22 Dekabr 2024, Bazar

Muxtar respublikamızda son illər artan istehsal müəssisələri sırasında maşınqayırma sənayesi ilə məşğul olan Naxçıvan Avtomobil Zavodu əhəmiyyətli yerlərdən birini tutur. Burada Almaniya, Belçika və İtaliyadan gətirilmiş müasir texnoloji avadanlıqlar quraşdırılıb. İstehsal üçün zəruri şərait yaradılıb, müəssisəyə təcrübəli mütəxəssislər cəlb olunub. Həm mexaniki, həm də sürət qutusu ilə işləyən müxtəlif avtomobillər istehsal edilən zavodun baş mühəndisi Rəhim İsmayılovla  söhbət zamanı öyrəndik ki, müəssisənin Naxçıvan və Bakı şəhərində satış mərkəzləri, texniki xidmət şöbələri və avtomobillərin ehtiyat hissələrinin satış mağazaları, həmçinin Şərur və Culfa rayonlarında servis mərkəzləri fəaliyyət göstərir. 

Məlumat üçün bildirək ki, müəssisənin əsası 2006-cı ildə qoyulub, 2010-cu ildə istismara verilib. İstehsal prosesində keyfiyyəti əsas götürən zavod 2019-cu ildən “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının tərkibinə daxil olunub.

İstehsal sahəsi, satış salonu, anbar və inzibati binadan ibarət olan 2472 kvadratmetrlik obyektdə “Lifan 320”, “Lifan 520”, “Lifan 620”, “Lifan X 60”, ümumilikdə, 18 modeldə “NAZ-Lifan” avtomobillərinin istehsalı və satışı həyata keçirilir. Zavodun ümumi istehsal gücü ildə beş min avtomobildir. Hər il zavodda 1000-dən çox avtomobilin satışı həyata keçirilir.
2020-ci ildən zavodda “L7” markalı ailə avtomobillərinin və “FAV” markalı avtomobillərin istehsalına başlanılmışdır. “L7” markalı avtomobillər mərkəzi qapama sistemi, pəncərələrin avtomatik qalxması və beşpilləli mexaniki sürətlər qutusu ilə təchiz edilir.

İstehsal prosesinə əsasən görülən iş başa çatdıqdan sonra keyfiyyət üzrə mühəndis tərəfindən yoxlanılaraq növbəti sexə təhvil verilir.
Zavod 10 sexdən ibarətdir. İlk öncə çərçivə sexində avtomobilin əsas çərçivə hissəsi hazırlanır. Bu sexdə xüsusi panellər yerləşdirilib. Çərçivənin yığılması üçün qaynaqçı briqadası fəaliyyət göstərir. Bir qaynaqçı ön hissəni qaynaq edərkən başqa bir qaynaqçı digər hissələri hazırlayır. Daha sonra robotlar tərəfindən avtomobilin orta hissəsi quraşdırılır, bununla da avtomobilin əsas çərçivə hissəsinin hazırlanması başa çatır. Daha sonra hazır olan çərçivəyə avtomobilin hissələri quraşdırılır. Birinci sexdə elektrik naqilləri robotlar vasitəsilə yığılıb yoxlanılır. Zavodda hissələrin yığılması həm əl, həm də xüsusi robotlar vasitəsilə aparılır. İkinci sexdə robotlar tərəfindən avtomobilin havalandırma sistemi quraşdırılır. Havalandırma sisteminin bütün detalları yığıldıqdan sonra mühəndis tərəfindən yoxlanılır və növbəti sexə təhvil verilir. Digər sexdə robotlar tərəfindən avtomobilin təhlükəsizlik sistemləri, ustalar tərəfindən isə qapı tutacaqları bərkidilir. Növbəti sexdə avtomobilin əsasını təşkil edən ABC sistemi robotlar tərəfindən quraşdırılır. Bununla yanaşı, avtomobilin kondisioner boruları, yan şüşələr və şüşə qaldıracaqları ustalar tərəfindən hissə-hissə yığılır. Beşinci sexdə avtomobilin maqnitofonları və havalandırma sistemini hərəkətə gətirən mexanizm və elektrik naqilləri öz yerlərinə qoyulur. Altıncı sexdə avtomobilin arxa hissələri – arxa buferlər xüsusi qurğular tərəfindən yerləşdirilir və qaynaqçılar tərəfindən həmin hissəyə bərkidilir. Növbəti sexdə əsas hissə sayılan mühərrikin qoyulması işi aparılır. Bu proses də robotlar tərəfindən həyata keçirilir. Digər detalların yoxlanması və quraşdırılması isə ustaların üzərinə düşür. Səkkizinci sexdə robotlar növbə ilə avtomobilin ön və arxa şüşələrini yerləşdirir. Bu iş başa çatıb yoxlanıldıqdan sonra doqquzuncu sexdə qapı içlikləri və oturacaqlar yerləşdirilir. Sonra onlara üzlüklər çəkilir. Avtomobil üçün xüsusi seçilmiş üzlüklər ustalar tərəfindən üzlənir və artıq qalan hissələr kəsilib götürülür. Onuncu sexdə ustalar tərəfindən avtomobilin bütün konstruksiyaları və akkumulyator yerləşdirilir. Sexlərdəki yığım işləri bitdikdən sonra isə mühəndis tərəfindən yoxlanılır və xüsusi sınaqdan keçirilərək satışa hazır vəziyyətə gətirilir. Onu da öyrəndik ki, zavodda çalışanların texniki təhlükəsizlik qaydalarına əməl etmələri diqqət mərkəzində saxlanılır.

Bu gün “Lifan” markalı avtomobillərə böyük maraq göstərilir. İstehsal müəssisəsi bir sıra Avropa dövlətləri ilə əməkdaşlıq edir, müqavilələr əsasında avtomobillərin xaricdə təqdimatı keçirilir. Həmçinin zavoda xaricdən gələn nümayəndələr tərəfindən burada xüsusi treninqlər təşkil olunur. Onu da deyək ki, avtomobil almaq üçün müraciət edən müştərilərə müxtəlif güzəştli kredit tarifləri tətbiq edilir. Hazırda müştərilər 25 faiz ilkin ödəniş və 48 aylıq kredit müddəti ilə istədikləri avtomobili əldə edə bilərlər.
Zavoddan çıxarkən müəssisənin istehsalı olan taksidən istifadə etmək qərarına gəldim. Taksi sürücüsü Famil Niyazov bildirdi ki, 10 ilə yaxındır, adıçəkilən zavodun istehsalı olan avtomobildən istifadə edir. O bu müəssisənin istehsal etdiyi avtomobillərin yüksək keyfiyyətə malik olduğunu diqqətimə çatdırdı. Bəli, Naxçıvan Avtomobil Zavodunun avtomobilləri yüksək keyfiyyəti ilə seçilir. Təsadüfi deyil ki, dövlətimiz tərəfindən müharibə veteranlarına da həmin avtomobillərdən hədiyyə edilir. İnanırıq ki, müəssisənin məhsulları bundan sonra da böyük istehlakçı kütləsinin marağında olacaq.

 Məcid RƏŞADƏTOĞLU

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR