22 Dekabr 2024, Bazar

İstehsal və xidmət sferasının bütün sahələrində müasir keyfiyyət standartlarının tətbiqinə nail olmaq muxtar respublikada həyata keçirilən sosial-iqtisadi inkişaf siyasətinin mühüm tərkib hissəsidir. Bu çərçivədə əhalinin sağlamlığının və alıcılıq qabiliyyətinin qorunub saxlanılması, keyfiyyətli yerli məhsulların istehsalının təşviqi Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qarşısına qoyulmuş mühüm  vəzifələrdəndir.

Ötən ay, ümumilikdə, məhsul nümunələrinin 85, o cümlədən qida məhsullarının 84 halda keyfiyyət göstəriciləri üzrə laboratoriya sınağı aparılmış və bu istiqamətdə ciddi nöqsanlar aşkar edilməmişdir.

Yüksəkkeyfiyyətli bal və digər arıçılıq məhsulları gəlirliliyinə və faydalılığına görə aqrar sahədə mühüm yer tutur. Naxçıvanda bu sahənin davamlı inkişafı məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası istiqamətində Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Baş Sığorta Agentliyinin və Dövlət Baytarlıq Xidmətinin nümayəndələri ilə birlikdə Babək şəhərində arıçılıq məhsulları istehsalçıları ilə maarifləndirmə xarakterli görüş keçirilmiş, iştirakçılara müvafiq standart üzrə bal məhsulunun tərkibində saxarozanın və nəmliyin yolverilən həddinə dair məlumatlar çatdırılmışdır.
Muxtar respublikada kənd təsərrüfatının digər sahələri kimi, meyvəçiliyin və tərəvəzçiliyin də inkişafına dövlət dəstəyi göstərilməkdədir. Mart ayında meyvə-tərəvəz məhsullarının 30 halda keyfiyyət göstəriciləri üzrə laboratoriya sınağı aparılmış, nəticələrin texniki normativ-hüquqi aktların və standartların tələblərinə uyğun olduğu müəyyən edilmişdir.
Muxtar respublika iqtisadiyyatında ailə təsərrüfatı modelinin dəstəklənməsi işi davam etdirilir. Bu məqsədlə ötən ay Ordubad rayonunun Dəstə kəndində Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, AMEA Naxçıvan Bölməsinin əməkdaşları ilə birlikdə ailə təsərrüfatları üçün seminar-müşavirə keçirilmiş, “Naxçıvan qovurması”nın istehsalının genişləndirilməsi, kiçikhəcmli taralarda qablaşdırılması və ixracının dəstəklənməsi, meyvə və tərəvəzlərin, bostan məhsullarının qurudulması, qablaşdırılması, etiketlənməsi ilə bağlı 20 ailə təsərrüfatına maarifləndirici bukletlər və “Naxçıvan qovurması” əmtəə nişanlı etiketlər təqdim olunmuşdur. Ay ərzində muxtar respublika üzrə 10 ailə təsərrüfatına istehsal etdiyi məhsulların etiketlərində məhsulun adının və digər məlumatların orfoqrafik qaydalara uyğun yazılmasını, saxlanma şəraitinin və yararlılıq müddətinin qüvvədə olan standartların tələblərinə uyğun göstərilməsini təmin etmək məqsədilə metodik köməklik göstərilmişdir. Ailə təsərrüfatı məhsullarının keyfiyyətinə nəzarətin aparılması üçün məhsullardan 43 halda nümunələr laboratoriyaya təqdim olunmuş, sınaqların nəticələrinin texniki normativ-hüquqi aktların və standartın tələblərinə uyğun olduğu müəyyən edilmişdir.
Alkoqollu içkilər istehsal edən 3 müəssisədə istehsal olunan arağın 3, pivənin 1 halda laboratoriya analizləri aparılaraq keyfiyyət göstəricilərinin texniki normativ-hüquqi aktların və standartların tələblərinə uyğun olduğu müəyyən edilmişdir. Həmçinin mart ayında təsərrüfat subyektlərinə 19 sertifikat, lisenziya alınması üçün 13 təsdiqedici sənəd verilmişdir.
Xarici bazarlara çıxış imkanlarının artırılması məqsədilə ötən ay da muxtar respublikadan kənara məhsulların göndərilməsi və satışı üzrə fəaliyyət çərçivəsində sahibkarlıq subyektlərinin və ailə təsərrüfatlarının iqtisadi aktivliyi ardıcıl qaydada dəstəklənmiş, Bakı və Gəncə şəhərlərində fəaliyyət göstərən “Naxçıvan məhsulları” mağazalar şəbəkəsinə tələbata uyğun olaraq məhsulların davamlı qaydada göndərilməsi təmin olunmuşdur.
Verilmiş tapşırıqların və qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində tədbirlər davam etdirilir.

Naxçıvan Muxtar Respublikası
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR