Naxçıvan Şəhər Nəqliyyat İdarəsində şəhərdaxili, şəhərlərarası, rayonlararası nəqliyyatda taksi ilə sərnişindaşıma xidməti göstərən sürücülərlə “İctimai nəqliyyat vasitələrində təhlükəsizliyin təmin edilməsi” mövzusunda seminar-müşavirə keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin sektor müdiri Natiq Həsənov çıxış edərək bildirib ki, “Naxçıvan Muxtar Respublikasında avtomobil nəqliyyatı ilə sərnişindaşımalarını yerinə yetirən sürücülərin intizam Qaydaları”nın tətbiqi mütəmadi olaraq nəzarətdə saxlanılır, şəhərlərarası, şəhərdaxili marşrut və taksi sürücüləri vaxtaşırı təlimatlandırılır, təhlükəsizlik cihazlarından istifadə qaydaları onların nəzərinə çatdırılır.
Sonra xidmətin sektor müdiri Zaur Əliyev sürücülərin avtomobil nəqliyyatı ilə sərnişindaşıma sahəsində lisenziyanın verilməsi ilə bağlı məlumatlandıraraq bildirib ki, Ali Məclis Sədrinin 2018-ci il 22 oktyabr tarixli Fərmanına əsasən Dövlət Nəqliyyat Xidməti tərəfindən 2018-ci il noyabr ayının 1-dən etibarən avtomobil nəqliyyatı ilə sərnişin daşınması fəaliyyətinə lisenziyanın verilməsinə başlanılıb. Ötən müddət ərzində muxtar respublikada sərnişindaşıma fəaliyyəti göstərən sürücülərlə lisenziyanın şərtləri və alınması üçün lazım olan sənədlər barəsində maarifləndirici söhbətlər aparılıb, lazımi köməklik göstərilib.
Qeyd olunub ki, lisenziyanın qüvvədəolma müddəti 1 ildir, lisenziya əsasında sərnişindaşımanı həyata keçirən nəqliyyat vasitələri lisenziya kartı ilə təmin edilir, sahibkarlara lisenziyalarla yanaşı, lisenziyaya əlavə də verilir ki, bu əlavədə lisenziya sahibinin vəzifələri və məsuliyyəti göstərilir.
Sonda suallar cavablandırılıb.
Xəbərlər şöbəsi