keçirilən tədbirlərin əhatə dairəsini daha da genişləndirmişdir. Ölkəmiz əqli mülkiyyət hüquqlarının qorunması sahəsində beynəlxalq sistemə uğurla inteqrasiya olunmuş, yaradıcı fəaliyyətin nəticələrinin hüquqi mühafizəsinə əlverişli zəmin yaradılmışdır.
Naxçıvan Muxtar Respublikasında da əqli mülkiyyət hüquqlarının qorunmasına ciddi diqqət yetirilir. Xüsusən son dövrlərdə muxtar respublikada innovativ iqtisadiyyata keçid istiqamətində qəbul olunmuş mühüm dövlət qərarları, startap layihələrindən tutmuş Naxçıvan Dövlət Universitetində Texnopark yaradılması üçün verilən qəraradək keçilən mərhələdə intellektual kapitalın nə qədər əhəmiyyətli olduğunu görməkdəyik.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə 2020-2021-ci tədris ilindən muxtar respublikada STEAM layihəsinin tətbiqinə başlanılması da bu sahədə həyata keçirilən işlərin məntiqi davamıdır. Artıq Heydər Əliyev adına tam orta məktəbdə STEAM Tədris Mərkəzi yaradılmış, 20-dək ali və tam orta məktəbdə, lisey və məktəbdənkənar təhsil müəssisələrində STEAM kabinələri qurulmuş, 40-dək ümumtəhsil məktəbində isə bu iş davam etdirilir. STEAM kabinələrinin lazımi avadanlıqlarla təchiz olunması, həmçinin təlimə aid metodik vəsaitlərin, eləcə də VI və VII sinif dərslik və proqramların çap olunaraq istifadəyə verilməsi uşaq, yeniyetmə və gənclərdə XXI əsr bacarıqlarını, kreativlik, tənqidi düşüncə, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə edə bilmə qabiliyyətlərini inkişaf etdirir, yaxın gələcəkdə yeni ixtiraların təməlini qoyur, müasir dövrdə yeni əqli mülkiyyətin formalaşmasına şərait yaradır.
Dövlətin bu sahənin inkişafına göstərdiyi yüksək diqqət əqli mülkiyyətin qorunması sisteminin səmərəli formalaşdırılması üçün də ciddi əsaslar yaratmışdır. Muxtar respublika iqtisadiyyatında intellektual kapitaldan aktiv istifadənin və texnoloji inkişafın davamlı olaraq stimullaşdırılması hazırda həyata keçirilən sosial-iqtisadi inkişafın prioritet istiqaməti kimi diqqət mərkəzində saxlanılmaqdadır.
Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qarşısında muxtar respublikada innovasiyalı inkişafla bağlı yürüdülən iqtisadi siyasəti dəstəkləyən xidmətlərin göstərilməsi, əqli mülkiyyətin mühafizəsinin formalaşdırılması və müasir dövrün tələblərinə uyğunlaşdırılaraq sənayedə tətbiqinin dəstəklənməsi kimi mühüm funksional vəzifələr dayanır. Xidmət sənaye mülkiyyəti obyektlərinin mühafizəsi üçün əqli mülkiyyətin qorunması sahəsində mütəmadi tədbirlər həyata keçirir, muxtar respublikada patent sahəsinin inkişafını diqqət mərkəzində saxlayır. Yeni texnologiyaların iqtsadiyyata tətbiqini dəstəkləmək, bu istiqamətdə əqli mülkiyyətin rolunu artırmaq və innovasiyaların reallaşdırılmasına töhfə vermək əsas hədəflərdəndir. Xidmət tərəfindən patent sistemi vasitəsilə sənaye mülkiyyəti obyektlərinə dair iddia sənədlərinin qəbulu və ekspertizası həyata keçirilir, dövlət reyestri aparılır, bu sahədə hüquqların qorunması və beynəlxalq sistemlərə inteqrasiya təmin olunur.
Fəaliyyəti dövründə Patent şöbəsinə ixtira, sənaye nümunəsi, faydalı model, əmtəə nişanı və coğrafi göstəricilər üzrə 2192 müraciət daxil olmuş və müvafiq prosedurlara uyğun olaraq dövlət ekspertizası aparılmışdır. Bu dövr ərzində iddiaçılara, ümumilikdə, 1237 mühafizə sənədi verilmişdir. Əqli mülkiyyət hüquqlarının qorunmasına, bu sahədə maarifləndirmə işlərinin genişləndirilməsinə və əqli yaradıcılıq nəticələrindən qeyri-qanuni istifadənin qarşısının alınmasına xüsusi diqqət yetirilir.
Muxtar respublikada əqli mülkiyyətin inkişaf etdirilməsi, ixtiraların istehsalatda tətbiqi və patentlərin beynəlxalq mühafizəsi işi bundan sonra da üstün istiqamət kimi davam etdiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR