Azərbaycan Respublikasının “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanununa əsasən çağırışaqədər yaş həddində olan vətəndaşlar ilkin hərbi qeydiyyata alınırlar. Qanunun 6-cı maddəsinə uyğun olaraq Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində müddətli həqiqi hərbi xidmətə çağırışın təmin edilməsi məqsədi ilə 15 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarının yaşayış və ya olduğu yer üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə və şöbələrində ilkin hərbi qeydiyyata alınması prosesinə başlanılıb.
Naxçıvan Muxtar Respublikası, şəhər və rayonlarda daimi və müvəqqəti yaşayan bütün çağırışaqədər yaş həddində olan vətəndaşların (məhkəmə hökmü əsasında cəza çəkən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) ilkin hərbi qeydiyyata alınmaq üçün Xidmətin yerli idarə və şöbələrinə müraciət etmələri tələb olunur.
Qeyd edək ki, İnzibatı Xətalar Məcəlləsinin 604-cü (İlkin hərbi qeydiyyata alınmaqdan boyun qaçırma) maddəsinə əsasən ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar qeydiyyata alınmaq üçün fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə üzrlü səbəblər olmadan müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə görə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyət daşıyır.
Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş hərbi uçot qaydalarını pozmasına, habelə çağırış üzrə hərbi komissarlığa üzrlü səbəblər olmadan gəlməməsinə və ya hərbi uçotda durduğu uçot orqanına yaşayış yerinin ünvanının, təhsilinin, iş yerinin və vəzifəsinin dəyişməsi haqqında məlumatları vaxtında bildirməməsinə görə ‐xəbərdarlıq edilir və ya on beş manatdan iyirmi manatadək miqdarda cərimə edilir. Vətəndaşların ilkin hərbi qeydiyyata alınması “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə və şöbələrində çağırışaqədər yaş həddində olan vətəndaşların ilkin hərbi qeydiyyata alınması aşağıdakı məqsədlərlə həyata keçirilir:
-Çağırışaqədər yaş həddində olan vətəndaşların hərbi qeydiyyata alınması;
-Çağırışçıların sayının müəyyən edilməsi;
-Çağırışçıların həqiqi hərbi xidmətə yararlılıq dərəcəsinin müəyyən edilməsi;
-Çağırışaqədər yaş həddində olan vətəndaşların təhsil, ixtisas (peşə) və fiziki hazırlıq səviyyəsinin müəyyən edilməsi.
Vətəndaşlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə və şöbələrində ilkin hərbi qeydiyyata alınarkən onların hərbi xidmətə yararlılığını müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada həkim mütəxəssislər tərəfindən hökmən tibbi müayinə, habelə hərbi xidmət müddətində onlardan daha məqsədəuyğun istifadə edilməsini müəyyənləşdirmək üçün psixoloji müayinə edilməli, müvəqqəti yararsız hesab edilən şəxslər isə Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına dövlət tibb müəssisələrində mütləq qaydada müalicəyə göndərilməlidirlər. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə və şöbələrində ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar qeydiyyata alınmaq üçün Xidmətin yerli idarə və şöbələrinin fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə Xidmətin yerli idarə və şöbələrinə gəlməli və aşağıdakı sənədləri təqdim etməlidirlər:
- doğum haqqında şəhadətnamənin surəti;
- ailə tərkibi haqqında arayış;
- təhsil haqqında sənəd (təhsil müəssisəsini bitirənlər üçün);
- təhsil (təhsil müəssisəsini bitirməyənlər üçün) və ya iş yerindən arayış;
- tərcümeyi-hal;
- 6 ədəd 3x4 sm. ölçüdə fotoşəkil.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə və şöbələrində ilkin hərbi qeydiyyata alınmış vətəndaşlara ilkin hərbi qeydiyyata alma komissiyasının qərarı elan edilir, onların hüquq və vəzifələri, ilkin hərbi qeydiyyatın qaydaları, hərbi xidmətə hazırlığın keçilməsi qaydası izah olunur və forması Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən olunmuş ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə verilir.
Şükufə HƏSƏNOVA
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin
mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi