Şəhid məzarları önündə dayanmışam. Ruhumdan ucalan səda artıq qulaqlarımı batırırdı. Müqəddəs torpağın, müqəddəs daşlarını gəzirəm... Donuq baxışlarım, boğazımda düyünlənib qalan səsim və bir ananın oğlunun məzarı üstündəki cavabsız danışıqlarını izləyirəm. Ürək dözmürdü ananın bu söhbətinə. Göz yaşlarıma hakim ola bilmirdim. Gördüyüm səhnənin tək təsəllisi oğlunu ömürlük itirmiş ananın mərd, hünər dolu baxışları ilə dayanması idi. Anaya yaxınlaşdım, ağ saçlarına tumar çəkdim, qəhrəman şəhidlərin, qəhrəman anaları da elə sizin kimi olar dedim. Sizin oğlunuz, bizimsə qardaşlarımız olan məzarlıqda yatan şəhidlər ən uca zirvədə dayanıblar. Vətən, xalq sevgisi idi onlara cəsarət verən, daha möhkəm edən. Məhz bu cəsarətdən qüvvət alaraq hər şeydən yaxşı Vətən deyib irəli getdilər... Bu ölüm adi ölüm olsaydı bir ana üçün çox çətin və əzablı olardı bunu bilirəm. O ana ki, min bir əziyyətlə böyütdüyü oğluna nə arzular bəsləmişdi, toyunu görməyi xəyal edirdi. Lakin şəhid anası adını daşıdığı üçün daha vüqarlı, daha əzimlidir.Göynəyən sinəsində dağ vüqarı daşıyan ana göz yaşlarını gizlədərək dedi: - Övladımdan ayrı qalsam da fəxarət hissi məni bürüyüb, bilirsinizmi niyə? Çünki oğlum torpaq üstündə şəhid olub. Onun adı ölümsüzlər adı ilə səslənir. Oğlum məni ən yüksək ad olan şəhid anası adına layiq görüb. Təki Vətən sağ olsun. İllərdir qanayan yaralarımız sağalıb igid oğullarımız sayəsində. Mənim oğlum kimi bütün şəhidlərimiz də bizlərin qürur mənbəyi, fəxrimiz, gələcək nəslimizin örnəkçiləridir.
Şəhid qardaşlarımın məzarlarını gəzərkən sordum ki, şəhidim çoxmu gözəldir yerin, darıxırsanmı sevdiklərindən ötrü?Əlbət darıxıram anam üçün, darıxıram atam üçün, darıxıram balaca körpəmə sarılmaqdan ötrü. Tək darıxan biz deyilik axı... Düz 30 ildir torpaqlarımız da darıxırdı anamız Vətəndən ötrü.Axı biz məlhəm olmalıydıq. Və olduq. Canımızdan keçərək əbədi-əzəli torpaqlarımızı sevdiklərinə qovuşdurduq. Yurd-yuvalarından didərgin düşmüş vətəndaşlarımızı doğma el-obalarına qaytardıq.
Şəhidlərim bilirsinizmi sizləri qarşılamağa kimlər gəlmişdi? Naxçıvan camaatı çıxmışdı yollara. Sizləri qarşılamağa gələnlərin hər birinin gözündə bir təlatüm, bir izdiham, göynəyən yaraların şahidi oldum. Elə doğma torpağınıza tapşırılan gün ruhunuz rahatlığına qovuşdu. Sizlər torpağa deyil, ürəklərə gömüldünüz əzizlərim. Şəhid dərdi ürəklərdən su içir deyiblər. Bəli, insanın qəlbindən su içən heç bir zaman unudula bilməz. Sizlər can verdiniz ki, bizlər rahat yaşayaq, heç haqqınızı danmaq olarmı şəhidim?Şəhidim hər kəs bir ömrün sahibidir. İstər az, istər çox yaşa, yenə zaman gəlir yetişir, hər bir insanın dünyadan köçüb getmək məqamı çatır. Lakin sizlər kimi əbədiyyət zirvəsində dayanıb, hünər və qeyrət zirvəsinə yüksəlmək hər kəsə nəsib olmur. Bu zirvəyə çatmaq ancaq Vətən uğrunda canını fəda edənlərə nəsib olur. Qardaşlarım sizlərin hünəri şərafət, ömrü isə Vətənin yeni adı olaraq yazıldı. Sizlər bizim qürur mənbəyimiz, böyüyən gəncliyimizin isə örnəyi oldunuz. Qarabağımızın azadlığını yazanlardan, qaranlıq sabahımızdan işıqlı sabahımıza nur gətirənlərdən oldunuz. Məzarlıqda başınızın üstündə dalğalanan üçrəngli bayrağımızın qırmızısında bütün şəhidlərimiz kimi sizlərin də qanınızın rəngi var. Daha sizlərə nələrdən danışım şəhidlərim? Sizlərin canı bahasına geri aldığınız Şuşa torpağında bu il daha fərqli açıb Xarı bülbül. Düşmən əsarətindən qurtulan Xarı bülbülüm sizlərin igidliyinizdən, qəhrəmanlığınızdan doyunca danışır. Uca dağları, daşları keçərək böyük çətinliklərlə də olsa onu azad etməyinizdən danışır. Sizlərdən, qoyub getdiyiniz tarixi qələbədən hələ çox danışılacaq.
Şəhidlər ölməz, Vətən bölünməz şüarı ilə məzarlıqdan ayrıldım. Məzarlıqdan evə döndükdə elə bildim nə qədər ucadan səslənsəm səsim hər yana çatacaq, şəhid anaları eşidəcək, Qarabağ da duyacaq həmin hayqırtımı. Əziz qardaşlarımız sizlər qəlbimizdə əbədi yer saldınız. Haqq bayrağını qaldıranlardan, düşmənin qara bağrını öz şücaəti və hünərləri ilə məhv edənlərdən oldunuz. Nə qədər zaman keçər keçsin gələcək nəsillər qəhrəmanlıq tarixini yazmış oğullarımızı minnətdarlıqla yad edəcəklər. Qəhrəmanlıqla vuruşan, xalqımızın azadlığını hər şeydən uca tutan, bu yolda həyatını qurban verərək ən uca zirvəyə-şəhidlik məqamına ucalanların xatirəsini anmağa borcluyuq.
Rəsul Rza nə gözəl deyib:
“Mübarizə bu gün də var, yarın da.
Mən də onun ən ön sıralarında”
Şəhadət ən böyük eşq, şəhid ən böyük aşiqdir.
Nuray ƏSGƏROVA